Firuz Mustafa
Vəzifəyə gətiriləndə bəh-bəhlə və çəpiklə qarşılanıb, vəzifədən gedəndə qəh-qəhlə və təpiklə qovulanları görəndə bilirsiz yadıma kim və nə düşür?
Nizami Gəncəvi və onun “Sirlər xəzinəsində”ki bir hekayət. Bilirsiz o hansı hekayət və hansı rəvayətdir? Bazarın yaxınlığından keçən İsa peyğəmbər ölmüş itə rişxənd edən adamlara nə deyir?..
Qalanını özünüz tapıb oxuyun.
Nizaminin dediyinə yalnız bircə kəlmə əlavəm var: çalışmaq lazımdır ki, yeriyəndə göz ayağın altını seçsin.
...Nizamidən başqa bir ibrətamiz hekayət.
“Sirlər xəzinəsi”nə daxil olan “Bir şahzadə haqda hekayət”də göstərilir ki, Mərvdə dövələti idarə etməyə başlayan gənc bir şahzadə yeni “islahatlar” keçirmək qərarına gəlir. Lakin ətrafındakı taxtabaş və cahil məmurlar, təxribata əl atır, onu taxtdan endirməyə çalışır. Gənc şahzadə iki daş arasında qalır: o, ya zamanla ayaqlaşmalı- yeniliyə meydan verməli, ya da köhnələrin və köhnəliyin əsirinə çevrilməlidir.
Bir gün gənc şahzadə yuxuda nurani bir qoca ilə dialoqa girməli olur. Hökmdarın yuxusuna gələn müdrik ona belə deyir:
Ey təzə ay, köhnə olan bürcü sök,
Ey təzə gül, köbnə budaqları tök.
Ölkə səninlə ola ta bərqərar,
Şadlıq edib sən də yaşa bəxtiyar.
Gənc şahzadə elə bu cür də hərəkət edir. Ona mane olan “köhnə kötükləri”, yəni yenilik düşmənlərini aradan götürür, qanunlar qüvvəyə minir, dövlət inkişaf edir.
Düzü, Nizaminin gələcəyə bir mesaj kimi ünvanlanan bu fikri mənə bu gün heyrətamiz inkişafda olan Sinqapuru xatırlatdı. Ölkənin Baş naziri Li Kuan Yu tərəfindən həyata keçirilən böyük islahatlar nəticəsində “iqtisadi möcüzə” baş verdi. Amma bu iş asan başa gəlmədi. Yu özünün bir çox dostları ilə vidalaşmalı oldu; həm fiziki, həm də mənəvi mənada. Cəmi 1 min kv/km-dən də az ərazisi, 6 milyona yaxın əhalisi olan bu şəhər-dövlətdə adambaşına düşən gəlir 87 830 dollardır. Müqayisə üşün deyək ki, Rusiyada bu rəqəm 10 600 dollardır.
Qeyd: Sinqapurun indiki prezidenti xanım Həlimə Yaqobdur.
Paralel.az