Dövlətin və mədəniyyətin hüdudları düşüncənin, xəyalların hüdudları qədərdir (mi)!?
Yasəmən Qaraqoyunlu:
Dəyərli dostlar. Bu günlərdə sayın Mustafa Gürbüzün proqramında çox dəyərli müəllimim Cəmil Həsənlinin Dugin haqqında konuşmasını dinlədim.
Rusiyaya da onun Dugin kimi ideoloqlarına da nifrət edirəm. Düşmənimizdir. 500 ildir Rusiya Türk irqini və coğrafiyasını parça parça etdi. Türk irqinin yox olması üçün III Roma, Panslavyanizm, ortodoks birliyi, kommunizm, Avrasiyaçılıq ideologiyaları adı altında Türk dövlətlərinə qarşı soyqırım yapdı.
Yekaterina fransız maarifçisi Volterə yazdığı məktubunda özünü Avropanı türklərdən qoruyan kraliça adlandırmışdı.
Rusiya Türk millətinin düşmənidir. Bu aydındır.
Lakin Dugini doğru xarakterizə etmirik. Dugin bir ideoloq kimi, siyasət fəlsəfəçisi kimi Avro Atlantik siyasi strategiyalara, Avropa mədəniyyətinə, fəlsəfəsinə, imperializminə qarşı alternativ Rus-slavyan-ortodoks strategiyası, imperialist siyasi fəlsəfəsi, görüşləri hazırlamağa cəhd edirdi. Dugini önəmli qılan məhz bu cəhd, bu fəaliyyət, bu ruh idi. Dugin bunu müəyyən mənada da başarmışdı. Tək qütblü AvroAtlantik düzənə qarşı çox qütblü düzən ideyasını-Plüversium ideyasını fəlsəfi baxımdan əsaslandırmağa çalışmışdı.
Bəs müəllimim, böyük tarixçimiz Cəmil Həsənli öz siyasi görüşlərində, siyasət fəlsəfəsində hansı dünya düzəni ideyasını təbliğ edir, dəstəkləyir. Hansı dünyanın təbliğatçısı, dəstəkçisidir? İzlədiyim qədəri ilə əziz müəllimim AvroAtlantik mərkəzli dünya düzəninin, siyasətinin, mədəniyyətinin müdafiəçisidir. Yəni AvroAtlantik mərkəzli tək qütblü dünya düzənini dəstəkləyir. Avropa imperializmini mərkəz alan siyasi proseslərin, görüşlərin içində hərəkət edir.
Təəssüf ki, müəllimim Cəmil Həsənli, böyük tarixçimiz siyasətdə Türk imperialist düşüncəsini təmsil edə bilmədi. Avropa imperializminə, Avropa mərkəzli dünyaya alternativlər ürətmədi, Türk alternativini yaratmadı, Türk stratejisini bəlirləmədi. Sadəcə tarixi prosesləri yazdı. Təsvir etdi. Tarixçi oldu. Stratejist olmadı. Cəmil Həsənlinin siyasət fəlsəfəsi nədir? Avropa mərkəzli dünya prosesləri içində bir Azərbaycan təsəvvürü. Azərbaycanın AvroAtlantik dünyaya inteqrasiyası.
Dostlar Azərbaycan cəmiyyətinin, aydınlarının, siyasi elitasının, stratejisinin qarşısında iki yol var. İki sual, iki seçim var.
1. AvroAtlantik mərkəzli tək qütblü dünya düzənini, siyasətini dəstəkləmək, inteqrasiya prosesi gerçəkləştirmək, Avropanın bir parçası olmaq.
2. Mədəniyyətlərin, sivilizasiyaların güc tarazlığına, bərabərhüquqlu əməkdaşlığına əsaslanan çox qütblü dünya quruculuğunu, siyasi fəlsəfəsini, stratejisini dəstəkləmək. Bu proses Azərbatcanın qarşısına yeni hədəflər, vəzifələr qoyur. Azərbaycanın daxil olduğu, təmsil olunduğu Sivilizasiya quruculuğuna başlamaq. Turan sivilizasiyasını, Türk-İslam sivilizasiyasını bərpa etmək. Bu sivilizasiya 18-20 əsrlər ərzində Batı imperializmi tərəfindən yenilmiş, dağıdılmışdır.
Çox qütblü dünya dedikdə, yalnız Avropa mərkəzli, Avropa mədəniyyətinin hakim olduğu bir dünya yox, çox mərkəzli, çox sivilizasiyalı, çox mədəniyyətli dünya başa düşülür. Çox qütblü dünyada Avropa da, Rusiya da qütblərdən sadəcə biri olurlar və dünyada hegemonluq iddiası yürüdə bilmirlər.
Dugin nəzəri baxımdan çox qütblü dünya düzənini dəstəkləsə də, Rus-Slavyan-ortodoks mərkəzli güclü bir Avrasiya qütbü inşa etməyə çalışda da çox zamanlar Rusiyanı dünyanın mərkəzinə qoymaqla öz öz baxışlarını təkzib edirdi. Çünki İmperiya qürurunu təmsil edirdi.
Əziz müəllimim Cəmil Həsənli türk imperiya qürurunu təmsil etmir. Etmədi. Batı mərkəzli, Batı hegemonyası içindəki dünya içində bir Azərbaycan, bir az da uzağa getsək Bütöv Azərbaycan təsəvvür edir.
Fərq məhz buradadır, düşüncədədir. Dugin və bir çox rus aydınları Batı hegemonyasını qəbul etmir. Rus mərkəzli dünya təsəvvür edir. İmperiya təfəkkürünü təmsil edir.
Azərbaycan aydınları dünya təsəvvürü yox, region təsəvvürü-regionda Bütöv Azərbaycan təsəvvürü ürətə bilir. Düşüncədəki Fərq Rusiya ilə Azərbaycan arasındakı fərq qədərdir. Rusiya dünya dövləti olmaq istəyir, Azərbaycan bölgə dövləti olmaq istəyir.
Dövlətin və mədəniyyətin hüdudları düşüncənin, təsəvvürün, ruhun hüdudları qədərdir.
Cəmil Həsənlini çox sevirəm. 30 ildir ki, Azərbaycanın yüksəlişi uğrunda ömrünü, ailəsini fəda etdi. Ömür xərclədi. Bizə xərclənmiş bir ömürü, fəaliyyətləri, parlaq bir aydın duruşu ilə qəlbimizdə, tariximizdə, elmimizdə daim qalacaqdır. Son 30 ildə Azərbaycanın demokratikləşməsi davasının lideridir. Bu mübahisəsizdir. Lakin Cəmil Həsənlinin Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərini, siyasi stratejisini əsla qəbul etmirəm, dəstəkləmirəm. Çünki Azərbaycanı təmsil etdiyi tarixi, coğrafi, sosio-kültürəl təməlləri baxımından Avropanın bir parçası kimi görmürəm. Avropanın müttəfiqi, tərəfdaşı ola bilərik, bir çox dəyərlərini əxz edə bilərik, lakin hissəsi, parçası ola bilmərik. Nə Avropa-Amerika, nə Rusiya. Nə Batı imperializmi, nə Rus imperializmi. Türk Birliyi. TDB. Türk sivilizasiyası. Ailədə, dövlətdə, dəyərlərdə, mənəvyyatda Türk gələnəklərini dirçəldib, müstəqil azad bir dünya, bir güc olmaq. Türk dünyasının mərkəzi olmaq.
Biz XXI yüzili çox qütblü dünya quruculuğu dönəmi kimi xarakterizə edirik. Biz çox qütblü dünya düzənini, təsəvvürünü dəstəkləyirik. Turan mədəniyyəti, Turan bloku çox qütblü dünyada qütblərdən biri olacaqdır. Öz qütbümüzü quralım deyirəm. Milli enerjimizi Turan quruculuğuna xərcləyək. Turanı dirçəldək.
P.S. Bu status Cəmil Həsənlinin şəxsiyyətinə qarşı yönəlmiş bir tənqid deyildir, pisləmək və ya ona qarşı çıxmaq cəhdi kimi anlaşılmamalıdır. Əsla belə niyyətim yoxdur. Bu Azərbaycanda, aydınlar arasında dünyanın, Azərbaycanın gələcəyi haqqında bir müzakirəyə başlatmağa cəhddir. Düşündürməkdir.
Paralel.az