"AAK Famil Mustafayevin "tərəqqi şousu" ilə sosisl şəbəkələri fəth edir" - Professor İdris Abbasov
Maraqlıdır, Ali Attestasiya Komissiyası az qala hər gün təmtəraqlı elmi dərəcə diplomlarının və adların təqdimetmə mərasimlərini təşkil edir və özünün feysbuk səhifəsində bunu ictimaiyyətə uğur kimi təqdim edir. Sual doğur:
AAK tərəfindən ölkədə bu qədər insan diplomlaşdırılırsa, bəs elmimiz niyə boynubükük və gözüqıpıq, alimlərimiz niyə savadsızdır?
AAK-ın elmi attestasiya aparmaq qabiliyyəti və imkanları çoxdan yoxa çıxıb, yəni qurumun elmi dəyərləndirmək meyarı çox bəsit və yararsız olduğundan elmə böyük zərbələr vurulur, cəmiyyətin siması pisə doğru dəyişir.
AAK-ın hazırkı rəhbərliyi bilməlidir ki, heç bir elmi məna kəsb etməyən dissertasiyalar ortada ola-ola "pitik rituallar"ın icrası ilə alim diplomlarının verilməsi dövlət siyasətinə xidmət sayıla bilməz.
AMEA praktikası sübut etdi ki, rəngarərəng reklamlar gözləri qamaşdırsa da, həqiqətləri və reallığı inkar etmək qüdrətinə sahib ola bilmir. Sonunda həqiqətlər dil açıb danışır.
PS. AAK adlı diplom verən qurumun ölkə elmi üçün zərərlərindən ötən illər ərzində faktlarla bəhs etmişəm. 2020-ci ildə başlayan pandemiya bu istiqamətdə araşdırmaları yarımçıq qoydu.
Ramiz Mehdiyev AMEA-ya gələndən sonra AMEA-nın rəsmi saytında ciddi "inkişaf" dönüşü yarandığı kimi Famil Mustafayaev də AAK-a gələndən sonra sosial şəbəklərdə, xüsusən, feysbukda ciddi "tərəqqi" dönüşü yaranıb.
Hər iki qurumda elmi mahiyyət reklamla əvəz olunub. Birinci qurumdakı gözə kül üfürmələr dövlət tərəfindən qismən aradan qaldırılsa da, ikincisindəki gözə kül üfürmələr hələ də "elmi" fəaliyyət göstərməkdədir.
İdris Abbasov, professor