Mən sülh istəyirəm bu məmləkətə

 Mən sülh istəyirəm bu məmləkətə
 

Bu gün bütün dünyada "Beynəlxalq Sülh günü" kimi qeyd olunur. Hesab edirəm ki, bu gün bizim də əsil sülhə böyük ehtiyacımız var. Mən də sülh istəyən milyonlardan biriyəm.

Kərim Kərimli

Mən sülh istəyirəm bu məmləkətə

Demişdim bir daha ağlamayaq biz,
Bir daha gözümüz yaş axıtmasın.
Yalançı, saxtakar ağı deyənlər,
Yalandan baş əyib, yaxa cırmasın!

Demişdim sülh olsun, qan tökülməsin,
Sərhədlər qızılgül qoxusu versin.
Bir daha yurdumda qan əkilməsin,
İnsan qəm becərib, kədər dərməsin...

Heyhat! Yenə atəş qəlbimə dəydi!
Ürək səksən yerdən paralanıbdır!
Bu böyük faciə qəddimi əydi,
Təkcə mən yox, ölkəm yaralanıbdır!

Düşmən nə istəyir, dost nə söyləyir? –
Açın, deyin xalqa hər şeyi daha!
Bilsin bizi hara, kim sürükləyir?
Bilsin ki, dünənə, yoxsa sabaha...

Rusiya – qartımış o şər yuvası,
Açsın “məram”ını, açıq söyləsin.
Hayastan – “urus”un hərəmxanası,
Alsın “nəsib”ini, üzü gülməsin!

Ölkəm başdan-başa matəm içində,
Axı haçanadək inləyəcəkdir?
Titrəyir varlığım bu qəm içində,
Nə vaxtadək bu alov sönməyəcəkdir?!

Nə vaxt qurtaracaq bu şər, bu bəla?
Azdırmı “səksən”, yoxsa çoxdumu?
Bu “Xocalı gecəsi”, bu Kərbü-bəla –
Şəhadət dərsinin sonu yoxdumu?

Mən bir insanam, adi bir İnsan,
Rəsmi sənədlərdə adım var mənim.
Eşqim ilahidən, diləyim haqdan,
Qəlbimdə Allahdan odum var mənim.

Etiraz edirəm bir İnsan kimi,
Bu qanlı qırğına, bu fəlakətə!
Eşitsin bu dünya mənim səsimi –
Mən sülh istəyirəm bu məmləkətə!
Mən sülh istəyirəm bu məmləkətə!

Paralel.az

0.069700956344604