Kimsə öz "ov"unun qəsdinə durur...
Aybəniz Əlyar
Bir sərçə qəflətən qırdı qanadın,
Bir pişik sevindi həmin o axşam.
O sərçə deyildi, candı bir udum,
Bir göz qırpımında bitdi bir yaşam.
Bir siçan nəfsinin toruna düşdü,
Bir quzğun şığıdı ovunun üstə.
O siçan o yerdə adi bir leşdi,
Quzğun toxunmurdu ovuna qəstən.
Kimsə sərçə kimi qanadın qırır,
Kimsə pişik kimi sevinir bu gün.
Kimsə öz "ov"unun qəsdinə durur,
Kimsə "ov" aparır evinə bu gün.
Adam var, haqqını halal qurmuşdur,
Adam var, nahaqqı çəkir birə-beş.
Adam var, pişiyin ağzında quşdur,
Adam var, quzğunun caynağında leş.
Tale - naxışlanmış ən gözəl sənət,
Kimi ov, kimidi ovçudur, əlbət.
(Çalış, nə pişiyin ağzında quş ol,
Nə də bir quzğun ol, nə də bir leş ol.)
Əlində deyil ki, bu ömür, bu gün,
Gözünü bir açdın-bir yumdun bitər.
Bütün ağrıları bitirmək üçün,
Bəzən öz-özünü əfv etmək yetər.
Paralel.az