Tarix yazan qəhrəman-  İbrahim   Lələyev

Tarix yazan qəhrəman-  İbrahim   Lələyev
 

 

 

44 günlük haqq  savaşımızda  canını Vətəninə qurban verməklə əbədiyyətə qovuşan İbrahim Həzrətqulu oğlu Lələyevin adı  doğulub boya-başa çatan Masallı rayonunun Hişkədərə kəndində  insanlar tərəfindən fəxrlə çəkilir.  Bu Vətən sevdalısının şərəfli həyat yolu el-obada hamı üçün örnəkdir.   Hişkədərə kəndində  hər an, hər yerdə böyük ehtiramla xatırlanan  İbrahimin  şərəfinə abidə-bulaq kompleksi  ucaldılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərovun, hüquq-mühafizə orqanlarının rəhbərlərin, şəhid ailələrinin, qazilərin, kənd sakinlərin, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələrin, jurnalistlərin iştirakı ilə onun açılışı oldu.

Mərasimdə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı  çıxış etdi:-  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi qələbə qazandı. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimiz qanları, canları bahasına Vətən torpaqlarını işğaldan azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.  Çox qürurvericidir ki, onların arasında bu kənddən olan İbrahim  Lələyev də vardır. Onun qəhrəmanlığı haqqında çox danışmaq olar. Şəhidimizin həyatı sönməyib, o, yaşayır, qərinələr boyunca da belə olacaq...

Çıxış edənlər-Milli Məclisin deputatları - professor A. İsgəndərov, M. Məmmədov, gənc istedadlardan T. Zamanlı, E. Günəş, Y. Almaz və başqaları 44 günlük Zəfər yolunda Ordumuzun göstərdiyi qəhrəmanlıqdan söz açdılar, cənnətdəki ad gününü qeyd edilən İbrahim kimi igid Vətən oğulların adları Azərbaycan tarixində daimi qalacağını dedilər. Şəhidin atası  Həzrətqulu Lələyev el-obada ona olunan hörmətə, yüksək qayğı və diqqətə görə razılıq etdi.  Hişkədərə kənd tam orta məktəb şagirdlərinin Vətənə, şəhidlərə həsr etdiyi şerlər tədbirə özgə bir ovqat qatdı. Mərasimin sonunda Hişkədərə kənd qəbiristanlığında şəhid İbrahimin məzarı ziyarət olundu,  üzərinə tər qərənfillər qoyuldu.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Paralel.az

0.010389089584351