Elmə hansı "namü nişan"da gənclər gəlməlidir?
Tədqiqatçı alim Səadət Şıxıyeva:
AMEA-nın bu günü və gələcəyi ilə bağlı narahatlıq, qarışıq, ziddiyyətli düşüncələr bir aydır ki, məni tərk etmir. Bütün iş və elmi həyatını bu quruma bağlayan, yolunda hər məhrumiyyətə dözüb bəzən səbr, bəzən isə hövsələsizliklə illərlə islahatları və obyektiv dəyərləndirməni gözləyən biri kimi bəzi düşüncələrimi bölüşmək istədim.
Son illərin, xüsusilə son bir neçə ayın ən işlək şüarı "Elmə gənclər gəlməlidir" qənaətidir. Təbii ki, gəncliyində öz tay-tuşları, hətta özündən böyüklərə belə bacardığı yardımı edən, illərdir ki, bir azacaq istedad işartısı görüncə onu körükləməyə cəhd edən biri kimi bu düşüncəni dəstəkləyirəm. Amma bu çağırışın özündə də natamamlıq, körtəbiilik var. Elmi bilik, analitik təhlil bacarığı, elmdə özünüifadə və özünütəsdiq təkcə anadangəlmə sezmə qabiliyyəti və ya fitri bir qabiyyətlə ərsəyə gəlmir, həm də illərlə edilən fədakarlıqların nəticəsi kimi toplanır, zahirən bir şəxsin, əslində həmin millətin sərvətinə çevrilir. Çünki həqiqi və nüfuzlu alimin qazandığı hörmət həm də onun mənsub olduğu millətə başucalığı gətirir. Bu mənada bir çox tələb və yanaşmalara baxış tərzi dəyişməlidir. Elmin həqiqi inkişaf yoluna salınması üçün yaşlı və orta nəslin içərisində ciddi alimlərin seçilib-dəyərləndirilməsi, təcrübəsi, uğuru təqdim olunmalıdır. Amma bizdə necədir? - Elmə üz tutan gənclər saxta elmi ad sahiblərinin ən yüksək mərtəbədə qərar tutduğunu, on illərlə eyni şəxsin eyni yarıtmaz fəaliyyətini, bunun müqabilində hər baxımından təmin olunduğunu, özünə obyektlər açıb firəvan dövran sürdüyünü görüncə, əlbəttə, ciddi alimləri özünə örnək almayacaq. Çünki Azərbaycanda ciddi elmlə məşğul olan alimlərin əksəriyyətinin nəsibi maddi məhrumiyyət, karyera yolunun hər vasitə ilə bağlılığı, qrantlar, böyük məbləğli layihələrdən uzaqlıqdır. Təbii ki, bir sıra gənc yaşda olanlar da örnək olaraq, cəfasız səfa sürənləri görüb, psevdoakademik, psevdoörofessor və psevdoalim yolunu tutacaq. Bu qənaətim üçün yetərincə örnək var. Yaşlı, haram yolla varlanmış, əyri yolla mənsəb və elmi adlara yiyələnmişlərə böyük məmnuniyyətlə trolluq, nökərlik və kənizlik edən gənclər də gördüm, təəssüf ki... Məqsəd nədir? - Təki, müzakirə və müdafiədə özlərinə bir dəstək ala bilsinlər... Məşhur filmdəki Zülümov kimi əyilə-əyilə gəzib işini irəlilədən gənclər də var, yenə də təəssüf ki... Ona görə də düşünürəm ki, elmi mühitimizin gənclərlə bağlı problemi ayrı şəkildə qoyulmalıdır: istedadlı. zəhmətkeş və nüfuzlu alimlər attestasiya yolu ilə seçilməli, elmi rəhbərliklər saxta adlara deyil, həqiqi ixtisas sahibi olmağa görə verilməli, nəsillərarası əlaqə sağlam axara salınmalı, gənclərə elmin yolu sağlam düşüncəli şəxslər tərəfindən göstərilməlidir. Yoxsa ki, təkcə yaş faktoruna söykənməklə elmi irəlilətmək olmaz. Elmi rəhbər-mağistr, elmi rəhbər-dissertant, elmi rəhbər (məsləhətçi)-doktorant münasibətləri yenidən qurulmalıdır. Yoxsa ki, yenə də eyni rəhbərlər gənclərin elmi işini böyük məbləğ qarşılığında yazacaq, bunun paraqraflarını digərinə və əksinə satacaq. İşini yazdıran, alim kimi formalaşmanın yollarından bixəbər gəncin də, təbii ki, aldığı adın elmə bir faydası olmayacaq. Ona görə də Azərbaycan elmi mühitində istedadlı, cəmiyyətə faydalı və gərəkli alimlərin biliyi, təcrübəsi əsasında nəsillərarası əlaqə qurulmalı, bu sahədə arzulanan inkişaf yolunda "başımıza əngəl-kələf olan" (Sabir) anti-örnəklər, alaq otları təmizlənməli, elmi mühitimiz dünya elmi mühitinə inteqrasiyaya hazır duruma gətirilməlidir... Bunun yolu isə nəsillərarası qarşıdurma şəraiti deyil...
Paralel.az