Yeni nazirliyə köhnə suallar...

Yeni nazirliyə köhnə suallar...
 

(REAL TV-yə ETN-nin silsilə müsahibələrindən yaranan suallar)

Dos. İlham Əhmədov
Sovet dönəmindən fərqli olaraq, son 30 ildə ölkədə təhsil sahəsində aparılan islahatlar səmərəsiz və uğursuz olmuşdur. Əsas səbəblər islahatların elmi bazasının, maliyyələşmənin, kadr təminatının, islahat komandalarının zəif olmasıdır. Bu problemləri həll etmək üçün onları görmək, etiraf etmək, həllinə cəhd etmək zəruridir. Bu işdə təhsili bilənlərlə məsləhətləşmək də pis olmazdı.
Biliyə əsaslanan cəmiyyətlərdə bütün fəaliyyətlər, xüsusən də təhsil elmi əsaslarla inkişaf etməli, idarə edilməlidir. Nəzərə alaq ki, ETN adında "elm" sözü olan yeganə nazirlikdir ölkədə.
ETN-nin fəaliyyət istiqamətlərini, fəaliyyətin yol xəritəsini düz təyin etmək üçün bu sıra sadə suallara cavab verilməlidir:
1. Yeni formalaşan ETN görəsən TN-dən fərqli olaraq təhsili məzmun, idarəetmə və texnoloji baxımından elmi əsaslarla inkişaf etdirmək istəyirmi, necə edəcək bunu?
2. Fəaliyyətini elmi əsaslarla qurmaq üçün ETN nə etməlidir? ETN-də bu barədə nəsə düşünənlər varmı ? Görünən budur ki, hələ bu haqda düşünən və ciddi müzakirə aparanlar yoxdur.
3. Tərkibində 30-40 elmi tədqiqat institutu olan ETN-nin təhsil islahatlarını layihələndirən, icra edən, monitorinqini aparan elmi tədqiqat institutları, "BEYİN MƏRKƏZ"ləri yaradılacaqmı? ARTİ-nin əsl missiyası özünə qaytarılacaqmı, yoxsa ölkədəki çoxsaylı təlim mərkəzlərindən biri kimi yenə öz işlərinə davam edəcək ?
4. ETN universitetlərin problemləri ilə də maraqlanacaqmı, yoxsa maarif nazirliyi kimi işləyəcək yenə? ATM-də geriliyimiz daha çoxdur, nəinki ümumtəhsil məktəblərində.
5. Təhsilimiz nə vaxtsa rəqabət qabiliyyətli olacaqmı, hansı addlmların nəticəsində? Qlobal səviyyədə demirəm, heç olmasa regional səviyyədə təhsilimiz fərqlənəcəkmi?
6. 25 ildən sonra bu ölkədə distant təhsil sistemi yaranacaqmı, hətta Monqolustanda belə olan bu müasir təhsil texnologiyası bizim gənclərə əlçatan olmayacaq yenə də?
7. Son illərin nənələrinə sadiq qalaraq səriştəsiz və savadsız kadrların təhsildə mühüm postlara yerləşdirilməsi prosesi yenə də davam edəcəkmi, yoxsa bu yolun təhsilə, millətə və dövlətə xəyanət olduğu artıq dərk edilibmi? Bilin ki, belə kadrlar kvadratın perimetrini hesablaya bilməyən ibtidai sinif müəllimlərindən dəfələrlə təhlükəlidir. Bir ibtidai sinif müəllimi 20 şagirdi savadsız edirsə, təhsildə yerində olmayan rəhbər kadrlar bütün regionun, ölkənin gənclərini savadsız edə bilər.
Belə sadə suallar çoxdur, çünki bu günə qədər çox az iş görülüb, dövlət proqramları çox vaxt kağız üzərində qalıb. Yeni formatlı nazirlik ilk addımlarından gərək yığılan problemlərin həllinə cəsarətlə, peşəkarlıqla başlasın, xalqın, pedaqoji ictimaiyyətin etimadını qazansın, onlara hörmət və qayğı göstərsin, ayaqlar altına atılan müəllim nüfuzunu qaldırmaq haqqında ciddi düşünsün.
Yeni formalaşan ETN əslində öz işinə məhz bu suallara cavab tapmaqla başlamalıdır, artıq məlum fərmandan 3 ay keçib.

Paralel.az

0.018052101135254