İdris Abbasov: "Gəlişigözəl sözlərlə elm inkişaf edər?"

İdris Abbasov:
 

"Sentyabrın 23-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclası olub. Yeni Nizamnamə layihəsi ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli deyib ki, yeni Nizamnamə layihəsində Azərbaycan Respublikasının maraqları, milli prioritetləri, cəmiyyətdə azərbaycançılıq düşüncəsi, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi və s. əsas götürülüb.

Qəribədir, məgər əvvəlki Nizamnamədə milli prioritetlər, Azərbaycanın maraqları, milli-mənəvi dəyərlər əsas götürülməmişdir? Götürülmüşdürsə, niyə əməl edilmirdi, yox, əgər götürülməmişdirsə, bəs onda niyə bir deputat, Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik və s. kimi etirazınızı bildirmədiniz, İsa müəllim?

Məsələn, həmin müddətdə siz milli-mənəvi sərvətimiz olan dahi Mirzə Kazımbəyin Ana dilimizlə bağlı “Türk-tatar dilinin ümumi qrammatikası” fundamental əsərinin – Azərbaycan dilinin ilk elmi qrammatikasının dirçəldilməsinə laqeyd qaldınız. İşi gərgin əmək sərf edib uğurla yerinə yetirən şəxsi dalana dirədiniz, çörəklə imtahan etdiniz.

Çox təəssüf! İndi də heç nə dəyişməyib.
Halbuki Kazımbəydən 1 il sonra Azərbaycanın maraqlarına zərbə olan rüsvayçı, saxta və plagiat əsərə baş redaktorluq edib dövlət vəsaiti hesabına çap etdirdiniz.

Bununla kifayətlənməyərək həmin rüsvayçı plagiat abidəsini - baş redaktoru olduğunuz "İzahlı dilçilik terminləri lüğəti"ni “MƏDSƏDYÖNLÜ SİYASƏTİN MƏNTİQİ DAVAMI” (?!) adı altında o ki var təriflədiniz, təbliğ və təşviq etdiniz.
Nəhayət, biabırçı plagiat faktının üstü açıldı. Faktı inkar etmək və ya gizlətmək üçün alim adlı bütün elmə xəayanət edənləri mənim və haqqın üzərinə səfərbər etdiniz. Faktlar tərs şey olmasaydı, qətlimə fərman verməkdən də, yəqin ki, çəkinməzdiniz. Zatən sakit-sakit öldürürsünüz.

Həmin müddətdə dövlətdən qoparılan yüz minlərlə qrantların taleyi aydınlığa çıxmadı. Mən hələ ölkə Prezidentinin Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ayırdığı 2 milyon manatın qara bəxtini demirəm. Budurmu, dediyiniz azərbaycançılıq, dövlətə, milli maraqlara xidmət, qanunlara hörmət, Prezidentə sədaqət?
İsa müəllim, nə olsun ki, evim yox, dərman almağa pulum yox, maddi imkanım yoxdur. 500-600 manat maaş alan və sosial qayğıdan məhrum bir alimin vəziyyəti necə olmalıdır? Heç 1000-1500 manat maaşla da ev almaq, maşın almaq mümklün deyil. Amma siz və sizin bu cür maaş alan bir sıra dostlarınızın mal-mülkünün, bir çox hallarda milyonlarının başından aşması sualsız ötüşməz. Elmdə milli prioritet budurmu?

Təki siz başqalarının haqqı hesabına hərətərəfli təmin olunun, başqaları məhv olsa da, olar.
Siz bu cür yaşayıb fəaliyyət göstərməyi dövlətçiliyə, Vətənə, elmə, milli-mənəvi dəyərlərə hörmət sayırısınızsa, vay, bu Vətəni cani-dildən sevən, öz xalqının, dövlətinin başına oyun açmağı vicdanına sığışdırmayan, ədalət gəmiricilərinin üzündən ehtiyac içində dilənçiyə çevrilən, rüşvətxor və mənəviyyatsız alim-üləmanın davranışı ucbatından haqq səsi eşidilməyən ləyaqətli vətəndaşların halına!

Ümid edək ki, ilahi ədalətin hökmü və dövlət başçısının siyasi iradəsi ilə bu idbar gediş durdurulacaq, haqq, ədalət və həqiqət öz yerini tapacaq!" 

Paralel.az

0.016041040420532