Dramaturq var. Rejissor var?
Firuz Mustafa:
"Aradabir illərin mürgü dənizindən boylanıb dünyaya baxmaq istəyən çağdaş ədəbiyyat “cəfakeşlərinin” gah pıçıltı, gah da nərilti ilə yayılan səsi eşidilir:
-Bizdə poeziya yoxdur.
-Bizdə nəsr yoxdur.
-Bizdə, ümumiyyətlə, ədəbiyyat yoxdur.
Bu ədəbiyyat “cəfakeşlərinin” bir adı da vaxtilə “tənqidçi” olub. İndi deyəsən o peşə şirin xəyallar kimi yoxa çıxıb. Elə ona görə də eşidilən pıçıltı və nəriltiyə əks-səda kimi “alternativ” bir cavab gəlir:
-Xeyr, bizdə ədəbiyyat var, amma tənqid yoxdur.
Ara-sıra bu qarşılıqlı, çarpaz xorda sısqa, zəif bir solo-mono da eşidilir:
-Bizdə dramaturgiya yoxdur.
Adamdan soruşarlar ki, ay adam, hansı əsəri oxuyub tənqid, təhlil etmiş və ya hansı təklifdə bulunmusan?
Mən belələrinə dəfələrlə cavab yazmışam. İndi isə çox qısa şəkildə fikrimi izhar etməyə çalışacam.
Bəli, bu soloya hərdən teatr “cəfakeşlərinin” də səs qoşulur:
-Bizdə dramaturq yoxdur. Ona görə də yaxşı tamaşalar hazırlaya bilmirik.
Quyunun dibindən gələn bu səsin sahibi də vəzifəsi dram əsərlərini səhnəyə qoymaqdan ibarət olan kəsdir. Vaxtilə bu peşənin sahiblərinə “rejissor” deyərdilər. İndi bu peşə də, deyəsən, elə “tənqidçilik” kimi yoxa çıxmaqdadır.
Bəli, “tənqidçilər” ümumiyyətlə ədəbi əsərlərin, rejissorlar isə dramaturji əsərlərin yoxluğundan şikayət edirlər.
Bu barədə bir qaç kəlmə demək istəyirəm.
Adamdan soruşarlar ki, yaxşı, tutaq ki, bizdə dramaturq yoxdur, bəs dünya ədəbiyyatında necə? Bəlkə dramaturqların bir sinif kimi kökü tam kəsilib? Lap elə tutaq ki, müasir zamanda dramaturq yoxdur, bəs keçmişdə necə? Bəlkə Sofokl, Şekspir, Molyer, Çexov, Brext, İonesko, Pirandello, Bekket, Şou da olmayıb? Şou demişkən, bu günkü rejissorlara Bernard Şou yox, hoppanıb-düşən “sənətkarların” şousu lazımdır. Hə, sualımız hələ davam edir. Bəs niyə həmin dramaturqların yaradıcılığına müraciət etmirsiz? Deyə bilərsiz ki, müraciət olunur. Elə isə yenə sual meydana çıxır: Bəs onda hanı ortaya qoyduğunuz tamaşa? Bəs hanı anşlaqlar, hanı alqışlar? Qısası hanı sizin uğurlu tamaşanız?
Dramaturgiya var. Sadəcə olaraq, onun qarşısına dəmir, çugun, polad səddlər çəkilib.
Şəxsən mənim müxtəlif teatrlarda 30-dan çox, son üç ildə isə üç xarici ölkədə üç pyesim tamaşaya qoyulub. Niyə gizlədək, az qala bütün sahələrdə olduğu kimi, bizdə teatrlar da monopoliyaya alınıb. Özü bə bu monopolistlər hansısa dövlər strukturlarında çalışan kəslər deyil, elə teatrların öz “sahibləridir”. Əksər teatrlarda rejissorluq institutu bir sinif kimi ləğv edilib. Direktorlar hakimi-mütləqdir. İndi direkrorların əksəriyyəti həm rəssam, həm bəstəkar, həm də ... direktordur.
Sözün qısası: dramaturq var. Bəs rejissor?"
Paralel.az