РИНЦ olmaz, Rusiyanın AАК-ı olmalıdır

РИНЦ olmaz, Rusiyanın AАК-ı olmalıdır
 

İdris Abbasov:

"Bərəkallah!
Görəsən, ölkəmiz üçün faydalı elm nə vaxt olacaq?

Lazımsız işlər üçün nə qədər pullar xərclənir! O pullar bizim ölkənin vətəndaşlarının canından çıxır! Kasıb ailənin bir aylıq ərzaq pulunu ölkə və xalq üçün heç bir faydası olmayan hansısa məqaləyə xərcləmək nə deməkdir? Bu zərərli fəaliyyəti təşviq edən şəxslər və qurumlar tək olanda vicdanları qarşısında hesabat verirlərmi? Təkrar edirəm: o əsərlərin ölkəmizə, dövlətimizə, xalqımıza, elmimizə 1 qəpiklik faydası yoxdur! Bəs faydasız işlərə pul xərclənməsinə təhrik edənlər kimlərdir, nələrdir?
Görəsən, ölkə üçün zərərli işlər görmək niyə bu qədər təşviq olunur və bunun arxasında hansı maraqlar dayanır? O vicdan heçmi qalmayıb? Öz xalqına, dövlətinə qarşı bu qədər laqeyd, daşürəkli olmaq olarmı?! Gəlin, o məqalələrin monitorinqini keçirək. O zaman dövlətə və xalqa qarşı bu biganəliyin gerçək adını tapa bilərik!
 
Ali Attestasiya Komissiyası qəribə bir tələb irəli sürüb. İddiaçının məqaləsi Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının siyahısına daxil olmalıdır (?!). Yəni məqalənin Elmi Sitatgətirmə İndeksinə (РИНЦ /Russian Science Citation Index ) daxil olmasının əhəmiyyəti yoxdur. Mütləq Rusiyanın “VAK”ına daxil olmalıdır.
Halbuki Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamədə belə bir tələb və ya müddəa yoxdur. Həmin Əsasnamədə başqa dövlətin Ali Attestasiya Komissiyasının siyahısına daxil olma kimi bir məzmun mövcud deyildir. Sənəddə birmənalı olaraq beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə məqalə çap etdirmək tələbi var. Özü də əsl elmi məqalə, daha bizim etdiyimiz kimi formal pitikvari cızma-qara və gözə kül üfürmə yox.
Bəs “Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının tərtib etdiyi siyahıya daxil olmalıdır” tələbi haradan çıxdı, ey AAK?
Təbii ki, bütün bunlar qətiyyən elmin inkişafına xidmət etmir. Nüfuzunu elmi təftişin sambalı ilə deyil, diplomvermə funksiyası ilə səciyyələndirən qurumun hələ də diqqətdən kənarda qalması, ümid edək ki, sırf müvəqqəti xarakter daşıyır.
AAK adlı qurumun elm sahəsində məsuliyyətsizliyi şərtləndirməsi haqqında faktları ehtiva edən təhlillərə ciddi ehtiyac var.
PS. Əsl alim elmi fəaliyyətindən bilinir. 3-5 formal məqalə, tezis pitikləri ilə əldə edilən elmi dərəcə və adın gerçək elmlə heç bir əlaqəsi yoxdur. İki nümunə: Universitet təhsili olmayan Mirzə Kazımbəyə bir dərsliyinə görə professor adı verilmiş, ifi dəfə Demidov mükafatı ilə təltif edilmişdir. Şərqşünasımız Ələsgər Məmmədov Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim olub. O, 1994-cü ildə birbaşa pedaqoji elmlər doktoru alimlik dərəcəsini alıb. Onun yazdığı dəyərli dərslik doktorluq dərəcəsi almaq üçün kifayət etmişdir.
İndi isə lazımsız dissertasiyalar, 3-5 mənasız məqalə-tezis pitikləri (özü də Rusiya VAK-ına, yaxud ölkədən valyuta axınına səbəb olan mənasız xarici nəşrlər) və şıdırğı elmi dərəcə və elmi ad vurçatlasınları. Saxta işlər üçün ortada konkret məsuliyyət daşıyan qurum və ya şəxs sanki pitiklərdən təsirlənib qeybə çəkilib. Şap atır şupun üstünə, şup da atır sapın üstünə..."

Paralel.az

0.02874493598938