Nizami polisi 1-ci dərəcəli Qarabağ qazisinə qarşı “xüsusi əməliyyat” keçirib - FOTO

Nizami polisi 1-ci dərəcəli Qarabağ qazisinə qarşı “xüsusi əməliyyat” keçirib - FOTO
 

Nizami polisi 1-ci dərəcəli Qarabağ qazisinə qarşı “xüsusi əməliyyat” keçirib.

Qazi haqqında qatı cinayətkar obrazı yaradıb işgəncə veriblər.

Xətai məhkəməsinin 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlili kimi mənə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarını borclular ƏMDK,  Nizami RİH və Ədliyyə Nazirliyinin icra məmurları mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib saxta şəhadətnamə ilə satıblar. 14-cü ildir baş prokurorluğa, polisə, məhkəməyə, Ombudsmana şikayətlərim sonuc vermir. Ötən ilin bu çağlarında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətti şikayətimi qəbul edib, qanuni tədbirlər görüləcəyinə söz versə də, sözdən işə keçilmədi.

29.03.2022-ci ildə 0121077704020 nömrəsindən zəng edən Ceyhun adlı icra məmuru 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı qətnamənin şəklini 0507704020 vatsapp nömrəsinə göndərməyi, Elçin adlı şəxsə də qəbul etməyi tapşırdı. Qətnaməni alandan sonra şantaja keçdi ki, icra vərəqi saxtadır, qətnamənin nəticə hissəsinə uyğun deyil. Ha anlatmağa çalışsam da ki, qətnamə də, onun əsasında verilmiş icra vərəqi də (3 il gizlədikdən sonra 2014-cü ildə) məhkəmədən göndərilib və istənilən halda , tələbkarın məhkəmə qərarının 13 ildir icra olunmamasında heç bir suçu yoxdur , başabəla icraçı anlamadı. Əksinə, tələbkarı şantaj etdi ki, hüquq mühafizə orqanlarına müraciət ediləcək. Yenə də anlada bilmədim ki, hüquq mühafizə orqanlarının ən yekəsi elə baş prokurorluqdur və oradan da tələbkarın şikayəti icranın təmin edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib. 2 ay keçdi, 25.05.2022-ci ildə korrupsiyaya qarşı mübarizə baş idarəsinin Orxan Hüseynov adlı prokuroru 0507658875 nömrəsindənzəng edib izahat almağa idarəyə çağırdı. Ertəsi gün gedəndə, “xox” gəldi ki, icra vərəqi saxtadır. Hansı yolla müəyyən etdiyinə aydınlıq gətirə bilmədi və əsl icra sənədinin də olmadığını bildirib, sorğu-suala çəkdi. Təbii ki, bu qanunsuz sorğulama kağızını imzalamaqdan imtina etdim və öz yazdığımı , qəbul etməkdən imtina etdiyindən, idarənin çölündəki poçt qutusuna atdım . Daha 2 ay keçdi, 11.07.2022-ci ildə Nizami RPİ-nin müstəntiqi Qalib Kərimlinin 0555204740 nömrəsindən zəngi ilə “barəmdə olmayan cinayət işi”nin korrupsiyaya qarşı mübarizə baş idarəsindən polisə göndərilməsi sorağını aldım. Müstəntiqdən Cinayət Prosessual Məcəlləsinin 226-cı maddəsinin tələbinə uyğun olaraq çağırış vərəqəsinin göndərilməsini və orada hansı qisimdə, nə vaxt , haraya gəlməli olmağımın göstərilməsini tələb etdim. Hələ də tələbimə əməl edilməyib.

Fikir verin, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə qərarının icra olunmaması haqqında, ona verilən əmlakın saxta şəhadətnamə ilə ələ keçirilib satılmasından şikayətləri üzrə polis,  prokurorluq 14-cü ildir bir dəfə də olsun izahatını almayıb , amma əmlakını zəbt edən “lotu” məmurların sifarişi ilə prokurorluq və polis zorla izahatını alır. Özü də 14 ildə bir dəfə də olsun icra hərəkəti etməyən icra məmurlarının əli ilə. Belə məhkəmə təminatı, insan hüququ qorunar?

Mənim bu dələduzların şantajından qorxmadığımı, hüququmu tələb etdiyimi görəndə, Nizami polisinə 1-ci dərəcəli Qarabağ qazisinə qarşı “xüsusi əməliyyat hazırlamağı” sifariş ediblər. Sifariş əsasında 24-cü Polis Şöbəsinin sahə müvəkkili Elçin İslamov barəmdə cinayətkar obrazı yaradıb, uşaqlarıma , 2 ildir getmədiyim kənddəki qohumlarıma, həyat yoldaşımın işlədiyi məktəbə qatı cinayətkar kimi axtarışda olduğum saxta – feyk xəbərini verib.( Hər 5 ildən bir sahə müvəkkili Elçin İslamovun “donosu” ilə polisə aparılıb işgəncəyə məruz qaldığımdan ailə üzvlərim yenə də işgəncənin təkrarlanacağından stressdə olublar və indi də məni suçlayırlar ) . “Xüsusi əməliyyat”ın zərgər dəqiqliyi ilə işlənməsinə baxın, özümdən başqa hamıya axtarışda olduğum deyilib! (?) Mən heç kimi başa sala bilmədim və indi də bilmirəm ki, heç kəs , barəsində şikayət,  cinayət işi olmadan, özbaşınalıqla axtarışa verilib polisə aparıla bilməz. Amma özümü elə axtarış adına güdüb 03.09.2022-ci ildə 2 körpə nəvəmlə “cinayət başında” yaxalayıb, 24-cü PŞ-də işgəncəyə uğradıblar. 24-cü PŞ-nin rəis müavini Natiqin başçılıq etdiyi quldur dəstəsi qollarımı arxadan qandallayıb ölümümə döyüblər və 9 qabırğamı sındırıblar, ağ ciyərimdə hematoma əmələ gəlib. Tibbi, hüquqi yardım göstərilməsinə də qadağa qoyublar. “Xüsusi əməliyyat” Nizami RPİ-də davam edib. 2 sutka yaralı vəziyyətdə saxlanılmağım, şikayət etməyə qələm- kağız verilməməsi, kor gözlüyümün gizlədilməsi bir yana, müstəntiq Qalib Kərimlinin həmin günlərdə etdiyi hamısı ağır cinayətlər sayılır. Təsəvvür edin, məni həbsdə qoluqandallı saxlayıb, gəlib evimdə, yataq otağında “protokol qaydasında” axtarış aparıblar, qiymətli əşyalarımı, sənədlərimi oğurlayıblar, oğlumun kompüterini götürüb aparıblar və hələ də qaytarmırlar. Bu yekəlikdə özbaşınalığı müstəntiq, sahə müvəkkili, 24-cü PŞ özfəaliyyətlə edə bilməz , sifarişi Nizami polisinə verən Ədliyyə Nazirliyinin dələduzları , onları bu özbaşınalığa şirnikdirən əmlakımı “lotuluqla” ələ keçirənborclu “dövlət lotuları”dır. Qanunla mənimlə danışa bilmirlər, lotuluq yolunu seçiblər. Şərəfsizliyə baxın, 1-ci dərəcəli yataq xəstəsi Qarabağ əlilinə qarşı xüsusi əməliyyat keçirib, daimi həkim nəzarətində olmalı olan qazini polis təcridxanasında qolu qandallı “müalicə edib” , 9 qabırğasını sındırıblar. Nəyin naminə? “Lotu” məmurların tula payına! Əmlakı istəyirsiniz, ələ keçirmisiniz də, daha 1-ci dərəcəli Qarabağ qazisini niyə öldürürsünüz?

Absurddur, dövlətin qanunu ilə müalicəmə yardım amacı ilə sahibkarlıqla məşğul olmağa mənə verilən otaqları saxta şəhadətnamə ilə ələ keçirib, özümü də öldürməyə keçiblər? Budur, əlillər,  qazilər barədə dövlət siyasəti?

Mənə verilən Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 10a ünvanındakı otaqlar sahibkarlıqla məşğul olmaqla çörək, dərman pulu, müalicə üçün gərəkdir, “xüsusi əməliyyat” sonucu 9 qabırğamın sındırılması , ölümə məhkum edilməyim üçün yox. Mənim yeganə cinayətim məhkəmənin qərarı ilə tələbkar olmağımdadır. İstəmirəm, sağlamlığımı verin, sındırdığınız qabırğalarımı, yaşamağa inamımı qaytarın! Ən başlıcası, körpə nəvələrimin sındırdığınız oyuncaqlarını , öldürdüyünüz, bəli, öldürdüyünüz babalarını qaytarın!

Məğrur Bədəlsoy

Paralel.az

0.028146982192993