Neynədim
Kəmalə Abiyeva
Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.
Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al- əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.
Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.
Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?
Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi...
Paralel.az