Ad günün mübarək, Kəramət Böyükçöl!
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə yazır:
Bu gün Kəramətin (Kərişimin) ad günüdür. 35 yaşı tamam olur! İndiyə kimi ona 35 şeir yazmışam. Heç 35 sevgi şeirim yoxdur. Oğlumla fəxr edirəm, istedadlı və cəsarətlidir. Vaxtı ilə haqqımda yazdığı bu yazıya gizli- gizli çox sevinmişəm! Sevincimi heç kəsə bildirməmişəm. İndisə deyirəm, bu yazı ata haqqında gözəl bir yazıdır. Çünki onu sevimli, telli oğlum, tanınmış yazıçı Kərəmət Böyükçöl yazıb. Sağ olsun, təbrik edirəm, oğlum!
Bu nişanda atam…
Neçə gündü atamın hekayələrini oxuyuram. Özünün də xəbəri yox. Çünki son bir ili ikimiz evdə bir kompüter işlədirik. Mənim kompüterimi oğlum xarab eləyib.
Atam uşaq vaxtı yeməyin ən yaxşı tikələrini bizə yedirdirdi. İndi də elədir, guya yuxusu gəlir, keçir öz otağına, yüz faiz
bilirəm ki, o, kompüteri mənə vermək üçün belə edir. Mən
də başlayıram kompüterdə onun hekayələrini oxumağa.
Deyəsən, kitab çap etdirəcək, kitaba ad da qoyub: “O qara
əyri bulud”.
Atam atasını çox sevir. Kitabın adını da atasına yazdığı
hekayədən götürüb. Hər hekayəsini oxuyandan sonra
gedib otağında atama baxıram. Görürəm ki, şirin yuxudadır,
amma elə bil yuxuda da fikir eləyir. Üzünə kədərli
bir təbəssüm qonub, əl vurub uçurmaq istəmirəm. Sadəcə,
ayaqlarından öpüb gəlirəm.
Atamın hər bir hekayəsi film kimidir. Uc-uca calasan,
roman olar. Bilmirəm bu hekayələri atam nə vaxt yazıb ki,
mənim xəbərim olmayıb. Görəsən, niyə bu hekayələri ya-
zıb bitirəndən sonra “urra” deyib evdə qışqırmayıb? Niyə
müsahibələr verməyib? Elə sakitcə dayanıb. İşdən elə yorğun-
arğın gəlir ki, elə bil özünü güclə sürüyüb gətirib evə.
Nə olub? – soruşanda isə bircə kəlmə deyib: – Yaman ağrıyıram.Vəssalam.
Uşaq vaxtı qələmini, kitabını əlindən alardıq, indi də
kompüterini. Yazıq atam. Elə bil hamımıza borcludur.
Yorğun atam, şair atam, yazıçı atam…
Atam müsahibələrinin birində deyir ki, yazıçılığı atasından
öyrənib. Yəni babamdan. Babam hər şeyə bir ad qoşardı.
Dağa, düzə, qoyuna, adama… Hər şeyə ürəyindən
keçən adı verirdi. Sonra biz babam qoyduğu adlarla yaşayırdıq, onu çağırırdıq, dindirirdik.
Atam deyir ki, ədəbiyyatın bir tərəfi də həyatdakı hadisə
və detalları sözlə işarələməkdir, ad qoymaqdır. Uşaqlıqdan
biz atamın həyat nişanları və işarələri ilə yaşayırıq.
Atamın hekayələri əsasən, tərəkəmə həyatından bəhs
edir. Elat camaatının başına gələn gülməli və ağlamalı
hadisələri yuxa bir dildə qələmə alıb. Heç bir obrazında
oyunbazlıq etməyib. Mən onu yaxşı tanıyıram, istəsə də edə
bilmir. Həyatın və gedişatın üzünü necə var, elə də köçürüb
kağıza. Bəzən isə hadisələr Bakı şəhərinin mərkəzində
cərəyan edir. Əslində, mən bilirəm bu hadisələr atamın
təfəkküründə baş verir.
Atamın hekayələrinin dili su kimidir, heç bir yerdə ilişmir.
Tərəkəmələrin özünəməxsus danışıq tərzi, dili, məişəti,
toyu, toxuculuğu, folkloru, mətbəxi bu hekayələrin enerjisini
təşkil edir. Bu gün oturaq həyata keçdiyimizdən və
Kəlbəcər, Laçın yaylaqları erməni işğalı altında olduğundan
tərəkəmə leksikonu unudulmaqdadır. Atamın hekayələrini
tərəkəmə, bütövlükdə isə türkün mədəniyyət arxivi adlandırmaq olar. Səhv eləmirəmsə, Çingiz Aytmatov deyirdi ki,
“tərəkəmə” sözünün mənası “türk mənəm” deməkdir.
Hiss edirəm ki, atam bütün hekayələrində ağrıyır. Bəlkə
də bir evdə yaşayırıq deyə, mən bunu daha dərindən hiss
edirəm. Hər halda atamı əzbər bilirəm. Mənim köşə və
hekayələrimin, müsahibələrimin, romanlarımın ən kədərli
məqamları atamdan keçən təəssüratlardır. Atam yolundakı
gölməçələrin tən ortasından keçir. Qolundan tutub saxlasaq,
belə xeyri yoxdur. Anam buna görə həmişə deyinir. Və bu
detallar mənim fikrimdən heç vaxt yayınmır. Hara getsəm,
atam mənimlə gedir. Hara getsək, atam belədir.
Hələ mən atamın esseləri, böyüklər və uşaqlar üçün yazdığı
şeirlərdən danışmıram. Onlar qalsın sonraya. Atam ədəbi mühitdə olduğu kimi tanınmır. Onu qəbul etməyənlər çoxdur. Hətta atamı mənim öz yanımda şair, yazıçı kimi pisləyən o qədər adam var. Ürəyimdə bu adamların mədəniyyətsizliyinə gülürəm.
Paralel.az