Bilal Alarlının "SON DUA"sı
Şair, yazıçı, folklorşünas, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ədəbi mühitə ötən yüzilliyin səksəninci illərində gəlib, sərbəst məzmunlu şeirlər və real həyatı əks etdirən hekayələr yazır. Bu şeir və hekayələrdə öz taleyini görən oxucular onları sevə-sevə oxuyurlar.
Bilal Alarlı təkcə şeir və hekayə yazmaqla kifayətlənmir, yaşadığı bölgənin dəyərli folklor nümunələrini böyük həvəslə toplayır, nəşr etdiri və araşdırır. O, folklora dair onlarla sanballı, ölkə əhəmiyyətli kitabların müəllifidir.
Ədəbiyyat sevgisi Bilal Alarlını Cənub bölgəsində çoxsaylı nəşrləri ilə tanınan "Nöqtələr” ədəbi qrupunu yaratmağa sövq edir və o, qısa müddətdə ədəbi qrupa çoxlu ədəbiyyat həvəskarı toplayır. Demək olar ki, bu qrup vasitəsilə yüzlərlə gənc şair və yazıçının ilk yaradıcılıq nümunələri və kitabları işıq üzü görmüşdür. Maraqlıdır, həm topluları, həm də gənc şair və yazıçıların ilk kitablarını Bilal Alarlı şəxsi vəsaiti ilə ərsəyə gətirir. O, ədəbi qrupda fəaliyyət göstərən gənc şair və yazıçıların kitablarının işıq üzü görməsinə təmənnasız yardım edir.
Bilal Alarlı bu gün də ölkəmizin digər rayonlarında fəaliyyət göstərən ədəbi birliklərlə sıx əlaqə saxlayır, ədəbiyyatın qarşılıqlı, müqayisəli inkişafına böyük təkan verir. Səmimi demək lazımdır ki, başqa rayonların da şair və yazıçılarının kitablarını çap etdirməyə olan mümkün köməyini əsirgəmir.
XX əsrin əvvəllərində Mirzə Cəlil, Mirzə Ələkbər Sabir ədəbi məktəblərinin fəaliyyətini sevə-sevə oxumuşuq və onları ədəbiyyatımızın, mədəniyyətimizin və yaxın tariximizin nəhəng simaları adlandırmışıq. Mənə elə gəlir ki, iyirminci yüzilliyin sonlarında "Nöqtələr” ədəbi qrupundakı çoxşaxəli fəaliyyətini Bilal Alarlı Ədəbi Məktəbi adlandırmaq olar. Onun tərtibçiliyi və redaktorluğu ilə yaradıcı tələbələrin, Muğan Folklor və Yaradıcılıq Mərkəzi üzvlərinin poetik, elmi və publisitik topluları işıq üzü görmüşdür. Bilal Alarlının nəşr etdirdiyi toplularda Cəlilabad, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakı, Gəncə kimi bölgələrdən olan gənclərin də yaradıcılıq nümunələri yer almışdır. O, istedadlı gənclər haqqında məqalələr yazır, onların şeir və hekayələrinin ədəbi orqanlarda işıq üzü görməsinə nail olmuşdur.
Bu alim şairin poeziya yaradıcılığını ədəbiyyat nəzəriyyəsi baxımından izah etsək, onların sentimental, lakin real metodlara uyğun gəldiyini qeyd edə bilərəm.
Bilal Alarlı - Hüseynov Bilal Hüseynağa oğlu 1958-ci il sentyabrın 8–də Cəlilabad rayonunun Alar kəndində anadan olub. Bakı Dövlət Universitetini (1981), Jurnalist Sənətkarlığı İnstitutunu (1989), ADPU-nun (keçmiş AMİ-nin) Cəlilabad Filialını (2006) bitirib.
Bilal Alarlı ADPU Cəlilabad filialında, eyni zamanda Cəlilabad rayonundakı Alar kənd 3 nömrəli tam orta məktəbdə ixtisasına uyğun olaraq, Azərbaycan dili və Ədəbiyyat fənlərini tədris edir. O, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm” media mükafatı laureatıdır. Bilal Alarlı 2021-ci ildə Azərbaycan Yazıçılar irliyi tərəfindən Prezident təqaüdünə təqdim olunmuşdur. Otuz səkkiz bədii, elmi və publisistk kitabın müəllifidir.
Ədibin sonuncu nəşr olunan şeir kitabı "Son dua” (Elm və təhsil, 2022) adlanır. Kitab xoşuma gəldiyinə görə birnəfəsə oxuyub qurtardım. Kitabda ədibin son illərdə qələmə aldığı şeirlər toplanıb. Həmişə olduğu kimi müxtəlif mövzuda yazılan şeirlər oxucunun diqqətini cəlb etməyə bilmir. Onu da qeyd edim ki, kitabın daha bir özəlliyi ondan ibarətdir ki, burada təqdim olunan rəylərdə Azərbaycanın görkəmli ədəbiyyat simaları Bilal Alarlının şəxsiyyətinə və yaradıcılığına çox dəqiq qiymət veriblər. Oxucu ilk səhifədən kitabı heyranlıqla oxumaya bilmir.
Kitabı oxuduqca müəllifin mənasızlığa, haqsızlığa qarşı etirazının şahidi oluruq. O, insanların başı uca yaşamasını istəyir. Cəmiyyətdə alçalan insanlara üsyan edir:
Alçalmağı sevənlər
alçalmış insanlardı,
yəni alçaqlar...
Ürəyini versən də,
Quyruğu tapdanmış ilan kimi
Dönüb özünü çalacaqlar.
Vüqarı sevməzlər,
çünki qüruru sınıb,
qeyrəti tapdanıb onların.
Kim bilir,
bəlkə də nə vaxtsa
zəhməti tapdanıb,
şöhrəti tapdanıb onların.
Və tüpürüblər üzünə...
Kimisə gözdən salanda
toxdaqlıq verir
özünə.
Şair həyatda olduğu kimi görünməyi daha üstün tutur, "böyüklük” iddiasına düşənləri xoşlamır. İnsanlarda sadəliyi, təvazökarlığı yüksək qiymətləndirir:
Danışanda hamı özündən yekə görünür,
nədəndi bu böyüklük iddiası bilmirəm.
Mən özüm böyüklükdə oldum həmişə,
Özümdən böyüklərə həsəd aparmıram.
Özümdən kiçiklərə
yuxarıdan aşağı baxıb gülmürəm.
Nə yaxşı ki, az da olsa,
olduğu kimi görünənlər var hələ.
Kitabı varaqlayıb şeirləri oxuduqca Bilal Alarlının taleyi ilə qarşılaşdığını zənn edirsən. Amma elə deyil, Bilal Alarlı burada səmimi, ürəyitəmiz, haqsızlığı sevməyən insanların ümumiləşmiş obrazını yaradır:
Bu dünya malında gözüm qalmayıb
Tanrı nə vermişdi töküb gedirəm.
Məni ki, sevmədi sevdiklərim də,
Bağrımın başını söküb gedirəm.
Yanıram, kül qalır, qor, köz olmuram,
Ha başı dik tutum, dümdüz olmuram.
Söz güləşdirmirəm, üz-göz olmuram,
Abrı ətəyimə büküb gedirəm.
Vətənin ağır günlərində şairin qəlbi dözmür, əsgər yaşının keçməsinə baxmayaraq, döyüşə getmək istəyir. Ölməyə yox, öldürməyə can atır. Vətən sevgisi şairi bir an belə rahat buraxmır:
Vətən yolunda
ölüm-dirim mübarizəsindən
keçməyə gedirəm!
Mən tabutda qayıtmayacağam,
ölməyəcəyəm,
öldürüb gələcəyəm.
Düşmənə həddini
bildirib gələcəyəm.
İnsanların gələcək talelərini həmişə onların xarakterləri müəyyən edir. Buna görə də hər bir insan öncə öz xarakterini saflaşdırmalı, ətraf mühitlə şəffaf münasibət saxlanmalıdır. Müəllifin “Hər kəsin xarakteri onun taleyidir” fikri nə qədər müdrik səslənir:
Özündən
Öz xarakterindən çıx,
Çıx, hamı ol.
Haraya üz tutsan
Səni özünə aparır,
Getdiyin yol.
Hər kəsin xarakteri
Onun taleyidir,
bunu bil.
Hamı üçün yaşayan
Özü üçün yaşayan deyil.
Bəzən elə olur ki, şair çoxlu bilik qazanmağın əleyhinə çıxır. Geniş dünyagörüşə malik olmağın başa bəla gətirdiyini vurğulayır:
Yaxşı ki, nələr baş verdiyini
yaxşı bilmirik.
Yaxşı ki, bildiklərimizə görə
dara çəkilmirik.
Çox bilənin başı,
çox ağrıyar, deyirlər.
Başını ağrıtmayanlar
nələr baş verdiyini
bilmək istəmirlər,
sadəcə, yaxşı yaşamaq istəyirlər.
Bilal Alarlı humanist, səmimi, dostluqda etibarlı, bir sözlə, əsl ədəbiyyat adamıdır. Onun şəxsiyyətini əks etdirən şeir və hekayələrini çox oxumuşam, amma "Son dua” şeiri qədər onun daxili aləminin incilərini güzgü kimi göstərən ikinci bir şeir tapmaq çətindir. Hiss edirəm ki, Allah sevgisi onun həyat yoludur:
Ulu Tanrı, mərhəmətinə sığınıram,
Səndən
mənə verdiklərindən özgə
heç nə istəmirəm.
Hüzurunda çox səhvə yol vermişəm,
günahımdan keçmə, istəmirəm.
Nə var həvəskarıyam,
nə dövlət,
İştahım da həddini aşmır.
Bu dünyanın malına-mülkünə boyun əymək
mənə yaraşmır.
ömür də yaşamaq keçmir ürəyimdən,
Razıyam "kasıb” süfrəmdən,
süfrəmi bəzəyən duzumdan-çörəyimdən...
Gəlib çıxdım mövzumun sonuna. Müəllifə sözümün yekunu olaraq nə demək istəyirəm? Şair dostum Bilal Alarlı, yaşın altımış beşi haqlasa da, çox cavan və gümrah görünürsən. Odur ki, son duadan danışmağın hələ çox tezdir, daha doğrusu, əbəsdir.
Yeni nikbin ruhlu şeirlərinin yolunu gözləyirik.
Cəlil QURBANOV,
tərcüməçi-filoloq
“SON DUA”DAN YAŞANTILAR
Bilal ALARLI (HÜSEYNOV)
CƏZA
Gəlin, sizə sir açım,
mən qatiləm.
Bir qadının arzularını öldürmüşəm,
ümidlərinə qəsd etmişəm.
Ona olan sevgimi
öz əllərimlə boğub
öz içimdə dəfn eləmişəm,
qəbrini hamıdan gizlətmişəm.
Elə bilməyin ki,
cinayətim cəzasız qalıb.
Vicdanım hakim olub,
fikrimi,
düşüncəmi ömürlük həbsə alıb,
ruhumu zindana salıb.
Məni azad buraxmır
qətlinə fərman verdiyim sevda.
Cəzamı günəgün çəkirəm,
günbəgün çəkirəm
fikir-fikir,
ömrüm dizə çökür,
özümü öldürür
öldürdüyüm sevda.
QAPI
Mən açdım o qapını,
içindəki sirri gördüm.
Ömrüm boyu can atdığım
incini gördüm,
dürrü gördüm.
Gördüm görmədiklərimi,
görmədiklərim məni gördü,
Olduğum kimi görünmədim
olduğu kimi görünməyənlərə.
Gördüm, hər şey hədərdi,
Xöşbəxtlik
mənim açdığım
qapıya qədərdi.
Gördüm, hər şey
və hamı
gəldi-gedərdi.
Nələr, nələr dəydi gözümə
mən açdığım qapıdan o yana!
İlahi,
bağlı qapıların
dalında yatanlar
nə vaxt oyanar?!
Durub qapını örtdüm
üzümə,
Yatan bəxtimi oyatdım,
yuxu gəlmədi gözümə,
gəlmədi ki, gəlmədi...
BAŞAYAQ
Mənim şeirlərim
başayaqdı, deyirsən.
Deyirsən, qapını qoyub,
pəncərə döyürsən.
İrad tutursan ki,
qapısı-pəncərəsi qapanmış
ürəklərə
bacadan girirəm!
Tərs kimi hər şeyi
tərsinə görürəm.
Mən adamların
gözünün içinə baxmıram,
düz deyirsən.
Mənim şeirlərimdən
qan iyi gəlir,
amma sən
başayaq gözləyirsən!
Paralel.az