Ali Təhsildə Keyfiyyət!? - III yazı 

Ali Təhsildə Keyfiyyət!? - III yazı 
 

Ped.ü.f.d. Vüsal Kərimli 

Təhsilin keyfiyyətinə təsir edən əsas amillər: fakültənin keyfiyyəti, təhsil proqramı (kurikulum), texnoloji infrastruktur, mövcud tədqiqat mühiti və ya ekosistem, akkreditasiya, universitet-sənaye əməkdaşlığı, maliyyə, qiymətləndirmə üsulları və ən əsası isə peşəkar (korporativ) idarəetmə sisteminin təşkili.

İlk olaraq ölkəmizin Ali Təhsil Müəsissələrinə (ATM) tədris illəri üzrə qəbul olan tələbə və ATM-nin sayı haqqında bəzi statistik məlumata nəzər yetirək: 

1) 2018/2019: 45021-nəfər 2018/2019: 52 universitet

2) 2019/2020: 42062-nəfər 2019/2020: 52 universitet

3) 2020/2021: 48519-nəfər 2020/2021: 52 universitet

4) 2021/2022: 44861-nəfər 2021/2022: 51 universitet

5) 2022/2023: 48841-nəfər 2022/2023: 51 universitet 

Deyə bilərsiniz ki, bu rəqəmləri hamı bilir. Doğrudur. Amma bu rəqəmlərin təhsildə keyfiyyət baxımından təhlili lap yerinə düşərdi ki kəmiyyət və keyfiyyət faktorunun təsiri və onun bu gün təqdim etdiyi nəticələr nə qədər qənaətbəxşdir ?!... 

Məs.: Azərbaycan Dillər Universiteti - ADU: Səhifələrində göstərilir ki, 2021-ci ilin statistikasına əsasən bu universitetdə tələbələrin sayı 6144 bakalavriat, 539 magistrant və 170 doktorantdan ibarətdir (cəmi 6853 nəfər). Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir. Ümumilikdə universitetin ərazisi 17976,4 m2 təşkil edir. Tələbə kontingentinin hər 100 nəfərinə düşən sahə 283,3 m2 təşkil edir. 

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə bir təhsilalana düşən faydalı sahə 5 kv.m-dən az olmamaqla tələbi qoyulub. Burada isə hər tələbəyə düşən faydalı sahə bakalavriat üzrə 3 kv.m.-dir.

Digər məsələ, qiymətləndirmə ilə əlaqədardır. Belə ki, bir neçə universitet istisna olmaqla, 95% universitetdə yekun qiymətləndirmə cədvəli aşağıdakı kimidir: 

1) 51-dən aşağı - F

2) 51-60 - E

3) 61-70 - D

4) 71-80 - C

5) 81-90 - B

6) 91-100 - A

Belə ki, 100 ballıq sistemdən 50 balı tələbə təhsil aldığı semester ərzində toplayır (10 bal davamiyyət, 10 bal sərbəst iş, 30 bal kollokvium) digər bal isə imtahan dövründə qazanılır. Hesab edirəm ki, bu yanaşmada bəzi düzəlişlər edilməlidir. 

Məs.: Davamiyyətə görə verilən 10 bal ləğv edilməlidir. Dərsin 30%-də iştirak etmək tələbə üçün vacibdir. Sərbəst iş üçün verilən 10 bal və kollokvium üçün verilən 30 balın 100%-dən payı müəyyən edilməlidir. (40%-60% və ya 50%-50%). Nümunə üçün qardaş ölkə Türkiyəni göstərmək olar. Əslində dünya təcübəsində qiymətləndirmə balları fərqlidir. Bizdə isə bu tam fərqlidir. Belə ki, universitetdən, ixtisasdan aslı olaraq fərqli keçid şərtləri tətbiq edilməli idi. Biz bunun tam əksini görürük.  Qəbul imtahanında 600-500 bal toplayan tələbə ilə 150 bal toplayan tələbə arasında, müxtəlif ixtisas (lar) arasında universitet rəqabət mühiti yarada bilməmişdi və ya istəməmişdi. 

Məs: BDU-da Hüquqşünaslıq ixtisası və Kitabşünaslıq  ixtisaslarında kecid balı eynidir. 

Digər məsələ isə Elmi işçilərin sayı ilə bağlıdır. Azərbaycanda 2020-ci ilin statistikasına görə əhalinin hər 10 min nəfərinə 35 elmi işçi düşür. Meyarlarda tələbə-müəllim nisbəti tələbi göstərilməyib.

22 iyul 2022-ci il tarixli 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında göstərilir ki, 2021-ci ildə Ali təhsil müəsissələrinə 54.000 nəfər qəbul olunub. 2022-ci ildə isə bu rəqəm 57.000 nəfər olacaq. Halbuki, 2021/2022: 44861-nəfər, 2022/2023: 48841-nəfər olub.  (DİM-https://dim.gov.az/upload/iblock/e7d/e7deac5768f30b770dc2b07b541fcbd1.pdf və s.) və bu rəqəm 2026-ci ilə qədər 75.000 nəfərə çatacaq. Görəsən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu rəqəmləri haradan əldə edib: Dövlət İmtahan Mərkəzindən yoxsa?! (https://static.president.az/upload/Files/2022/07/22/b0acede9fbde0bfd42ebb0c28a16bf5c_3858975.pdf?fbclid=IwAR0Ciw0jhmDMaPRG8DKOFtAgKo7rtIL3GmKi_R2pvpEhDkFAZdCnL8aex_c)

İllər üzrə ümumi təhsil müəsissələrini bitirənlərin sayına diqqət etsək görərik ki, bu say 2020-ci ildə 118.120 nəfər, 2021-ci ildə 84 069 nəfər, 2022-ci ilə isə 90.

000 nəfər şagird məzun olub və 2022-ci ildə onlardan yalnız 48%-i Ali təhsil müəsissələrinə qəbul ola bilib. Maraqlıdır ki, ETN hansı prinsip və meyarlarla 2026-ci ilə qədər tələbə sayını 75.000 nəfərə çatdıracaq? Bunun üçün maddi texniki baza haqqında düşünülürmü və ya bunu reallaşdırmaq mümkündürmü? Əlbəttə ki, xeyr !
İndi ETN 2026-ci ilə qədər neçə universitet üçün tədris binasının tikilməsini hədəfləyir. Bu hədəflərin seçim meyarı necə olacaq? Bununla bağlı isə heç bir məlumat paylaşmır. Bir sözlə fəaliyyət planı yoxdur və ya ictimaiyyətə açıq deyil...
Hörmətli aidiyyatı qurum rəhbərləri və həmkarlarım !
Biz bu gün keyfiyyətli təhsil və xidmət istəyiriksə, gənclərimizin xaricə yox, ölkəmizdə qalıb təhsil almasını və öz vətəninə layiqincə, bir peşəkar mütəxəssis kimi çalışmasını istəyiriksə, onda bilik və təcrübəmizi nəyə görə Elm və Təhsilimizin inkişafına yönəltməyək ki, boşluqlarını və ya çatışmamazlıqlarını niyə deyib siqnal və ya işarə verməyək ki ?!... Mən etməyim, o etməsin, biz etməyək və sonra da nazirliyi ittiham edək ki, onu etmədi, bunu düzəltmədi, yaxşı olmadı və s. Məncə biz bir təhsil işçiləri kimi təhsilimizin inkişafı üçün dövlətimizə dəstək olmalı və ya olanlara kömək etməliyik ki, nəticədən müsbət və real dinamika görə bilək. Nəticə olaraq vurğulamaq lazımdır ki, a) Peşəkar professor-müəllim heyəti olmasa keyfiyyət sözünü yaddan çıxartmaq lazımdır. Tələbənin keyfiyyəti dərs deyənin keyfiyyətindən adətən heç vaxt yüksək ola bilmir, b) Qiymətləndirməni universitetlərə görə yox, fənlərə görə müəyyən etmək lazımdır. ETN strateji olaraq deyir ki, qiymətləndirmə 100 ballıq sistemlədir. Yerdə qalanı universitet, kafedra müəyyən etməlidir. c) Tələbə müəllim nisbəti çox önəmlidir. Akademik reputasiya üçün də. Məs. ABŞ-da 14:1, UK-də 16.4:1, Meksikada 25+:1 və s.OECD ölkələrində 15:1-dır.d) ETN-yi universitetin maddi-texniki bazası yoxdursa qəbulu artırmağa imkan verməməli, monitorinq aparmalı və real vəziyyəti müəyyən etməlidir.
"El bir olsa dağ oynadar yerindən" məsəlində də qeyd olunduğu kimi bir olub, yumruq olub, peşəkar komanda olub təhsilimizin inkişafına dəstək olmalıyıq ki, keyfiyyətə də birlikdə nail olaq.
Paralel.az

0.026985883712769