Numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür

Numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür
 

Bu gün görkəmli numizmat, tarix elmləri doktoru, professor Əli Rəcəblinin anım günüdür. Əli müəllim böyük alim, dəyərli ziyalı idi. O, ilk gənclik illərindən həyatını qədim sikkələrin öyrənilməsinə həsr edərək özündən sonra zəngin elmi irs qoymuşdur. Böyük alim, işıqlı insan olan Əli Rəcəblinin əziz xatirəsi tələbələrinin, aspirantlarının, elm adamlarının və əlbəttə ki onun tanyanların hamısının xatirəsində əbədi yaşayacaq. Əli müəllimin xatirəsinə böyük sayğı və ehtiramla ithaf etdiyim aşağıdakı esseni təkrar paylaşmaqla bir daha onu yad edirəm.

1234 ildir yaşı. Zərb olunub, zərbxanadan çıxandan dolaşır dünyanı. Asiya, Avropa və Afrika qitələrində əldən-ələ keçib. Bu gümüş dirhəm nələrin şahidi olmayıb. Alın təri, əl qabarı ilə qazanılıb, ruzi ilə əvəzlənib. Rüşvət kimi verilib, bəxşiş təki alınıb. Hansısa müharibədə həlak olmuş ərin dul xanımı tərəfdən balasının gələcək ehtiyacı üçün bərk-bərk gizlədilib. Bəzən hansısa qaranlıq əsrin bir ilinin bir günündə kefi kök tacirin kisəsindən çıxıb sədəqə verilib. Olub da ki, kimsə onu salıb itirdiyindən günlərlə ac qalıb. Bəlkə də neçə dəfə hansısa yetim onu yerdən tapıb, o ki, var sevinib. Satqınlığa ənam, xəyanətə qiymət də olub. Xəzinədə qara gün üçün saxlanıb, meyxanədə şəraba dəyişilib, çin ipəyi arşınladıb, Dəməşq müşkünə dəyişilib, neçə-neçə nazlı xanımın ənlik-kirşanına verilib. Qul da,kəniz də alınıb satılıb bu dirhəmə. Məlhəm də alınıb, zəhər də. Hiylə qurulub, tor tikilib. Bir içim suya da dəyişilib, bir tikə çörəyə də. Vəhşi ehtirası söndürüb, şəhvət qızğınlığının həyasız ovuna müqabil olub. Və daha nələr-nələr… sonra da düşüb kolleksionerlərin əlinə. Ərəbdən-türkə, farsdan-həbəşə, yəhudidən-yunana əl-əl gəzib.
İndi mənim kolleksiyamda bərqərardı. 787-ci ildə Mədinədə zərb olunub. Abbasilərin 786-cı ildə Xəlifə taxtına çıxmış Əl-Mehdinin zamanında buraxılıb dövriyəyə.
Nə gizlədim götürüb əlimə baxıram. Cəmi 2,85 qram çəkisi olan bu gümüş dirhəmin illərlə, əsrlərlə sevindirdiyi və kədərləndirdiyi insanları düşünürəm. Kiçik gümüş diyirçək artıq adları belə unudulan yüz minlərlə insanlara nə hislər yaşatmayıb.
Mən də son deyiləm. Yəqin illər,əsrlər sonra hamı kimi unudulacam. Dəqiq bilirəm bir kolleksioner kimi yaddaşlarda qalmayacam.
Amma mənim üçün bir neçə əhəmiyyətinə görə dəyərlidir. Birincisi özündə tarix yaşatdığına görə, ikincisi isə məndən əvvəl ona sonuncu dəyən yaranışın ən təmiz əllərindən iz olduğuna görə və bütün pisliklərdən cansız ”canına” hopanlarla yanaşı, halalıqla qazanılmaqdan da “xatirələrində” nələrsə yaşatdığına görə.

Müəllif: Pərviz Yəhyalı 

Paralel.az 

0.014046907424927