Ruh faciəsi
İdris Abbasov:
"Bədbəxt xalqlar ümidlərini, talelərini ilk olaraq öz əməllərinə deyil, sırf ona-buna, ya dünyada baş verən hansısa tarixi hadisələrə bağlamaqla təsəlli tapırlar. Düzdür, dünyada gedən proseslərin, xüsusən, qonşu ölkələrə mənfi və ya müsbət təsirindən danışmaq olar, fəqət özü özünün başına oyun açan, özünü islah etmək iradəsi olmayan xalqın hansısa hadisənin və ya prosesin qucağında oturub qurtuluşa çatacağını xəyal etməsi, doğrudan da, ruh faciəsidir.
Halbuki o nağıllara sərf etdiyimiz vaxtı nadürüstlüyümüzün düzəldilməsinə səfərbər etsəydik, xeyli irəliyə getmiş olardıq. Heç nə yox, təkcə bu rüşvət bizim axırımıza çıxacaq, çünki bu zəhərə qalmış bəla cəmiyyətin ümumilikdə bütün üzvlərinin təfəkkür tərzini, dünyaya baxışını zəbt edib, antiinsani bir dünyagörüşü formalaşdırıb.
Buna görə də, cəmiyyət fərdləri daxili dərdlərindən baş götürüb qaçmaq üçün bir kürsü tapıb başlayırlar siyasi nağıllarla baş girələməyə, stress atmağa. Filan ölkə filan ölkəni öldürsə, Mamed bir gecənin içində dönüb dürüst olacaq, yaxud behman ölkə mehman ölkəyə məğlub olsa, Mamed birə beş nadürüst olacaq və s. kimi nağıllarla baş qatırlar.
Vəzifə tələblərini, vətəndaşlıq məsuliyyətini tamamən unudub taleyimizi Conun, İvanın ayaqları altına tullayırıq.
Müharibə aparan Conun, İvanın çox vecinədir ki, Mamed korrupsiyanın, ya rüşvətin ağuşunda Əzraillə çarpışır?!
Guya Salmadoniya Sarpakoniyaya qalib gələcəkmiş, istibdadın kökü kəsiləcək və kef görəcəymişik. Bəh-bəh! Nə asan şey imiş! Baş at yastığa, yat, özünü zəhmətə salma, baş sındırma, milli heysiyyətin, vətənpərvərliyin, dövlətçiliyin, birliyin, bərabərliyin, doğruluğun, dürüstlüyün sözdə olsun, ziyalın, alimin ikiüzlü, riyakar, yaltaq, məddah və satqın olsun, ye, dağıt, nəfsinə hədd qoyma, qardaşının qanını iç, haqqını tala, qanunu sayma, ədalətin başını əz, Haqqa asi ol və gözlə ki, Salmadoniya Sarpakoniyanı darmadağın edəcək və sən daha da azad və müstəqil olacaq, öz qardaşının haqqına girib başını daha yaxşı əzəcəksən!
Dünyada gedən proseslərin əqli-mənəvi impotentliyə, qısır ağıl və təfəkkürə müsbət təsir imkanları, təəssüf ki, sıfırdır!"
Paralel.az