Hakim Pərviz İbayevin olmayan təqdimatını necə təmin edib?
“Cinayətim doğulmağım, yaşamağım və məhkəmə qərarının icrasını tələb etməkmiş”
Nizami polisi, prokuroru, məhkəməsi icra məmurunun cinayətini tələbkar Qarabağ qazisinə sırıyır
45 gündür sifarişlə 6 və 9 yaşlarında iki körpə nəvəmə də terrorla stress, psixoloji travma yaşadaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılaraq işgəncəyə məruz qalmağım sonucunda 9 qabırğamın sındırılmasından, ağ ciyərimdə hematoma əmələ gəlməsindən, tibbi yardıma qadağa qoyulmasından, məhkəmə qərarı olmadan 2 sutka azadlıqdan məhrum edilməyimdən, hələ üstəlik evimdə axtarış aparılaraq sənədlərimin, pulumun, oğluma məxsus həyat yoldaşımın dərs keçdiyi kompüterin aparılmasından şikayət etmədiyim qurum qalmayıb. 45 gündür şikayətimi qəbul edib, ilkin izahatımı və göndəriş əsasında məhkəmə - tibbi ekspertizasının rəyini alan Nizami prokurorluğu heç bir prosessual hərəkət etmir. Baş prokurora , Bakı şəhər prokuroruna şikayətlərim də rayon prokuroruna göndərilir və orada it-bata düşür. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının DİN-in 1-ci müavini Seyfulla Əzimova şikayətdə əks etdirilmiş halların yoxlanılması və təsdiqini taparsa, müvafiq tədbirlərin görülməsi barədə tapşırığına da 40 günə yaxındır cavab yoxdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanovanın şikayətimi baş prokurorluğa göndərməsinin “yaşı” isə azdır , hələ beş gündür . Bunları niyə sadalayıram? Birincisi, mənim “cinayətimə” ailə üzvlərimi də qatmağın, hətta körpə nəvələrimə psixoloji travma verilməsinin yolverilməzliyini və ikincisi, artıq müraciət etməyə ünvan qalmadığını diqqətə çatdırmaq üçün. Ona görə də media qurumlarına üz tutmaq zorundayam. Düzdür, 1-ci dərəcəli Qarabağ qazisinə işgəncənin başında polisin dayanması əksər media orqanlarını təzyiqlə susmağa vadar edir, amma yenə də vicdanlı informasiya qurumları dəstəklərini göstərməkdən çəkinmirlər.
2022-ci ilin 14 oktyabrında Nizami məhkəməsinin 05.09.2022-ci il tarixli qərarı məhkəmənin özünün elektron ünvanından yox, Azad İsmayılzadə adlı hansı görəvin yiyəsi olduğu bilinməyən şəxsin elektron poçtundan elektron poçtuma daxil olub. Elə bu məhkəmədən kənar daxilolmanın özü qərarın saxtalığını sübut edir. Biz hələ 3 günə verilməli olan qərarın 40 gündən sonra verilməsini , demirik. Heç onu da demirik ki , qərarın əsli də məhkəmədə yoxdur.Hakim Nigar Qədirli “cinayət işi (hansı tarixli, hansı nömrəli? -M. B. ) üzrə axtarış aparılması barədə Nizami RPİ-nin müstəntiqi Qalib Kərimlinin vəsatəti əsasında Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatına” baxaraq müəyyən edib ki, cinayət işi üzrə şübhəli şəxs filan rayonda , filan ildə doğulub, Bakıda filan yerdə qeydiyyatda olmaqla, filan yerdə yaşayır . Bəyəm insanın doğulmağı, yaşamağı cinayətdə şübhəli bilinməyə əsasdır? Belə çıxır, cinayətim 66 il öncə doğulmağım və yaşamağımdır. Bir də mənim xeyrimə çıxarılan iki məhkəmə qətnaməsinin 14-cü ildir icra olunmaması özümə qarşı cinayət işinə nədən olub. Bəli, mənim cinayətim 14-cü ildir məhkəmə qətnamələrinin icrasını tələb etməyimmiş. Qərarda belə göstərilib ki, məhkəmə qərarının icrası mümkün olmayıb və ikinci iddiam üzrə çıxarılan 21.06.2011 tarixli qətnamə əsasında verilmiş 22.07.2011 tarixli icra vərəqəsində dəyişiklik edilərək , “İCRA ÜZRƏ TƏDBİRLƏRİNİN” sözləri “BƏHRUZ NURİYEV -10A” ilə əvəz edilmişdir. Heç demə, Nizami RPİ-nin müstəntiqi Qalib Kərimli bu “saxtalığa” görə cinayət işi qaldırıb və tələbkarı CM-in 320.1-ci maddəsinə əsasən şübhəli şəxs kimi axtarışa verib. Cinayətkar özbaşınalığa baxın, axı əslini məhkəmənin və 2 icra şöbəsinin “itirdiyi” 4 (!) icra vərəqindən birinin surətində saxtalıq edilməsini müstəntiq, prokuror və məhkəmə necə müəyyən edib? Hanı ekspertiza rəyi? Eyni zamanda, iddia icranın Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarına yönəldilməsi ilə bağlıdırsa, həmin ünvanın icra vərəqində qeyd olunması niyə cinayət sayılır? CM-in 320.1-ci maddəsinin və polisin bura nə aidiyyatı var?