Professor prezidentinə müraciət edib: "Elmimizi xilas edin!"

Professor prezidentinə müraciət edib:
 

AMEA Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

"Paralel.az" xəbər verir ki, surəti Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, elm və təhsil naziri Emin Əmrullayevə, Mlli Məclisin elmimizin inkişafını istəyən deputatlarına ünvanlanmış müraciətdə qeyd olunur ki, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altındakı ərazilərimizi həm də elmli ölkələrin texniki üstünlüklərinin köməyi ilə azad edib. Bu məsələdə Türkiyə və İsrailin elmi-texniki nailiyyətləri də önəmli rol oynayıb.

Professor yazır ki, elmi yüksək səviyyədə inkişaf etmiş Avropa ölkələri və ABŞ müharibənin əvvəlində Azərbaycanın haqq işinə qarşı çıxsalar da müharibənin sonunda elmin hesabına qalib gələn ölkəmizi dəstəkləyiblər.

Hətta elmi orta səviyyədən aşağı olan İran müharibənin əvvəlində Azərbaycana qarşı olsa da, vaxtlı-vaxtında Ermənistana silah-sursat çatdırsa da, müharibənin sonunda elmin hesabına qalib gələn Azərbaycanı alqışlamağa məcbur olub.

Elmimizin inkişafını və intibahını necə yaradaq?

Qüdrət İsaqov müraciətində daha sonra yazır:

AMEA Azərbaycan təhsilinə və dünya elminə nə verib?

Bu sual həm Sovet imperiyası dönəmi üçün, həm də bu gün aktuallığını saxlayır. AMEA 1945-ci ildə Sovet imperiyası dönəmində yaradılıb. O dövrə qədər də Azərbaycanda elmi-tədqiqat müəssisələri vardı və bu müəssisələr SSRİ Elmlər Akademiyasının tərkibində idilər. O zaman geoloqlarımız Xəzər dənizində böyük neft yataqları kəşf etdilər. Akademik Yusif Məmmədəliyev yüksək oktanlı benzini kəşf etdi. AMEA Fizika İnstitutu akademik Həsən Abdullayevin rəhbərliyi dövründə Sovet İttifaqında Se (Selen) və Te (Tellur) elementləri sahəsində baş müəssisə titulunu qazandı. Fizika İnstitutunun bir çox nəticələri Sovet elminin mühüm nailiyyətləri sırasına daxil edilmişdi. Mənim yarımkeçirici-ifratkeçirici kompozitində tapdığım Cozefson effekti də Sovet elminin mühüm nailiyyətləri siyahısına daxildir. Azərbaycan fiziklərinin elmi işləri həm Sovet imperiyası dönəmində, həm də bu gün dünyanın yüksək impakt faktorlu jurnallarında dərc olunub və olunur.

AMEA həm Sovet imperiyası dönəmində, həm də bu gün Azərbaycan universitetləri üçün yüksək titullu professor-müəllim heyətini yetişdirən bir nəhəng elm ocağıdır.

AMEA cihazlarla yüksək səviyyədə təmin olunurdu

Sovet imperiyası dövründə Fizika, Kimya, Biologiya Astrofizika və s. institutlar istədikləri cihazların hamısını SSRİ büdcəsinin hesabına alırdı. Hər 15-30 gündən bir Fizika İnstitutunun həyətində cihazlarla dolu olan böyük yük maşını dayanırdı. Bu cihazlar verdiyimiz sifarişlər əsasında Moskvadan göndərilirdi. O zamanlar yarımkeçirici materialların hamısını sintez etmək üçün verilən sifarişlər əsasında yüksək təmizlikli metallar, yarımmetallar, yarımkeçiricilər və s. Moskvadan göndərilirdi. AMEA-nın Astrofizika Rəsədxanası Almaniya istehsalı olan və dünyadakı böyük teleskoplardan biri ilə təmin edilmişdi. Yəni Sovet imperiyası dövründə Azərbaycan Elmlər Akademiyasının cihazlarla və kimyəvi elementlərlə təchizatı ən yüksək səviyyədə idi.

Səhv və zərərli ideya

Akademiyalar, universitetlər müxtəlif elm və təhsil sistemlərinin birgə fəaliyyəti əsasında yaradılıb. Akademiyalar dünyada mövcud olan elmlərin bütün institutlarının birgə fəaliyyətini təmin etmək üçün, universitetlər fizika, kimya, biologiya, ədəbiyyat, iqtisadiyyat, geologiya və s. kimi ixtisasların birgə fəaliyyətlərini birləşdirən təhsil sistemlərinin cəmindən əmələ gəlib. Yəni dünyadakı bütün elm və təhsil sistemləri birgə fəaliyyətin nəticələri üzərində qurulub. Ona görə də “Azərbaycan yalnız özünə lazım olan elm sahələri ilə məşğul olmalıdır”,- ideyası səhv və zərərlidir.

Müstəqilliyimiz dövründə Azərbaycan elmi cihazlarla dolu bir dənə də yük maşını görməyib. Yəni institutların cihazlarla təminatı Azərbaycan müstəqil olan gündən indiyədək həm AMEA Fizika İnstitutunda, həm də digər institutlarda sıfır səviyyəsindədir. Azərbaycanda Fizika elminin səviyyəsini yüksəldən kriogen korpusunda olan maye heliumun alınması üçün lazım olan cihaz, istifadə olunmuş heliumun yığılması üçün lazım olan tutum-yəni qazqolder də tamamilə aşılanıb, əvəzində isə müasir cihazlar almaq mümkün olmayıb.

Elmi alimlərlə birgə hökmdarlar yaradıblar

Marağa rəsədxanası dünya elminin korifeylərindən Məhəmməd Nəsirəddin Tusinin xahişi ilə Çingiz xanın nəvələrindən biri - Hulaku xanın verdiyi icazələrlə, kisələrlə qızılın hesabına yarandı.

Rus elmini - yəni Rusiya Elmlər Akademiyasını 1-ci Pyotr Avropa(Almaniya) alilməri ilə birlikdə yaratdı.

Uluqbəy Rəsədxanasını Teymurləngin nəvəsi Uluqbəy xan yaratdı.

Pakistan elmini (Pakistanın atom silahını) Nobel mükafatı laureatı Abdussalamla Pakistan prezidenti yaratdı.

Sovet imperiyasının böyük elmini və sənayesini İosif Stalin yaratdı.

Türkiyənin yeni elmini Rəcəp Tayyib Ərdoğan və Bayraqdar yaradır.

Hörmətli prezidentimiz İlham Əliyev!

Yuxarıda deyilənləri nəzərə alaraq, bu gün mən Sizdən Azərbaycan Elminin Xilaskarı olmağınızı, yəni elmimizi yenidən yaratmağı xahiş edirəm!

Bu gün bu quyudan və cəngəllikdən çıxmaq üçün yeganə silahımız Sizin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanınızdır. Fərmanınız olduqca əhatəli və istiqamətvericidir. Fərmanın yaxın gələcəkdə səmərəli şəkildə yerinə yetirilməsi üçün ilk növbədə bu gün dünya miqyasında müxtəlif ölkələrin elmə ayırdıqları pulların miqdarını müəyyən edərək, Azərbaycanda elmin inkişafına nə qədər büdcə vəsaitləri ayrıldığına baxmalıyıq.

Sadə hesablamalar göstərir ki, bu gün Azərbaycan elminə bütövlükdə ümumi daxili məhsulun (ÜDM) 0,2 faizi miqdarında vəsait ayrılır. Ümumdaxili məhsulun miqdarı 54,62 milyard dollar olub.

ÜDM-dən elmin inkişafına Azərbaycan qədər (0,2%) pul ayıranlar, Azərbaycandan az pul ayıranlar və pul ayırmayan ölkələr:

Albaniya, ABŞ Virgin Adaları, Anqola, Ermənistan, Banqladeş, Bəhreyn, Benin, Bermud adaları, Boliviya, Bosniya və Herseqovina, Burundi, Qabon, Qambiya, Qana, Qvatemala, Qvineya, Honduras, Qrenlandiya, Zambiya, Zimbabve, İndoneziya, İordaniya, İraq, Qazaxıstan, Kamboca, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Küveyt, Qırğızıstan, Laos, Lesoto, Liviya, Mavritaniya, Madaqaskar, Makao, Malavi, Mərakeş, Monako, Monqolustan, Myanma, Nauru, Nepal, Niger, Nigeriya, Nikaraqua, Oman, Panama, Papua Yeni Qvineya, Paraqvay, Peru, Salvador, Seyşel adaları, Suriya, Sudan, Tacikistan, Trinidad və Tobaqo, Uqanda, Özbəkistan, Filippin, Mərkəzi Afrika Respublikası, Şri Lanka və Yamayka.

ÜDM-dən elmə ayrılan pulların miqdarına görə Azərbaycan keçmiş Sovet respublikaları arasında haradadır?

Azərbaycan(0,2% )

Ermənistandan(0,2%,)

Qazaxıstandan(0,12%)

Özbəkistandan(0,13%)

Qırğızıstandan(0,11%)

Tacikistandan(0,10%) qabaqda

Moldovadan(0,25%)

Gürcüstandan(0,30%)

Ukraynadan(0,47%)

Belarusdan(0,61%)

Latviyadan(0,63%)

Litvadan(0,94%)

Estoniyadan(1,43%)

Rusiyadan(1%) sonrakı yerdədir.

ÜDM-dən elmin inkişafına Azərbaycandan çox pul ayıran ölkələr:

Azərbaycan(0,2%)

Avstraliya(1,87%)

Avstriya(3,17%)

Argentina(0,54%)

Belarusiya(0,61%)

Belçika(2,82%)

Bolqarıstan(0,77%)

Braziliya(1,26)

Böyük Britaniya(1,72%)

Macarıstan(1,55%)

Vyetnam(0,58%)

Almaniya(3,09%)

Honq Konq(0,86%)

Yunanıstan(1,8%)

Gürcüstan(0,30%)

Danimarka(3,06%)

Misir(0,72%)

İsrail(4,95%)

Hindistan(0,65%)

İran(0,95%)

İslandiya(1,15%)

İspaniya(2,03%)

İtaliya(1,40%)

Kanada(1,57%)

Kipr(0,56%)

Çin(2,19%)

Kolumbiya(0,24%)

Kosta Rika(0,43%)

Kuba(0,44%)

Latviya(0,63%)

Litva(0,94%)

Lüksemburq(1,24%)

Makedoniya(0,36%)

Malayziya(1,44%)

Malta(0,57%)

Meksika(0,31%)

Moldova(0,25%)

Hollandiya(2,16%)

Yeni Zelandiya(1,4%)

Norveç(2,07%)

Birləşmiş Ərəb Əmirlikləri(1,30%)

Oman(0,22%)

Pakistan(0,24%)

Polşa(1,21%)

Portuqaliya(1,37%)

Rusiya(1%)

Rumıniya(0,51%)

Serbiya(0,92%)

Sinqapur(1,94%

Slovakiya(0,83%)

Sloveniya(1,94%)

Amerika Birləşmiş Ştatları(2,84%)

Tayland(1,2%)

Türkiyə(1%)

Ukrayna(0,47%)

Uruqvay(0,50%)

Finlandiya(2,77%)

Fransa(2,20%)

Xorvatiya(0,97%)

Monteneqro(0,37%)

Çexiya(1,93%)

Çili(0,37%)

İsveç(3,34%)

Estoniya(1,43%)

Cənubi Afrika(0,85%)

Cənubi Koreya(4,81%)

Yaponiya(3,26%).

Yuxarıdakı ölkələr toplusundan və rəqəmlərdən aşağıdakı nəticələri deyə bilərik:

- Elmin inkişafı üçün ÜDM-dən pul ayırmalarına görə biz özümüzü bundan sonra Azərbaycandan az pul ayıranlarla və ya heç pul ayırmayanlarla müqayisə etməməliyik

- Elmin inkişafına ÜDM-dən pul ayırmalarına görə biz keçmiş Sovet məkanında 1-ci yerdə olmalıyıq

- Elmin inkişafına görə bizdən qat-qat irəlidə olan ölkələrin səviyyəsinə yüksəlmək uğrunda çalışmalıyıq.

ABŞ və Çinin elmdəki gücü

ABŞ-da ÜDM 22 trilyon 996 milyard dollardır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 2,84 faizi qədər, yəni 653 milyard 86 milyon 400000 min dollardır.

Çində ÜDM 17 trilyon 734 milyard dollardır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 2,19 faizi qədər, yəni 388 374 600 000 (388 milyard 374 milyon) dollardır.

Rusiyada ÜDM-in miqdarı 1 trilyon 776 milyarddır. Elmə ayrılan pulun miqdarı ÜDM-in 0,99 faizi qədər, yəni 17 582 400 000 (17 milyard 582 milyon 400 min) dollardır.

Bu rəqəmlərdən görürük ki, ABŞ elmə Çindən 1,68 dəfə, Rusiyadan isə 37 dəfə çox pul ayırır. Çin elmə Rusiyadan 22 dəfə çox pul ayırır.

Böyük Britaniyada ÜDM 3 milyard 187 milyon dollardır. ÜDM-in 1,72 faizi elmə ayrılır. Yəni elmə ayrılan pulun miqdarı 18 529 069 767 (18 milyard 529 milyon 69 min 767) dollardır. ABŞ-ın elmə ayırdığı pul Böyük Britaniyanın elmə ayırdığı puldan 37 dəfə çoxdur.

Almaniyada ÜDM 4 trilyon 223 milyard dollardır. ÜDM-in 3,9 faizi elmə ayrılır. Yəni elmə ayrılan pulun miqdarı 42 230 000 000 dollardır. ABŞ-ın elmə ayırdığı pul Almaniyanın elmə ayırdığı puldan 15,5 dəfə çoxdur.

Cənubi Koreya möcüzəsi

Əhalisi 52 milyon, ÜDM 1 trilyon 799 milyard, elmə ayrılan pulun miqdarı ÜDM-ə görə faizlə bütün dünya ölkələrindən çox olan (4,81%) Cənubi Koreya 86 milyard 531 milyon 900 000 min dollar elmə pul ayırır.

Rusiyanın ərazisi 17 125 191, yəni 17 milyon 125 min 191 km2-dır. Əhalisi 150 milyon nəfər. ÜDM 1 trilyon 776 milyarddır. Elmə ayrılan pul 0,99 faizdir. Yəni 17 milyard 582 milyon 400000 dollardır.

Bu rəqəmlərə görə Cənubi Koreyanın elmə ayırdığı pul Rusiyanın elmə ayırdığı puldan (86milyard 531 milyon 900 000 min dollar)/(17milyard 582milyon 400000 dollar)= 4,9=5 dəfə çoxdur. Ərazisi 100 210 кm² olmaqla Rusiyadan 170 dəfə kiçik, əhalisi 51 744 647 nəfər olmaqla Rusiyadan 3 dəfə azdır. Yeraltı və yerüstü sərvətləri Rusiya ilə müqayisədə sıfıra bərabərdir. Elmin inkişafı üçün ÜDM-dən ayrılan pulun miqdarı 4,81 faiz olmaqla dünyada birinci yerdədir.

Azərbaycanda elmin inkişafına ayrılan pul ÜDM-in 1-1,5 faizi qədər ola bilər. O zaman qüdrətli Azərbaycan yaranacaq!

Azərbaycanda ÜDM 92 milyard 857 milyon manatdır = 54 622 176 470 dollardır, elmə ayrılan pulun miqdarı 0,2 faiz olmaqla 109 244 352 dollar edir.

Estoniyada ÜDM=36.26 milyard dollardır. ÜDM-dən elmə ayrılan pul 1,43 faizdir.

Latviyada ÜDM=38.87 milyard dollardır. ÜDM-dən elmə ayrılan pul 0,63 faizdir.

Litvada ÜDM= 65.5 milyard manatdır. ÜDM-dən elmə ayrılan pul 0,94 faizdir.

Azərbaycandan sonra Estoniya, Latviya, Litvanı ona görə göstərirəm ki, bu 3 respublikanın Azərbaycan qədər nə yeraltı, nə də yerüstü sərvətləri yoxdur. Azərbaycanda ÜDM Estoniyadakı ÜDM-dən 1,5 dəfə, Latviyadakı ÜDM-dən 1,4 dəfə çoxdur. Litvada isə ÜDM Azərbaycandakı ÜDM-dən vur-tut 1,19 dəfə çoxdur.

Azərbaycan, Estoniya, Latviya və Litvanın müqayisəsinə görə inamla deyə bilərik: Azərbaycanda ÜDM-in elmə ayrılan hissəsini gələn ilin büdcəsində 1-1,5 faiz yüksəltmək olar!

Əlavə olaraq Azərbaycandan 2 dəfə az ÜDM (25 milyard) istehsal edən və elmin inkişafına 2,03 faiz ayıran İslandiyanı, Azərbaycandakı ÜDM-ə yaxın, yəni 63 milyard 0.92 faiz pul ayıran Serbiya, Azərbaycandakı ÜDM-ə yaxın məhsul istehsal edən Xorvatiyanın (ÜDM=68 milyard) elmə ayırdığı pulu 0,97 faizi, Azərbaycandakı ÜDM-ə yaxın məhsul istehsal edən Sloveniyanın(61 milyard) elmə ayırdığı 1,94 faiz pulu göstərə bilərik.

Bu rəqəmlərin hamısı bir daha sübut edir ki, ÜDM-dən elmə ayrılan pulun miqdarını Azərbaycanda 1-1,5 faizə yüksəltmək olar.

Alimlərimizin əməkhaqqı ən azı 3 dəfə artırılmalıdır

Bu gün məmurların çoxu alimləri az əməkhaqqı aldıqlarına görə saymırlar. Azərbaycanda AMEA sistemində işləyən elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər universitetlərdə işləyən eyni elmi dərəcəni, eyni elmi adı, eyni vəzifələri daşıyan alimlərdən 1,5-2 dəfə aşağı əməkhaqqı alırlar.

ÜDM-in elmə ayrılan hissəsini 1-1,5 faizə yüksəltməklə AMEA sistemindən Elm və Təhsil Nazirliyinin tərkibinə keçən və AMEA-nın tərkibində qalan institutlarda işləyən insanların əməkhaqqlarını 3 dəfədən çox artırmaqla elmimizin 30 ildən çox müddətdə aşınmış elmi texniki-cihaz bazasını da tamamilə bərpa edə bilərik.

Hədəfimiz isə ÜDM-dən (482 milyard) elmin inkişafına 4,95 faiz pul ayıran İsrail və ÜDM-dən (1 trilyon 799 milyard) elmin inkişafına 4,81 faiz pul ayıran Cənubi Koreya olmalıdır.

İsrail və Cənubi Koreya ilə daha yaxın olmalıyıq

Biz ərazisi 20770 km2 - yəni Azərbaycandan 4 dəfə kiçik, əhalisi 9 milyon, təxminən Azərbaycanın əhalisi qədər olan və dünya elminin yönləndirilməsində əsas söz sahibi olan yaxın dostumuz İsraillə daha yaxın dost olmalıyıq və öyrənməliyik ki, İsrail ÜDM-in 4,95 faizini necə elmə ayıra bilir.

Biz ərazisi 100200 km2 - yəni Azərbaycan ərazisinə yaxın olan, əhalisi 52 milyon, Azərbaycandan 5 dəfə çox olan Cənubi Koreya ilə çox yaxın dost olmalıyıq və öyrənməliyik ki, Cənubi Koreya ÜDM-in 4,81 faizini elmə necə ayıra bilir.

İsraildə ÜDM 482 milyard dollardır. ÜDM-dən elmə ayrılan pulun faizlə miqdarı 4,95 faizdir.

Yəni İsrailin ÜDM-dən elmə ayırdığı pulun miqdarı 23 859 000 000 dollardır. Buradan deyə bilərik ki, İsrailin elmə ayırdığı pulun miqdarı Azərbaycanın elmə ayırdığı pulun miqdarından 23859000000/109244352=218 dəfə çoxdur.

Cənubi Koreyanın elmə ayırdığı pulun miqdarı 86 milyard 531 milyon 900 000 min dollardır. Azərbaycanın eımə ayırdığı pulun miqdarı 109 244 352 dollardır. Buradan görə bilərik ki, Cənubi Koreyanın elmə ayırdığı pulun miqdarı Azərbaycanın elmə ayırdığı pulun miqdarından 86531900000/109244352=792 dəfə çoxdur.

Cənab prezident!

1. Sizdən xahiş edirəm ki, Azərbaycan elminin xilaskarı olasınız.

2. Sizdən xahiş edirəm ki, ÜDM-in 1-1,5 faizinin Azərbaycan elminin inkişafına yönəldilməsi üçün göstəriş verəsiniz.

3. Sizdən xahiş edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində alimlərin bütün məmurlardan daha çox əməkhaqqı aldıqlarını nəzərə alaraq alimlərin əməkhaqlarının 3-4 dəfə yüksəldilməsi haqqında Fərman verəsiniz.

4. Sizdən xahiş edirəm ki, elmi-tədqiqat institutlarının hamısının müasir cihazlarla təmin olunması haqqında Sərəncam verəsiniz.

5. Sizdən xahiş edirəm ki, alimlərin mənzil şraitinin yaxşılaşdırılması üçün Sərəncam verəsiniz.

6. 44 günlük qələbələr dövründə bütün dünya gördü ki, Siz böyük sərkərdə və böyük dövlət başçısı olmaqla yanaşı həm də siyasətin böyük alimisiniz. Ona görə Azərbaycanda elmə və alimə hörmət mühiti bərqərar olmalıdır”.



Qüdrət İSAQOV

Fizika-riyaziyyat elmləri doktoru, professor,
AMEA Fizika İnstitutunda Laboratoriya rəhbəri,
Müstəqil Ekspert Qrupunun rəhbəri

P.S-1: Prezident Administrasiyasından və şəxsən Samir Nuriyevdən xahiş edirəm ki, elmimizin xilası və inkişafı naminə yazdığım açıq məktubumu Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya şəxsən təqdim edib, məruzə etsin!

P.S-2:
Təhsil naziri Emin Əmrullayevdən xahiş edirəm ki, elmimizin xilası və inkişafı naminə yazdığım məktubumu diqqətlə oxuyub burada qaldırdığım məsələlərin həllinə yardımçı olmaqla, Azərbaycan prezidenti İlham Əliyevə məruzə etsin.


P.S-3:
Parlamentin spikeri Sahibə Qafarovadan, parlamentin vitse-spikerlərindən, tanıdığım 10-larla deputatlardan, şəxsən tanımadığım, lakin Azərbaycan elminin inkişafını istəyən bütün deputatlardan xahiş edirəm ki, məktubumu diqqətlə oxuyub, büdcə müzakirləri aparılan zaman elmimizin büdcəsinin ÜDM-dən elmə ayrılan pulun 1-1,5 faizə yüksəldilməsi ideyasını müdafiə etməklə Azərbaycan elminin inkişafına, Azərbaycanın qüdrətli dövlət olmasına xidmət etsinlər.

0.019246101379395