Məntiq nə deyir?
İdris Abbasov:
""Şaftalı"dan qurtarmamış keçmişik "səbr"ə. "Səbr", yoxsa "səbir"? Dövlət pul ayırsın, deyim, hansı düzdür. Dəhşətdir, vallah! 40 il bundan əvvəl sinxron olaraq dövlət büdcəsinin və dilin anasını ağladan bu qədər dil qurumları, dil institutları, kafedraları, şöbələri, monitorinq təşkilatları-filan yox idi, amma dilimizin yazı qaydaları, orfoqrafiya və orfoepiyası sabit və mükəmməl idi.
Məntiq nə deyir? Məntiq onu deyir ki, dilə nəzarət adı altında yaradılmış və kimlərinsə marağına xidmət edən qurum və müəssisələrin mövcudluğu, onlara büdcə ayrılması, sadəcə, sapsağlam dilimizin korlanmasına şərait yaradır. Axı dil korlanmasa, dilin korlanmasında maraqlı olan o qurumlar nəyə lazım olar?
Mən hələ 5 il əvvəl Dilçilik İnstitutunda bunun canlı şahidi oldum və çox sarsıldım. Əllərində olsa, düz söz deyəni yer üzündən silərlər. Qaragüruhçu akademşəbəkənin qarşısında Ana dilinin necə sarsılmasını gördüm və bunu bütün varlığımla hiss etdim. Amma nə edəsən ki, səlahiyyət də, pul da onların əllərindədir. Əlavə qurumlar yaradılmasını da akademikanə "əsaslandırıb" büdcədən pul qoparılmasına nail olurlar.
Beləlikllə, "şaftalı"dan, "səbr"dən, "metafora"dan, "ədəbiyyat"ın bir "y" ilə yazılmasının zəruriliyindən-filan danışmaq lazımdır ki, vacib iş görüntüsü yaradılsın, dövlət büdcəsindən maksimum çox vəsait qoparılsın, ştatlar artırılsın və s.
Sökən sökənədir. Belə şəraitdə orfoqrafik sabitlik axtarmaq qaranlıq otaqda qara pişik axtarmaqdır, çünki bu işə məsul səlahiyyətli akademşəbəkə və onların təşəbbüsü ilə yaradılmış müxtəlif qurumlarda yerləşdirilmiş aktiv üzvlərinin niyyəti bambaşqadır, vəssalam.
Cari istək odur ki, ictimaiyyət hələlik "səbr"in necə yazılması üzərində əlləşsin. Şikəst edib anbara yığdıqları və dar günə saxladıqları çoxlu söz vardır. Mən hələ müvafiq vəzifələrin, qurumların ömrünü uzadacaq ehtiyatda saxlanan həşəmətli orfoepiyanı demirəm. Halbuki bütün bunlar 5-6 nəfərlik tək bircə şöbənin öhdəsindən gələ biləcəyi işdir. Sonra deyirik biz niyə yaman gündəyik?"
Paralel.az