TƏLƏBƏYDİM...

TƏLƏBƏYDİM...
 

Kəmalə Abiyeva

Bu həyatda agrı dolu, sevinc dolu
yollar keçdim.
Gör ömrümdən neçə-neçə
aylar keçdi, illər keçdi...
Gəncliyimdən
nə vaxt belə irag düşdüm,
bilmədim mən...
İlk sevgidən, ilk həsrətdən,
O bəxtəvər günlərimdən
nə vaxt belə uzaq düşdüm,
bilmədim mən...
Tələbəydim...
Bər-bəzəksiz o sadəcə
mühazirə otagları
gözəl idi aman necə!
Hər gün ötüb keçdiyimiz
o dəhlizlər əziz idi,
orda ötən günlərimiz əvəzsizdi...
Arabir də bir-birinə
oğrun-oğrun baxan gözlər,
pıçıltılar, gizli sözlər
necə safdı, təmiz idi...
Tələbəydim...
“Bu dərs bitsin,
tez qutarsın bu imtahan”deyə yaman
tələsirdim mən çox zaman.
onda mənə çətin gələn
hər imtahan
necə-necə asan imiş, heç bilmirdim...
Həyatdakı
neçə çətin imtahandan
xəbərsizdim...
Bu həyatda qiymət almaq
müşkül imiş,
heç bilmirdim...
Tələbəydim...
Bir binanın divarları arasında
yaşayırdım xoşbəxtlərin sırasında.
Bəlkə elə bu dünyanın
lap ən kiçik bucağında
bəxtəvərdim səadətin qucağında...
Səadətdən xəbərsiz tək vurnuxurdum
hey səadət sorağında...
Tələbəydim...
Gəncliyimlə mən həyata naz edirdim.
Bu həyatın hər nazından
xəbərsizdim...
aman necə xoşbəxt idim!
Həyat bütün sevinciylə
mənim idi, heç bilmirdim...
Tələbəlik...
Ömrümüzə şirin, kövrək
xatirələr yazan illər.
İllər ötür..
Ötən illər ömrümüzə sən yazanın
bir anını yaza bilmir...
Tələbəlik...
Ömrümüzün sədəfini pozan illər
Ömrümüzdən sən yazanın
Bir anını poza bilmir,
Poza bilmir...
Tələbəlik...
Ömrümüzdən neçə illər ötsə belə
O illərin sevincini
tapa bilmir ürək hələ...

Paralel.az

0.045902967453003