50 yaşın mübarək, Bəhram Bağırzadə!

50 yaşın mübarək, Bəhram Bağırzadə!
 

Hər dəfə şəhər uşaqlarına xas olan atmacaları və şirin Bakı ləhcəsində söhbətlərilə ekranda görünəndə, qeyri ixtiyari olaraq yeniyetmə çağlarında, lap elə gənclik illərində məhlədə tez-tez işlətdiyimiz “Qədeş gəldi!” ifadəsi dodaqlarımdan qopur. Necə deyərlər- Qədeş “blatnoy” oğlandu, “stoykasın”ı qoruyub saxlaya bilir...

Deyir ki,- “Məndən kimsə haralı olduğumu soruşanda, belə cavab verirəm:- Mən şəhər uşağıyam. Özümü daxilən bakılı sayıram. Rayonlarda olan qohumlarım buna görə məndən inciyirlər. Onlara izah edə bilmirəm ki, “balkon”da böyüyən adam elə şəhərlidir ki, var. Gözümü açandan Bakını görmüşəm və İçərişəhərdə böyümüşəm. Ata tərəfim Ərdəbildən Saraya köçüb. Anası isə şuşalı olub. Anam Şamaxıdan olub. Hamısı da Bakıda məskunlaşıb.”

Haqqında söhbət açdığım Bəhram Bağırzadə 1972-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 189 saylı məktəbdə başa vurub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini teatr rejissoru ixtisası üzrə bitirib
1991-ci ildən "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu komandasının üzvüdür. 1992-ci ildə ŞHK-nın çempionu, 1995-ci ildə ŞHK-nın Yay kubokunun sahibi və 2000-ci il ŞHK-nın "Əsrin Çempionu" olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir. Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin və eləcə də Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. 20-yə yaxın filmdə, bir çox reklam çarxlarında rol alıb. 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb. 14 sentyabr 2015-ci ildən Azərbaycanın əməkdar artisti fəxri adını daşıyır. 2021-ci ildə ölkə rəhbərinin sərəncamı ilə "Tərəqqi" medlı ilə təltif edilib...

“Mənim Bakım çox gözəldir. Bu şəhərdə keçən ömrümü üç mərhələyə bölərdim: 1972-ci ildən 1990-cı ilə, 1990-cı ildən 2000-ci ilə və 2000-ci ildən bu günə kimi. Ən gözəl vaxtlarım, əlbəttə ki, 70-80-ci illərdə keçib, çünki uşaq, gənc, cavan olmuşam. 1990-cı il isə həyatımın ana xəttində kulminasiya nöqtəsi sayılır. “20 yanvar” hadisələri vaxtı mənim 17 yaşım var idi. Həmin gün elə düşünürdüm ki, hər şey bitib. Sonra təbii ki, həyat davam etdi, amma illərlə əziyyət çəkdik. Şükürlər olsun ki, vəziyyət getdikcə düzəlir.
Müəyyən şeylər var ki, mən onlarla, əfsuslar olsun ki, razılaşmıram. Öz şəhərimi belə vəziyyətdə görmək istəməzdim.”- söyləyir...

Əksər hallarda zahirən adamayovuşmaz və dəyişkən fikirli adam təsiri bağışlasa da, daxilən pak və xeyirxah adamdır. Necə deyərlər, kök olmasına baxmayaraq, daim hərəkətdə olan vücudu cəldliyinə, enli alını ağıllı olduğuna, gur səsisə liderliyinə işarədir. Heç vaxt böyük iddialarla gündəmə gəlmir. Onu azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysun. Çünki həddindən ziyadə zəhmətkeşdir və ən ağır işlərdən belə qorxmur. Ətrafında baş verən prosesləri dəqiqliklə analiz etməyi və düzgün nəticə çıxarmağı ustalıqla bacarır. Yəqin, bu səbəbdəndir ki, daxili intuisiyasından güc alaraq, ədalətli qərarlar verə bilir...

Deyir ki,- “Məni tanıyan üç nəsil var. Biri məni “Əsrin çempionu”, biri “Planet Parni iz Baku”nun üzvü, indiki nəsil isə televizorda “üz qırxan kişi” kimi tanıyır. Bu da fundamental nəticədir. Əvvəl teatrda çıxış et və sonda yeni nəsil səni üz qırxan kişi kimi tanısın. Əvvəl elə bilirdim ki, ətrafımda olan insanlar Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərlərini, Mirzə Ələkbər Sabirin şeirlərini və s. oxuyublar. Sən demə, oxumayıblar və dediklərimi başa düşmürlər. Son vaxtlar mənə lap çətindir. İnsanlar eyni dalğada deyil. Savad sahibi olmaq və düşünmək istəmirlər, ancaq sadə şeylərlə maraqlanırlar. Mən də bunu qəbul edə bilmirəm və yavaş-yavaş sənətdən uzaqlaşıram...”

Komik aktyor olsa da həyatda çox ciddi adamdır. Hər şeydən məmnun olan deyil, qeyri səmimi insanların arasında tez sıxılır, amma bir tərəfdən də sevdiklərinə qarşı nəzakətlidir. Hesab edir ki, yalnız səhnədə zarafat edə bilər. Boş-boş şit zarafat edənləri meymunluq etmiş kimi dəyərləndirir. İnsan nə qədər güclü intellektual zarafat edə bilsə də, real həyatda ciddi olmalıdır, deyir. Evdə sərt qanunları var. Ailəsini çox sevir, övladları ilə nəfəs alır. Rahatlığı öz evində, ocağında tapır...

“İki övladım var- bir qız, bir oğlan. Qızım memarlıq ixtisası üzrə, oğlum isə tibb sahəsində təhsil alıblar. İndi övladlarımın hər ikisi də təhsilini xaricdə davam etdirir. Övladlarımla münasibətim çox yaxşıdır. Babaları, nənələri, valideynləri ziyalı olanda övladlar necə olmalıdır? Savadlı, mütaliə edən gənclərdir. Mən və həyat yoldaşım hər gün kitab oxuyuruq. Uşaqlar da gözlərini açandan evdə kitab oxunduğunu görüblər. Qızım da mənim kimi ağıllı qərar qəbul edə bilir. Lazım gələndə, məndən də məsləhət alır.”- söyləyir...

Bakı ilə əlaqədar arzuları çoxdur. Prezidentin mədəniyyət xadimlərilə görüşündə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılmasını təklif etmişdi. Bu gün arzuladığı heykəl artıq ucaldılıb. İndi də başqa iki təklifi var:

Deyir ki,- “Əvvəllər imkanlı adamlar şəhərdə məscid inşa etdirirdilər. Son illərdə də tikilir, amma hesab edirəm ki, sayı azdır. Ən çox məscid orta əsrlərdə tikilib. Heyifslənirəm ki, “Ağ Şəhər” layihəsində məscid yoxdur. İstərdim ki, gələcəkdə həmin ərazidə layihənin adına uyğun olaraq “Ağ Məscid” inşaa edilsin. Həmin məscid də məhz xanımlar üçün nəzərdə tutulsun.
Daha bir istəyim də odur ki, Şuşada bir meydan yaradılsın, dairə formasasında. Orada xristian, iudaizm və islam dinilə əlaqəli məscid, kilsə və sinaqoq tikilsin. Bu da Şuşanı dünyanın müqəddəs yerlərindən biri kimi tanıtdırsın. Xaricdən də zəvvarlar oraya gəlib, ibadət etsinlər...”

Bəli, dolanışığını yaradacılığı ilə tənzimləyən, özü söylədiyi kimi, nə zavodu, nə obyekti, nə də restoranı olan Bəhram Bağırzadə “stoykasını” qoruyub saxlaya bilən “qədeş”lərdəndir. Necə deyərlər, çörəyini halal yolla- müxtəlif intellektual tədbirlərin keçirilməsilə bağlı hazırladığı layihələrlə, müəyyən məhsulların və yaxud hansısa məkanın reklamları ilə, eləcə də hər hansı bayram tədbirlərinin keçirilməsi üçün yazdığı ssenarilərlə qazanır. Və həmişə də Allaha şükür edir. Qazancından razıdır, çünki böyük iddiaları yoxdur...

Sentyabrın 4-də Bəhram Bağırzadənin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Elman Eldaroğlu

Paralel.az

0.022814035415649