İdris Abbasov:"Emin Əmrullayev möhür vurdu"

İdris Abbasov:
 

Mətbuat xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmirullayev məktəblərin təhsil vermədiyini və bundan xəbərdar olduğunu deyib: "Məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”. 

Nazir həqiqətləri dilə gətirməklə təhsil böhranını rəsmən möhürləyib və bir növ SOS verib.
Millətin gələcəyini söndürən böhranın səbəbkarları kimlərdir? Cavab: Onlar indi də iş başındadırlar... Tamam. İş başındadırlarsa, lap yaxşı. Araşdırma, təhqiqat başlansın!
Bəs bu nazirlik indiyədək nə iş görürmüş? Dövlətdən pul mənimsəməkmi? Nazirliyin nə qədər işçisi var?! Saysız-hesabsız! Onların ən məsullarının, qabaqda gedib lovğalananlarının mülkləri, oğurluqları araşdırılsın! Mülk oğrusundan, alverçidən təhsilin, ya millətin qeydinə qalan çıxar? Rüşvətxordan, korrupsionerdən millətin sabahını düşünən olar?
Qoy məsələni DTX araşdırsın. 20-30 il ərzində Təhsil Nazirliyinin Aparatında məsul şəxslərin vaxtilə məşğul olduqları fəaliyyətlərini və indilərini araşdırsınlar. İnanın ki, millətin anasını ağlada-ağlada gedirlər.
Deməli, belə çıxır ki, təhsil nazirliyi millətə yox, dövlətə yox, təhsilə yox, birbaşa şəxsi maraqlara, ciblərinə xidmət edib. Məsələn, 10-15 il, ya 20-25 il bundan əvvəl həm nazirlik daxilində, həm də rayon şöbələrində, nazir, nazir müavinləri, aparat rəhbərləri, rəngarəng şöbələ müdirləri, təlimatçılar, mütəxəssislər və s. nə işlə məşğul olublar? Təhsilin başını buraxıb ciblərini doldurmaqla, özlərinə və əqrabalarına yeni-yeni karyeralar qurmaqlamı, məktəblərdə şagirdləri və valideynləri soymaqlamı? Bəs dövlətdən niyə əlavə maaşlar alırlar? Vurduqları ziyana görə?
Bizə yuxu kimi gəlsə də, məsələ çox ciddidir! Araşdırsanız, görəcəksiniz ki, təhsilin qətlinə fərman vermiş keçmiş nazir, nazir müavini, aparat rəhbəri, "qaz vurub qazan dolduran" şöbə müdirləri hazırda yenə də öz amplualarında, rektor, direktor, kafedra müdiri, dekan, ya da digər xəlvətcil vəzifələrdə tüfeyli həyatlarını sürürlər, təhsildən oğurladıqları milyonların hesabına hətta reklam da olunurlar.
Təhsili bərbad günə qoyub məsuliyyətdən yayınanlar, sabahımızı puç edənlər cəzasız qalıb həyasızlaşdıqca millətin gələcəyi təhlükədə olacaq.
Bir tərəfdə ərazi bütövlüyü uğrunda can qoymaq, digər tərəfdə öz vəzifələrini yerinə yetirməməmək, xaincəsinə dövləti dağıdıb pul yığmaq!
Ən azı, son 25 ildə təhsili bu günə gətirib çıxarmış məsul şəxslərin fəaliyyəti araşdırılıb qanunla tədbir görülməlidir, əks halda heç bir yaxşı presedent yaranmayacaq.
Misal üçün deyim ki, uzun müddət təhsil naziri olmuş Misir Mərdanov və onun müavinləri, aparat rəhbərləri və digərləri hansı işlərinə görə rektor, direktor və digər mühüm vəzifələrlə təltiflənib özlərini reklam etmək şansı qazanıblar? Millətin balalarını zəlil etmək buna əsas verirmi, yaxud bu əməllər Allaha xoş gedərmi? Dünyəvi cəzanı hökmdar verir. Bu cəzanı haqqı ilə verən hökmdarın Allah dərgahında özəl yeri vardır.
İndiki nazir niyə həqiqətləri etiraf edir? Çünki fəaliyyətinə arxayındır, görünür, məşhur və "bacarıqlı" sələfi kimi rüşvət almır, rüşvət vermir, fırıldaqlarla arası yoxdur. Bataqlığı görüb dəhşətə gəlir. Nə qədər əlləşirsə, illərdən bəri korrupsiya bataqlığına salınmış təhsil sistemini girdabdan çıxara bilmir ki, bilmir...
Əslində, E.Əmrullayev fəlakətin ciddiliyini dərk edir və həyəcan siqnalı verir, fəryad qoparır, milləti uçuruma aparan faciədən çıxış yolları axtarır, kömək istəyir. Fəlakətin müəllifləri özlərindən razı halda hadisləri seyr edib gənc naziri "bacarıqsızlıq"da günahlandır və savadsız yetişdirdikləri ictimaiyyəti buna inandıracaqlarına əmin dirlər.
Əsl düşmənlər öz içimizdə çətə qurub "Azərbaycana xidmət etmiş sədaqətli vətəndaşlar" kimi işlərini görür, mənfur missiyalarını yerinə yetirirlər.

Paralel.az

0.028861045837402