Yaxşılıqlar və əltutmalar - Alimizmin fəsadları
İdris Abbasov
2020-ci ilin yanvar ayında elmimiz üçün tam önəmsizliyini yəqin etdikdən sonra AAK-ın Ekspert Şurasından imtina etdim. “Ağlı”aşıb-daşan alim-üləma həmkarlar mənə irad tutdular: “Niyə çıxırdın? Yenə qalıb 2-3 dost-tanışa əl tutardın da”.
İbtidai təfəkkürlə yanaşsaq, “məsləhət” inandırıcıdır. Amma düşünəndə ki, biz XXI əsrdə, özü də dövlətdə yaşayırıq, onda dəhşətü-vəhşət baş gicəlləndirər.
Belə “hörmətlər”lə, “yaxşılıqlar”la, “əl tutmalar”la dövlətin nüfuzunu yerə çırpıb öz şəxsi qəbilə nüfuzunu önə çəkmək primitivliyi nələri demir ki?! Elmi dərəcə və adları startda olan fəlsəfə doktoru, dosent əvəzi, dosent, elmlər doktoru, professor əvəzi, professor, yarım-akademik, akademik və s. Sayları da ki, maşallah, 20 mini ötüb.
Təsəvvür edin, bizim kimi əhalisi çox da böyük olmayan bir ölkədə bu sayda GERÇƏK alim olsaydı, bir problemimiz qalmazdı. Nə yazıq ki, bu qəbil alim təfəkkürü cəmiyyətimizdə mənasız problem istehsalının qaynağına çevrilib.
Bir dənə (nəfər) “ağıllı” alim həmkarıma qandıra bilmədim ki, biz dövlətdə yaşayırıq. Əgər işlədiyimiz qurumda dövlətin qanunları gözümüzün qabağında pozulursa, onun pozulmasına haqq qazandırırıqsa, deməli, caninin, ləyaqətsizin yekəsiyik. Səbəbi orda-burda axtarmaq əbəsdir...
AAK-ın ekspert şurasının tam yararsız olduğunu, elm başda olmaqla xalqa, dövlətə heç bir faydasının olmadığını görüb nəinki etiraz əlaməti olaraq oradan uzaqlaşdım, həmçinin sosial mediada bu faydasızlığın dövlətə və xalqa vurduğu və vura biləcəyi ziyanları arqumentlərlə əsaslandırdım. “Tək əldən səs çıxmaz” deyiblər. Başı rüşvətə, alıb-aldatmağa, az-çox varlanmağa, tələbənin, dissertantın (təbii ki, cəmiyyəti eybəcərləşdirmə prosesində aktiv iştirak edən, rüşvət verən tələbə və dissertanta haqq qazandırmaq olmaz) cibinə girməyə qarışmış bir alim həmkar da səsimə səs vermədi. Onlar üçün, nə dövlətçilik, nə xalq, nə də millət anlayışı var. Onların heç özləri özlərini anlamır.
Dövlət idarələri üçün “əlindən tutardın”, “yaxşılıq edərdin” ifadələrinin mənası bambaşqadır. Avara və möhtəkir alim kontingentinin şüuraltına çöküb normaya çevrilmiş bu ifadələr o deməkdir ki, həmin qurumda dövlətin varlığı hiss olunmur, onun qanunları işləmir, ədalət və dürüstlükdən əsər-əlamət yoxdur. Real situasiyada baş işlətmək əvəzinə tamahlarını irəli verirlər.
Alimizmin dövlətə və dövlətçiliyə vurduğu zərərin miqyası aylar, illər keçdikcə daha çox hiss olunacaq.
3-5 vəzifəni qucaqlamış bir akademik bu yaxınılarda mətbuatda, etdiyi “yaxşılıqlar”dan dəm vururdu. Bəli, “yaxşılıq etmək” və “vəzifə borcunu yerinə yetirmək” məfhumlarını fərqləndirə bilməyən alim-akademiklərin meydan suladığı bir cəmiyyətdə yaşayırıq. Xəbər tutanda da deyəcəklər ki, xoşuna gəlmirsə, yaşama bu ölkədə, çıx get! … Allahın mühakiməsinə tezliklə tuş gələsiniz, çünki dünyəvi hökmləri pula səcdə etdirmisiniz.
Ay pullu, milyonlu akademik-alimlər, məmur-oliqarxlar! Dövlətin nüfuzunun alçaldılması hesabına öz nüfuzunuzu və var-dövlətinizi yüksəltdikcə, bilin ki, xalqla bərabər siz, sizin mülkləriniz və əhli-əyalınız da məhv olacaq.
Və siz ey üləmai-müzirlər! Unutmayın ki, aldığınız diplomların heç biri sizi nə alim, nə də adam edəcək! Adam olmayacaqsınızsa, formal olaraq aldığınız mənasız alim diplomları (kağız və ya karton parçaları) cəmiyyətə yalnız zərər verəcək, necə ki hazırda o zərərlərdən yaxa qurtara bilmirik.
Paralel.az