44 günlük zəfər səlnaməsi

44 günlük zəfər səlnaməsi
 

Son 34 ildə hüznlü günlərimiz çox olub, amma bu günlərdən bəziləri var ki, orda hüznlə yanaşı millətin və dövlətin gələcəyini müəyyənləşdirmək baxımından qürur duyulası tarixi əhəmiyyətə malikdir. Məsələn, 20 Yanvar hadisəsi. 131 soydaşımızın şəhid edildiyi bu tarix eyni zamanda dövlət müstəqilliyimizin bərpası baxımından qələbəyə aparan yolun başlanğıcı hesab olunur.
 
İkinci ildönümünü qeyd edəcəyimiz 2-ci Qarabağ müharibəsinə də məhz bu kontekstdən yanaşsaq görərik ki, 27 sentyabr yalnız hüzün günü deyil, bu gün həm də 200 illik erməni işğalını durdurmaq, 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi nöqteyi-nəzərindən cahanşümul bir hadisədir, qələbəyə aparan yolun başlanğıcıdır. Məhz o gün, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz düşmənin növbəti silahlı müdaxiləsinə əks-zərbə ilə cavab verərək cəmi 44 gün ərzində illərdir müstəqilliyimizi və ərazi bütövlüyümüzü təhdid edən düşmən Ermənistan ordusunu döyüş meydanında məğlub edərək, "məğlubediməz erməni" mifini sözün birbaşa mənasında atəşdə əridib yox elədi, düşmən ağ bayraq qaldırıb aman dilədi.

Bu ana qədər isə mehriban qonşuluq siyasətinə sadiq olan ölkəmiz münaqişəni dinc yolla çözmək üçün bütün mümkün vasitələrdən istifadə etdi, səbrlə 30 il danışıqlar apardı. Xalqının döyüş əzminə və vətən sevgisinə böyük inamı olan Ümummillilider Heydər Əliyev hələ vaxtilə deyirdi ki, biz işğal altında olan bütün torpaqlarımızı, o cümlədən Qarabağın incisi Şuşa şəhərini düşməndən azad edəcək Qarabağda Azərbaycanın suveren hüquqlarını bərpa edərək o yerlərdə bayrağımızı dalğalandlracağıq. Böyük Öndərin layiqli davamçısı 2 il əvvəl Şuşada, bugünlərdə isə Laçında üçrəngli bayrağımızı dalğalandırmaqla təkcə ata vəsiyyətini yerinə yetirmədi, həm də ilk dəfə prezident seçilərkən xalqa verdiyi vədə sadiqliyini isbatladı. Halbuki cənab İ. Əliyev havadarlarına arxalanaraq hər dəfə bir bəhanə ilə sülh danışıqlarını pozan, ərazi ilhaqını əbədiləşdirməyə çalışan düşməni xəbərdar edirdi ki, heç bir halda Azərbaycan işğal altındakı ərazisini azad etmək istəyindən vaz keçməyəcək və Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Təəssüf ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığından nə Ermənistan tərəfi, nə də erməni lobbisinin təsiri altında olan xarici qüvvələr gərəkən nəticəni çıxarmadılar. Sentyabrın 12-13-də baş verən hadisə bir daha göstərir ki, nə düşmən, nə də ona havadarlıq edənlər məkirli planlarından əl çəkməyib. Amma zaman hər mənada ölkəmizin xeyrinə işləyir. Ən müasir silah-sursatla təmin olmuş, qələbə sevincin dadmış onun şirinliyini hiss etmiş Azərbacan ordusu elə sərhəddəki son toqquşmada da sübut etdi ki, o, Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş istənilən hərbi tapşırığı yerinə yetirməyə, eyni zamanda düşmən hücumlarının qarşısını uğurla almağa qadirdir. 
 
Bəli, təəssüf ki, müharibə qansız-qadasız olmur, Qarabağın işğaldan azad olunması və sərhədlərimizin toxunulmazlığı uğurunda 3000-dən artıq şəhid vermişik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin!
 
Sevindirici haldır ki, heç bir şəhid və qazi ailəsi dövlətin diqqətindən kənarda qalmır, onların problemləri və qayğıları daima şəxsən ölkə başçısı cənab İlham Əliyevin nəzarətindədir. Onlar cəmiyyətin və ayrı-ayrı qurumların da hörmət və ehtiramdan kənarda deyillər. Digər nazirlik və komitələr kimi Ədliyyə Nazirliyi sistemində çalışanlar da başda hörmətli nazirimiz Fikrət Məmmədov olmaqla ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyi istiqamətində titanik fəaliyyət göstərən Prezidentinin yanındadır, onlara tapşırılan işi vaxtında və səmərəli icra etmək üçün səylərini əsirgəmirlər.
 
İnanırıq  Prezident İ. Əliyevin təməli Böyük Öndər tərəfindən qoyulan iqtisadi, siyasi, hərbi və mədəni sahələrdəki fəaliyyəti Azərbaycanı qüdrətli və inkişaf edən ölkələr slrasına çıxaracaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Qalib Azərbaycan Ordusu və onun müzəffər Ali Baş Komandanı!
 
Malik Mahmudov
Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi

0.25930118560791