Tənqiddən qaçmaqla problemlər həll olunmaz
Dos. İlham Əhmədov
Millət vəkili Fazil Mustafa yeni məqalə yazıb: “Bu müəllimlər bir nəsli məhv edib, 15 il sonra isə..”. Bəri başdan deyim ki, bu maraqlı məqalənin adı onun məzmununu əks etdirmir. Bilmirəm, məqaləyə adı redaksiya verib, yoxsa müəllif özü. Amma məqalədə maraqlı məqamlar var.
Təhsilə dair olan bütün digər məqalələr kimi bu da tənqidi yazıdır, ETN-nə yönəli suallar və təkliflərdən ibarətdir. ETN də yəqin ki, həmişəki kimi suallara cavab verməyəcək, təkliflərə əhəmiyyət verməyəcək. Nazirlik nəinki ekspertlərin, hətta millət vəkillərinin də irad və təkliflərinə reaksiya vermirsə, bu nə iş metodudur belə?
Son zamanlar millət vəkilləri Ceyhun Məmmədovun, Etibar Əliyevin, Vahid Əhmədovun, Əli Məsimlinin, təhsil ekspertlərindən prof. Şahlar Əsgərovun və digərlərinin də təklifləri diqqətdən kənarda qalır.
Bilmək olmur bu sual və təkliflər əhəmiyyətsiz olduğuna görəmi ETN buna diqqət etmir, yoxsa cavab verməyə çətinlik çəkirlər. Əgər çətinlik çəkirlərsə, bunu da bildirmək, müzakirə etmək, aydınlaşdırmaq lazım, gələcəkdə nə vaxt və necə həll ediləcəyi barədə məlumat verməlidir. Nazir E. Əmrullayev dəfələrlə çıxışlarında bildirib ki, problemləri qaldırın, müzakirə edək, həllini tapaq.
Amma hələlik qaldırılan problemlərlə əlaqədar heç bir müzakirə görmürük, eşitmirik. Biz son iki ildə təhsil problemlərinə dair 100-ə yaxın qısa həcmli məqalələr yazmışıq, müxtəlif saytlarda və sosial şəbəkələrdə yayımlanıb. Hər məqalə də bir problemə həsr edilib. ETN tərəfindən reaksiya isə “0”.
Problemi qaldırmaq da bir işdir. Bir məqalə hazırlamaq üçün xeyli vaxt sərf edilir, əlavə materiallara baxılır.
Başqa ölkələrdə belə intellektual xidmətlər ödənişlidir, amma biz milli təhsilin inkişafı naminə bu işləri təmənnasız edirik, amma təkliflərə əhəmiyyət verilmir. Ola bilsin ki, problemləri qaldıran onun həll yolunu da təklif etsin. Bu yaxşı variantdır. Biz qaldırdığımız bütün problemlərin həll yolunu təklif edirik və ya təklif edə bilərik.
Amma qarşı tərəfdə bu problemlərin həllinə heç bir maraq görmürük. Ola da bilsin ki, problemi qaldıran onun həll yolunu bilməsin. Əgər problem varsa, o, etiraf edilirsə, onun həllinin tapılması müvafiq qurumların vəzifəsidir, yəni ETN-nin vəzifəsidir.
Amma ETN nədənsə qaldırılan heç bir problemə münasibət bildirmir. Yəni, problem elə problem olaraq da qalır. Bu yolla təhsil necə inkişaf edə bilər? Onda “təklif verin” müraciətləri nə deməkdir? Bəlkə, düşünürlər ki, təhsildə artıq heç bir problem yoxdur, ya da problemləri görə bilən insanlar yoxdur, ona görə də təkliflər olmayacaq?
Ekspertlərin təklifləri qulaqardına vurulur, heç bir reaksiya olmur. Tənqidin dozası çox olanda, məqalənin dərc edildiyi saytı çökdürülür (Paralel.az saytı kimi), halbuki, bu məqalələrin hər biri monitorinq edilməlidir, təhlil edilməlidir, təkliflər nəzərə alınmalıdır. Artıq 9 ildir nazirlikdə yüksək ixtisaslı kadrların çatışmazlığı aşkar görünür. Son illər nazirlik təhsilin heç bir köklü problemini səsləndirməyib, həll edə bilməyib, əksinə, problemlər artır. Bizə elə gəlir ki, bu təklifləri düzgün təhlil edə bilmirlər, biganəlik də bu səbəbdəndir.
ETN-nin “xüsusi təyinatlı” troll briqadasının olduğunu bilirdik, sosial şəbəkələrdə “fəallıqlarını” hiss edirdik. İndi məlum olur ki, deyəsən, orda xaker briqadası da var. Problemləri görməməzliyə vurmaqla heç nəyə nail olmaq mümkün deyil.
Bu yaxında maraqlı hadisə oldu. Saytlar nazirin məktəb direktorları ilə görüşündə maraqlı fikirlər səsləndirdiyini bidirdilər. Yazılana görə görüşdə nazir təhsildəki ciddi problemləri gündəmə gətirdi.
Nazirin həqiqəti deməsi çox yaxşı hal olardı. Yalanlar seriyası və problemləri etiraf etməmək təhsili illər ərzində çökdürüb. Xüsusən də repetitorluq kimi bəla son 30 ildə təhsilə çox ağır zərbə vurub.
Təhsilin 30 illik belə problemləri təbii ki, bir təkliflə həll edilə bilməz. Təhsilin bütün səviyyələrini əhatə edən Kompleks proqramlar hazırlanmalı və sistemli tətbiq edilməlidir. Bu halda 10 ilə vəziyyət yaxşılaşa bilər. Amma bunu normal maliyyə və daha səriştəli komanda ilə, təkliflərə dəyər verərək reallaşdırmaq mümkün olardı.
Amma ertəsi gün ETN saytların verdiyi məlumatı təkzib etdi. Bütün ölkənin 30 il ərzində hər gün üzləşdiyi, uşaqdan böyüyə hamıya bəlli olan həqiqəti danmaqla, nazirlik nə qazandı? Əksinə, cəmiyyətdə islahatlara olan cüzi inam da itdi. Çünki, repetitorluq problemi həll edilməsə, məktəb dirçələ bilməz. Bu pedaqoji, sosial və iqtisadi problem olub, 2 milyon vətəndaşın maddi və sosial vəziyyətinə mənfi təsir edir.
Biz bu arada, bir məqalədə repetitor problemini az vaxtda həll yolunu təklif etmişdik. Görünür, bu problem nazirliyi narahat etmir, ona görə də reaksiya vermədi. Bu mövzuda millət vəkili Ceyhun Məmmədovun maraqlı yazısı dərc edilmişdi, “Biz məktəbi məktəbə qaytarmalıyıq” adlı. Müəllif Abituriyentlərin ilbəil daha az bal toplanmasından narahatlığını bildirir, yazırdı ki, belə getsə, yaxın gələcəkdə artıq 100 bal da tələbə olmağa kifayət edəcəkdir.
Paradoksal hal yaranır. Bir tərəfdən qəbul imtahanlarında ilbəil plan yerləri artır, digər tərəfdən, ilbəil keçid balı azalır. Yaxın 4-5 ildə plan yerləri 50% artacaq, keçid balı da yəqin azalıb 50 ball olacaq. Belə vəziyyətdə bəlkə heç qəbul imtahanı keçirməyək? Elə attestatla 75 min tələbəni qəbul edək, həm boş yer qalmasın, həm də ilbəil azalan balla özümüzü biyabır etməyək.
Ekspertlərdən prof. Şahlar Əsgərov, prof. Firudin Cəlilov da belə təklifdə bulunmuşdular. Biz hələ 2017-ci ildə bir tele - müsahibəmizdə ("Qəbul imtahanlarında yerlərin 50% boş qala bilər" adlı, youtube kanalında var) bildirmişdik ki, yeni kurikulumla təhsil alan məktəblilərin qəbul imtahanında yığdığı ballar ilbəil azalacaq, hətta qəbul planında 50 % yerlər boş qalacaq. Nazirlik təhsilin səviyyəsini qaldırmaq əvəzinə, boş yer qalmasın deyə, keçid balını davamlı olaraq azaldır.
Digər təklifimiz ölkə məktəblərinin tərəfimizdən təklif edilən metodologiya əsasında arasında reytinq sıralamasının aparılması və məktəb direktorlarının maaşına əlavənin bu əsasda verilməsi ilə əlaqədar idi: “Məktəbdə direktor aparıcı simadır” adlı. Bu faktlar sadəcə nümunələr idi.
Qayıdıram Fazil Mustafanın məqaləsinə. Məqalədəki fikirlər təhsil sistemi üçün maraq doğurur, onları tezis şəklində bir daha təqdim etmək istəyirəm. Düzdür, bu təkliflər də diqqətdən kənarda qalacaq, hər halda, yada salmaq da bir işdir.
1. “Azərbaycanda əsas problem təhsilin fəlsəfəsini anlamamaqdan irəli gəlir. Bizdə təhsilin məqsədi heçkimə bəlli deyil. Təhsil təəssübkeşliyi olsaydı, dərslərsentyabrın 1-dən başlayardı, vaxt itirməzdik. Təhsili “qara dəlikdir”
2. “Bir məmləkətdə ki, 15 gün vaxt itirib dərsə başlayırlarsa, deməli, təhsil pul qazanmaq üçün bir vasitədir. Təhsildən müxtəlif formalarda - məktəbli formasından tutmuş kitaba qədər hamısı öyrətmək, oxumaq üçün yox, pul qazanmaq üçündür.
3. İndi də ortaya sertifikasiyanı atdılar. Guya müəllimin savadını yoxlayılar. Müəllimin pedoqoji təhsili buraxılışdan artıq hazır vəziyyətdə olur. Yoxsa biz illər keçəndən sonra müəllimin savadını yoxlayırıq. Onda deməli, bu müəllim əvvəlki 10-15 il savadsız şagird yetişdirib, bir nəsli məhv edib? (Bəs nazirlik hara baxıb bu 10 ildə?).
4. Təhsilə can yandırmaq məsələsi ayrı bir şeydir. Təəssüf ki, o da bizdə yoxdur. Təhsil bizdə ancaq müəyyən dərəcədə "qara dəlik"dir. Buna bəlli pulların mənimsənilməsi vasitəsi kimi baxılır”.
5. Bu gün təhsilin əsas problemi məktəblinin telefona çox baxması, diqqətinin yayınması deyil: “İndi yüzlərlə problem qabardılır, amma heç birinin düzəlməsi ehtimalı yoxdur. Tədris gecikməsin deyə, bir günü dəyişməyə imkan yoxdursa, başqa nə etmək olar?! Ona görə də ilk növbədə orta məktəbdən başlamalıyıq.
6. Sual budur: necə edək ki, düşünən insan yetişdirək? Bunun üçün isə məktəbdə o mühit yoxdur. Təhsil müəssisəsində demokratik ab-havanın olması mütləqdir ki, insanlar öz düşüncələrini ifadə edə, səmərəli təkliflər verə bilsinlər.
Bunlar yoxdur. Ona görə də məktəbliyə imkan vermək lazımdır ki, heç olmasa, telefondan vacib informasiyaları oxusun. Heç bunu məktəb dərsliyindən də əldə edə bilmirlər. Məncə, burada telefon məsələsi, bəlkə də, ən sonuncudur. Onsuz da dərsdə telefondan istifadə edən uşaq, fasilədə də başqa formada istifadə edəcək. Telefonu da səmərəli istifadə etmək üçün savadlı valideyn lazımdır. Yəni ona izah eləsin ki, bu olar, bu olmaz”.
7. Bu gün Azərbaycanda təhsilin diplom almaqdan başqa hədəfi yoxdur. Bizdə məktəb (bilik əldə etmək) sevgisi çox aşağıdır. Ona görə də, təhsilə münasibətimiz diplom almaqdan o tərəfə, başqa bir hədəf üzərində qurulmayıb.
8. Tez-tez deyirik ki, filankəs filan yerə daxil olub. 2-3 ildən sonra baxın, görək nəticə necədir? Bilik öyrəndimi? Fərdi qaydada bilik öyrənənlərin sayı nə qədərdir? Bu gün insanlar sadəcə, oğlum, qızım oxuyur demək üçün boğazından kəsib repetitora pul ödəyir. Məsələ budur.
9. Sentyabrın 1-i məsələsi anormal qərardır. Biz şəkər xəstəsi olandan sonra diqqət etməyə başlayırıq, qocalandan sonra içkini atırıq. Amma əksinə olmalıdır. Təhsildə də vəziyyət belədir. 15 ildən sonra dönəcəyik ki, dərslərin 15 sentyabrda başlaması səhv qərar idi. Hesab edirəm ki, təhsildə ən böyük islahat 1 sentyabra qayıdış ola bilərdi. Bunu bacarmadılarsa, qalan hamısı gözdən pərdə asmaqdır.
Paralel.az