Nərimanovlar ailəsinin görkəmli nümayəndəsinin anım günüdür
Bu gün Nəriman Nərimanovun əmisi nəvəsi Nəriman Rüstəm oğlu Nərimanovun anım günüdür.
ADNSU-nun neft-qaz geologiya kafedrasının dosenti, geologiya-minerologiya üzrə elmlər namizədi, 93 məqalə, 18 tezis, 2 dərslik, 9 metodik göstərişin müəllifi, əsl ziyalı, tələbələrinin sevimlisi olan Nəriman müəllim 2021-ci il sentyabrın 1-də vəfat etmişdir.
O, 1940-cı ildə Bakı şəhərində anadan olmuş, 1941-ci ildə isə Nərimanovlar ailəsinin üzvü kimi represiyaya məruz qalmışdır. 1956-cı ildə digər günahsız represiya qurbanları kimi onun ailəsi də reabilitasiya olunmuşdur. 1958-ci ildə Mingəçevir şəhərinin 3 №-li rusdilli orta məktəbini bitirmiş, M.Əzizbəyov adına Neft və Kimya institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, daha sonra “Buxarneftqazkəşfiyyat” trestinə işə göndərilmişdir.
Görkəmli ictimai-siyasi və dövlət xadimi, yaxın qohumu Nəriman Nərimanovun xatirəsinə hörmət əlaməti olaraq aldığı “Nəriman” adını böyük ləyaqətlə daşıyan, bu adı əziyyətli, amma şərəfli bir ömür yolu ilə doğruldan, onu tanıyan hər kəsin məhəbbət, hörmət və iftixarla xatırlayacağı bir insan idi Nəriman müəllim...
Allah rəhmət eləsin!
Paralel.az