Şagird yerdəyişməsində müəmma: Uşaqların təhsil hüququnu kim pozur? – ŞİKAYƏT

Şagird yerdəyişməsində müəmma: Uşaqların təhsil hüququnu kim pozur? – ŞİKAYƏT
 

Bakı sakini Ramin Abılyev Təhsil Nazirliyindən şikayətçidir. O yaşayış yerinin dəyişməsi ilə əlaqədar övladının məktəbini də dəyişmək məcburiyyətində olduğunu bildirir. Valideyn bu prosesi onlayn yolla həyata keçirib. Övladının yerdəyişməsi portal vasitəsi ilə həyata keçirilsə də uşaq yeni məktəbə köçürülmür.

“Bu il oğlum Abıyev Nicat Ramin oğlu Xətai rayon 64 saylı məktəbin məktəbə hazırlıq kursunu, qızım Abıyeva Nilay Ramin qızı  isə həmin məktəbin 3-cü sinfini bitirdi. Amma indi Binəqədi rayon Sulutəpə qəsəbəsinə daimi yaşayış yerinə köçməklə əlaqədar olaraq uşaqlarımın da məktəblərini dəyişmək zərurəti yaranıb. Üstəlik hər iki övladım Binəqədi rayon qeydiyyatındadır. Bununla əlaqədar olaraq yerdəyişmə portalı vasitəsi ilə qeydiyyatdan keçmişəm. Oğlum Binəqədi rayon 313 saylı məktəbin 1-ci sinifinə qəbul edilib. Qızımı isə 10.08.22-ci ildə portaldan qeydiyyatdan keçirməyimə baxmayaraq hələ də yerdəyişmə olmayıb”.

Valideyn bildirir ki, Təhsil idarəsinə həm şifahi həm də yazılı müraciət edib, lakin hər dəfə eyni  məzmunda cavab alıb: “məktəbdə yer olmadığı üçün yerdəyişmə aparılmır”.

Məktəbdə yer yoxdusa əgər 1 ay ərzində Təhsil Idarəsində fil yuxusuna gedənlər nəyə görə vaxtında valideynlə hər hansı bir əlaqə (e-mail / sms / elektron məktub və s. vasitəsi ilə) yaradıb demirlər ki vəziyyət belədir. Uşağı qeydiyyatdan keçirərkən qeyd etdiyimiz e-mail ünvanı və mobil nömrəmiz nə üçündür?!

Tədrisin başlanmasına  1 gün qalıb, sistem deyir yer yoxdur. O zaman elektron yerdəyişmə niyə valideyni arxayın salır? İndi valideyn neyləsin? 1 uşaq Binəqədi rayonunda, 1 uşaq Xətai rayonunda təhsil alsın?  

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsinə yazılı sorğu göndərdik. 2 iş günü ərzində idarədən heç bir cavab bildirilmədiyi üçün materialı rəsmi cavabdehin rəyi olmadan dərc etdik. Beləliklə problemin qaynağını, səbəbini öyrənə bilmədik. Nilay sabah hansı məktəbə gedəcək, valideyn 2 övladını 2 fərqli rayonda yerləşən məktəbinə eyni vaxtda necə aparacaq, bəlli deyil…

Lalə Mehralı

 

0.018011093139648