Nensi Pelosi niyə“AĞLAYIB”?

Nensi Pelosi niyə“AĞLAYIB”?
 

Rövşən Kəbirli:

"İrəvanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin verdiyi bəyanatlar, xüsusilə onun xainlərin şərəfinə ucaldılmış abidənin önündəki davranışları gündəmin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Ondan başlayaq ki, ümumiyyətlə Pelosi orda ağlayıbmı və ağlayıbsa niyə ağlayıb? Mənim versiyalarım belədir:
1). N. Pelosi protokola uyğun olaraq ziyarət zamanı qəmgin görünsə də, ümumiyyətlə ağlamayıb. Doğrusunu oftomoloqlar bilər, əksər yaşlı insanlarda qeyri-ixtiyarı gözündən yaş gəlir. 61 yaşında məndə də tez-tez bu hal baş verir. Bu baxımdan mümkündür ki, havanın tozlu olmasından, yaxud təbii olaraq o ərəfədə Pelosinin gözündən yaş gəlsin. Təbii ki, bu vəziyyətdə Nensi xala yanağından süzülən damcını silməyə məcbur kimi əlini o istiqamətə aparmalıdır ki, fürsətçil erməni mediası da bu şansı qaçırmayıb.

2). Həqiqən də təqdim olunduğu kimi Pelosi abidə önündə göz yaşı axıdıbsa, bunun yalnız bir səbəbi ola bilər. 1915-ci il olaylarında çörəyini yediyi Türkiyəyə arxadan zərbə vuran və bu səbəbdən də cəzalandırılan xain ermənilər arasında soy-kökü etibarıyla Pelosiyə əziz olanlar da olub ki, artıq bunu araşdırmaq tarixçilərin işidir. Bizim tarixçilərin deyil, Boris Conson baş nazir kimi nəfəsini dərməmiş babasını tapıb ortaya çıxaran Türkiyə tarixçilərini nəzərdə tuturam. Əks halda tarixi qaynaqlardan xəbərdar siyasi xadim kimi Pelosi heç bir halda yaşadığı dövlətə xəyanət etmiş bir toplum üçün ağlaya bilməzdi. İstəsə belə gözündən yaş gəlməzdi.

Mən hələ onu demirəm ki, o an Pelosi ağlayırdı, yoxsa sadəcə üzünə qonan milçəyi qovurdu, yaxud toz səbəbindən göz qişasında yaranan təbii suyu silirdi, məlum deyil. Onu da istisna etmirəm ki, məzar başında Pelosi nə vaxtsa itirmiş olduğu doğmasını xatırlayıb ağlasın. Yas yerlərində öləni qoyub öz ölüsünü ağlayanlar kimi...
Məlumat üçün onu da qeyd edim ki, Pelosi həqiqətən ağlayıbsa, hesab edin ki, bu göz yaşları təmənnalıdır və ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində bu ölkədəki 2.5 milyonluq erməni lobbisinin səsini almağa hesablanmış siyasi gedişdir.

O ki qaldı faktiki ABŞ-ın 2-ci şəxsi sayılan Pelosinin verdiyi siyasi bəyanatlara, burda xeyrimizə və ziyanımıza olan məqamlar var.
Məsələn, Ermənistanın bu dəfə ABŞ-ın himayəsinə sığınması ona yox yerdən dövlət yaratmış Rusiyanı, o cümlədən Qarabağ münaqişəsi başlayandan Ermənistan üçün nəfəslik olmuş molla rejimini qəzəbləndirməyə bilməz. Bəs necə, ilanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağızında bitir. İllərdir bizi İsrail və ABŞ-a işləməkdə ittiham edən, az qala üstümüzə leşkər çəkən İranın molla rejimi üçün bizə münasibətdə nə qədər yalnışa və ədalətsizliyə yol verdiyi aydın olacaq. İstisna etmirəm ki, yaxın bir il ərazində (Ukrayna qələbə çalacağı halda, daha tez) Rusiyanın İrəvandakı 102-ci hərbi bazası ölkədən çıxarılacaq. O vaxt “Zəngəzur sərhəd xətti bizim qırmızı cizgimizdir, mövcud status dəyişilə bilməz” "bayatısı" oxuyan İranın əsib-coşmağına da son veriləcək.
Yaranmış gərgin situasiya ölkə başçısı İlham Əliyevdən ilk növbədə ölkədə demokratik açılım üçün çevik və təxirəsalınmaz qərarlar qəbul etməsini diqtə edir. Hökumət parlamenti buraxıb, kosmetik dəyişikliklərlə yenidən siyasi səhnəyə gətirməklə demokratiya istiqamətində addım atmaq şansını qaçırmasaydı ölkə bu gün ABŞ və Qərbdən getdikcə daha ucadan səslənən tənqidlərə hədəf olmazdı.
Ən önəmlisi batmaqda olan Putin gəmisindən düşməyə tələsməyənlər, bu yalnış siyasətilə təkcə 30 illik sülalə hakimiyyətini deyil, bütövlükdə Azərbaycanı zərbə altında qoymuş olur.!
Niyə bunca varlı dövlətin Pelosi kimi yalandan da olsa dərdimizə ağlayan, problemlərini dünyaya duyuran, səsi eşidilən himayəçisi yoxdur(?) sualı da ayrıca bir dərddir.

Paralel.az

0.1818699836731