Qazi DİN-in mətbuat xidmətinə qarşı iddia qaldırıb

 

Qazi DİN-in mətbuat xidmətinə qarşı iddia qaldırıb 
 

 

Qazi DİN-in mətbuat xidmətinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırır

Xidmətin əməkdaşı Nurlan Əliyev isə şər-böhtana görə xüsusi ittiham qaydasında cavab verəcək

“Hürriyyət”in 06.09.2022-ci il tarixli sayında mənim daxili işlər nazirinə açıq müraciətimə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Vətəndaş Məğrur Bədəlsoyun iddiaları əsassızdır” başlıqlı yazı ilə reaksiya verib. Bu cavab mənim barəmdə yalan , şər-böhtan yaymağa xidmət edir , barəmdə mənfi rəy yaradır və toplum içində nüfuzuma ləkə salmaq amacı daşıyır. Birincisi, mən iddia irəli sürməmişəm, 24-cü Polis Şöbəsinin sahə müvəkkili Elçin İslamovun “donosu” əsasında rəis müavini Natiq adlı şəxsin başçılıq etdiyi 10 nəfərdən çox əməliyyat qrupunun məni – 1-ci dərəcəli Qarabağ qazisini körpə uşaqlarının yanından oğurlayıb şöbədə 9 qabırğamı sındırmaları, işgəncəyə , təhqirə uğratmaları faktını media yolu ilə nazirin diqqətinə çatdırmışam . İkincisi, lap qatı cinayət törətmişəm, bəyəm məhkəmə qərarı olmadan vətəndaşa azadlıqdan məhrum etmə, işgəncə cəzası verilə bilər? Ən dəhşətlisi odur ki, məni ölümcül döyüb , qabırğalarımı sındırandan sonra da tibbi yardım göstərilməsinə polis qadağası qoyulub. Hətta oğlum, sonra döyüş dostlarım 24-cü şöbəyə astma dərmanımı gətiriblər, şöbədə saxlanılmadığım yalanı deyilib. Bir sutka sonra qoluqandallı  (qandal izləri hələ də durur) Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğamın sındığını göstərib, amma həkimə ya təzyiq ediblər, ya da həkim peşəsinə naxələf çıxıb həyatıma olan təhlükə qarşısında qospitalizasiya etməyib. Cinayəti gizlətmənin özü də cinayətdir . Bunlar hamısı rentgen, kamera görüntüləri ilə sübut olunan faktlardır. Ən azı, 9 qabırğamın sındırılmasını biləndən sonra humanistlik edib, məni buraxmaq olmazdı? Əksinə, 9 qabırğası sınıq 1-ci dərəcəli Qarabağ qazisinin qandalını daha da bərkidib, barəsində “cinayət axtarışına” çıxıblar. Keçmiş məhkəmə hakimini belə yalançı şahidliyə məcbur edib, məhkəmə qərarı olmadan evimdə “protokol qaydasında axtarış” aparıb, oğlumun (?) kompüterini , sənədlərimi akt tərtib etmədən götürüb aparıblar və hələ də qaytarmırlar. Cinayəti mən törətmişəmsə, ailəmin , oğlumun, hətta körpə nəvələrimin stress, psixoloji travma almasını kimin adına yazaq? Körpə nəvələrimin də polis şöbəsinə aparılması çabasına bəs nə ad verək?

Müstəntiq Qalib Kərimli iki günün içində o qədər ağır cinayətlərə yol verib ki, bunu təkbaşına etməsi mümkün deyil. Arxasında bütöv Nizami polisi durur. Heç sahə müvəkkili Elçin İslamov,  24-cü PŞ-nin “bespredel”ləri də özbaşınalıqlarına qarantiya almasalar, belə dəhşətə və absurda getməzdilər. Təsəvvür edin, müstəntiq Qalib Kərimli və evi “şmon edən” 5 nəfər polis saxta axtarış qərarını məhkəmənin adından sırıyıb . Barəmdə cinayət işi olmadan, şikayət olmadan , məhkəmə qərarı olmadan, iştirakım olmadan evimdə axtarış aparılıb! (?) Bu da vətəndaşın əsassız iddialarındandır? SAXTA SƏNƏD SAXTA QƏRARLA AXTARILIR?

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə yalandan yazır ki, barəmdə Nizami RPİ-nin istintaq şöbəsində rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama , satma və ya saxta sənədlərdən istifadə etmənin tərkib əlamətləri olduğuna görə, Cinayət Məcəlləsinin 320 . 1 maddəsinə əsasən cinayət işi başlanıb. Şər -böhtana, cinayətdə suşlamaya baxın, guya mən 8 növ saxtalıqda şübhəliyəm. Belə ümumi sözlərlə toplumda barəmdə cinayətkar obrazı yaradılır. Sadəcə , barəmdə 320.1 maddəsi ilə cinayət işi başlanıldığı yalanı verilsə, axı oxucuda şok effekti yaratmır! DİN-in mətbuat xidməti adından Nurlan Əliyev bildirir ki, nazirə müraciət etməklə istintaqdan yayınmaq məqsədi daşıyıram  (?) . Absurdluğa fikir verin, bəyəm vətəndaş nazirə müraciət etməklə, istintaqdan yayınır? Belə çıxır, nazir məni 1-ci dərəcəli Qarabağ qazisi kimi tanıdığından, istintaqdan yayındıracaq!? Sonda barəmdə cinayət işinin istintaqının davam etdirilməsi vurğulanır. “Yalançının? ..,,” deməkdən özümü saxlayıram.

Hələlik elə ağır durumdayam ki, özümün məhkəməyə baş vurmaq halım yoxdur, vəkil axtarışındayam.

Vəkilim yəqin soruşar :Vətəndaş Məğrur Bədəlsoyun barəsində şikayət işi hansı tarixdə başlanılıb, nömrəsi? Cavab olmasa (olmayan işin tarixi, nömrəsi olmur, yetim doğulur), DİN-in mətbuat xidməti şərəf və ləyaqəti ləkələdiyinə, Nurlan Əliyev barəmdə yalan məlumat yaydığına görə məhkəmədə cavab verəcək. Mən humanistəm, özüm də mətbuat işçisiyəm, ona görə də üzr istəmək şansı verirəm. Təbii ki, rəsmi yalanlama -təkzib verilməsi ilə.

Məğrur Bədəlsoy

Paralel.az

0.014214992523193