Vüqar İsmailov: Bizdə diplomların "təntənəli" şəkildə verilməsi qaydası var...
2006-cı ildə dosent diplomunu almaq üçün AAK-a dəvət olunmuşdum. (Bizdə diplomların "təntənəli" şəkildə verilməsi qaydası var)..
Hamı zalda gözləyirdi. Təxmini 1 saat gözlədikdən sonra zala yaşlı bir kişi daxil oldu və çıxışına başladı. Çıxışı zamanı bu sözləri dedi: "Əziz alimlər! Siz bu gün həyatınızın ən xoşbəxt anlarından birini yaşayırsınız. Sizin elm yolunda göstərdiyiniz fəaliyyət AAK tərəfindən yüksək qiymətləndirilib. AAK sizləri alim adına layiq görüb. Siz bu gün bu diplomları alıb evə gedəcəksiniz. Onları stolun üstünə qoyub bir qədər kənara çəkilib düşünəcəksiniz. Düşünəcəksiniz ki, siz necə də xoşbəxtsiniz. Sizin əməyinizə necə də yüksək qiymət verilib...".
Çıxış gurultulu alqışlarla bitdi. Sonra hamı bir-bir diplomlarını almağa dəvət olundu. Hamı diplomunu alan zaman minnətdarlıq hissini bildirirdi. Hamının ürəyi təriflə dolu idi. Bir qız yadımdadır. Onu heç vaxt unutmaram. Diplomunu qorxa-qorxa almağa gələrkən ona verilən "harada təhsil almısan?" sualına asta səslə "Bakı Dövlət Universitetində" dedi.
Amiranə tərzdə deyilmiş "bərkdən söylə!" əmrindən sonra qız bir az səsini ucaltdı, amma yenə kifayət etmədi, çünki həmin kişi narazı tərzdə başını buladı. Daha sonra "oranın rektoru kimdir?" sualı gəldi. Qız yenə zəif səslə "Abel Məhərrəmov" dedi və deyərkən əlini kişinin irəli uzatdığı diploma sarı uzatdı. Amma diplomu geri çəkdilər. Cavabı qənaətbəxş olmamışdı, ucadan deyilməsi tələb olunan sözləri zəif səslə demişdi. "Ucadan de!" - həmin şəxs bir qədər hövsələdən çıxdı. "Abel Məhərrəmov" qız bir qədər səsini ucaltdı və əlini yenidən diploma sarı uzatdı. Elə başa düşdü ki, onun bu dəfəki səs tonu diplomunu almağa kifayət edəcək.
Amma bu dəfə də həmin kişi razı qalmadı və əlindəki diplomu geri çəkdi. Bu vəziyyət bir neçə dəfə təkrarlandı və nəhayət qız rektorun adını az qala qışqıraraq dedikdən sonra diplom ona verildi. Diplomu verən şəxs isə öz növbəsində Abel Məhərrəmovun böyük alim olmasından danışdı. Bu hadisəni seyr edərkən ağlıma həmin şəxsin əvvəlcə dediyi "aldığınız diplomları stolun üstünə qoyub mən necə də xoşbəxtəm deyəcəksiniz" kəlmələri gəldi. Qızi düşündüm.. Fikirləşdim ki, görəsən evə getdikdən sonra aldığı diploma görə özünü xoşbəxt hiss edəcəkmi?
Müəllif: Vugar Ismailov
Paralel.az