Kəlbəcər Təhsil Sektorunun müdirinin ƏMLİK QUZU SEVDASI ...
Ulu öndər H. Əliyev təhsilə yüksək qiymət verərək, qeyd edib ki, "Təhsil millətin gələcəyidir".
Amma gənc müəllimin iddiasına görə, hazırda Kəlbəcər Təhsilinin gələcəyi bir baş əmlik quzunu rüşvət verməkdən asılı qalıb. Allah o qoyun-quzunun bərəkətini bol eləsin ki, təhsilimizin gələcəyini quran gənc pedaqoqlar əmlik quzu uman savadsız və tamahgir müdirlərin ümidinə qalmasın.
Allah Rəşad Azaylı kimi gənc müəllimlərimizi təhsilimizə ilk qədəm qoyanları o qoyun-quzuya möhtac olan müdirlərin rəhbərliyi aktında işləməyə mıcbur etməsin.
İndi isə gəlin, keçək o əmlik quzunu Kəlbəcər Təhsilinin müdirinə gətirən mübarək səbəblərə.
Rəşad Azaylı 2021-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək, Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyətə başlayıb. Bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar o, işini buraxıb, Bakı şəhərinə köçməli olub. Bakı şəhərində olduğu vaxt Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbin direktoru Tapdıq Nəsibov ona zəng edib bildirir ki, ya işə gəlməlisən, ya da əmək haqqı kartını mənə verməlisən.
Gənc müəllim drektora bildirir ki, əmək haqqı kartı rayon təhsil şöbəsindədir. Bundan sui-istifadə edən məktəb direktoru T. Nəsibov gənc müəllimdən xəbərsiz rayon təhsil şöbəsindən onun əmək haqqı kartını əldə edir. Bir neçə ay keçəndən sonra gənc müəllim xəbər tutur ki, onun adına tazılmış 4 aylıq (aprel, may, iyun, iyul) əmək haqqını məktəb direktoru mənimsəyib.
Təhsildə ilk addımlarını atmağa başlayan R. Azaylı məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil Sektorunun müdiri Namiq Rəcəbovun qəbuluna gedir, onun əmək haqqı kartını ələ keçirib pul mənimsəyən direktoru dayandırmaq üçün kömək istəyib. Sektor müdiri gənc pedaqoqdan problemin həlli üçün bir ədəd əmlik quzu tələb edib. Gənc pedaqoq işinin xatirinə 10-11 kiloluq bir baş əmlik quzunu aparıb Namiq Rəcəbova verir.
R. Azaylı daha sonra Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırov adlı şəxsə müraciət edir. Bu dəfə həmin şəxs R. Azaylıdan 10 ədəd əmlik quzunun pulunu (1200-1300 azn) tələb edir.
Haqlı olaraq, ictimaiyyət arasında kiçik səhvlərin daha böyük səhvlərə yol açdığı deyilir. Amma gənc pedaqoqlara elm aşılamayan təhsilimizi bir ədəd əmlik quzuya qurban verən Namiq Rəcəbovun bu cür kobud səhvləri onun özü ilə bitsəydi, dərd yarı idi, dərdin böyüklüyü odur ki, təhsilimizə rəhbərlik edənlərin ən yüksək zirvəsində oturanların əxlaq və təfəkkür tərzi gənc müəllimdən savadlı pedaqoqluq yox, əmlik quzu qoparmağa xidmət edir...
Maraqlı haldır ki, gənc pedaqoq R. Azaylıdan rüşvət olaraq bir baş əmlik quzu alan Namiq Rəcəbov hələ də Kəlbəcər rayon Təhsil sektorunun müdiri vəzifəsində çalışır və törətdiyi cinayət əməlinə görə, ona gözün üstə qaşın var,- deyən yoxdur
R. Azaylı bütün bu faktlarla bağlı rayonun hüquq mühafizə orqanlarına, Təhsil Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun şikayətini araşdırılmadığını iddia edir.
Məsələ ilə Kəlbəcər rayon 38 nömrəli tam orta məktəbin direktoru Tapdıq Nəsibovla əlaqə saxladıq. Direktor KanalS.az-a açıqlamasında bildirdi ki, gənc müəllimin səsləndirdiyi iddialar tam yalandır: “Hüquq mühafizə orqanlarına mən izahat vermişəm. Həmin şəxs atasından, qardaşından da yazıb. Bundan nə gözləmək olar?!”
Məsələnin ciddiliyini nəzərə alıb, Kəlbəcər rayon Təhsil Sektorunun müdiri Namiq Rəcəbovla əlaqə saxladıq. Sektor müdiri KanalS.az-a Rəşad Azaylının səsləndirdiyi iddialardan məlumatlı olduğunu bildirdi və dedi: “Rəşad Azaylının səsləndirdiyi iddialarda korrupsiya faktları var. Bununla bağlı o, Baş Prokurorluğa da məlumat verib. Məsələ barəsində danışmaq nə sizin işinizdir, nə də mənim verəcəyim açıqlamanın bir əsası yoxdur” – deyə sektor müdiri bildirdi.
Yazıda adı çəkilən Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırovla da əlaqə saxladıq. Fuad Bağırov KanalS.az-a açıqlamasında bildirdi ki, “Təhsil sistemindən başı çıxan hər bir adam bilir ki, daimiləşdirməni Təhsil Nazirliyinin keçirdiyi müsabiqə əsasında aparılır. Müəllimin səsləndiyi iddialar şər-böhtandır.”
Gənc pedoqoqun səsləndirdiyi iddialarla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı.
P. S. Hətta Kəlbəcər rayon təhsil sistemində çox məktəblər var ki, işə gəlmədən maaş alan psixoloqları məktəblərdə görən yoxdur:
1. Bərdə rayon Nəcəfqulubəyli kəndi, 119 nömrəli tam orta məktəbin direktoru İkram Məmmədov psixoloqu axtarsa da, tapa bilmir. Məktəbin psixoloqu Bakı şəhərində yaşasa da, uzun müddətdir maaş alır.
2. Bərdə rayonu Təhlə kəndindəki 120 nömrəli tam orta məktəbin direktor Duman Zeynalov məktəbin psixoloqu, Gəncədə yaşayan Mehriban Qarayevanın məktəbə gəlmədiyi halda maaş almasına “göz yumur”.
3. Mingəçevir şəhər, 114 nömrəli ümumi orta məktəbin psixoloqu Məhəmməd Quliyev də Gəncə şəhərində yaşayır və işə getmədiyi iddia edilir.
4. Tərtər rayon Şıxarx kəndi 127 nömrəli orta məktəbin direktoru Yaşar Məmmədov psixoloq Cəbrayılov Arazı “yola verir”, psixoloq Gəncədə yaşayır, işə gəlmir deyə onu görən yoxdur.
5. Bərdə rayon Lənbərən kəndi, 39 nömrəli tam orta məktəbin direktoru Məmmədov Əfqanın da psixoloqu Bakıda yaşayır, direktor sinif müəllimi olduğuna görə, direktor Bakı şəhərində yaşayan və ilboyu dərsə gəlmədən maaş alan, paytaxtda yaşayan psixoloqa da söz deyə bilmir.
Sözün əsl mənasında bu rayonun təhsilinə “təmir“ lazımdır, özü də rus demiş “kapitalnı”. Bəli, elə peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi…
"Təhsil Qanunu"nda və Rayon Təhsil Şektorunun Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu tələblərin hec birini təmin etməyən, yalniz ixtisas kursu keçmiş birinin necə Rayon Təhsil Sektoruna müdür vəzifənə təyin oluna bilər, çox maraqlıdır?!
Görəsən,Təhsil nazirliyi pedaqoji təhsili və təcrübəsi olmayan başqa ixtisas sahibini məktəb direktoru vəzifəsinə hansı əsasla təyin edib?! Məktəbə direktor təyin olunan şəxs inşaat mühəndisidirsə, bu şəxs ali təhsilli pedaqoqlara necə rəhbərlik edəcək!? Təhsil Nazirliyi kadr islahatını bu cür yarltmaz şəkildə aparırsa, belə təhsildən hansı müsbət nəticəni gözləmək olar?! Belə çıxır ki, hər bir ali təhsilli şəxs ixtisasartirma kursu keçib, istənilən sahədə rəhbər vəzifədə çalışa bilər?!
Kəlbəcər Rayon Təhsil Sektorunun müdiri ixtisasca mühəndisdir, bu belə, bəs, qanunvericiliyin tələbini pozaraq, təhsil şöbəsində çalışan inspektorların pedaqoji stajı niyə 5 ildən azdır?! Təhsil nazirliyi, Regional Təhsil İdarəsi müdirin bu cür qanun pozuntusuna nə üçün, hansı maraq naminə göz yumur?!
Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi təhsildən kənar işlərdən vaxt tapıb, monitorinq aparsa, Kəlbəcər Təhsil Sektorunun qapısına, çox güman ki, bağlayıb, birdəfəlik möhür vurmağa məcbur olar...
Güman edək ki, ölkənin təhsil sisteminə nəzarət edən yüksək dövlət orqanları Kəlbəcər Təhsil Sektorunda baş alıb gedən və yazıda əks olunmuş ciddi nöqsanları törədən sektor müdirinin fəaliyyətində olan qanun pozuntularını diqqətə alacaq və Kəlbəcər məktəblərində tuğyan edən anoloji nöqsanlara “DUR!” deyəcək...
Mənbə: DİA.AZ
Gənc pedaqoq Rəşad Azaylının redaksiyamıza ünvanladığı video müraciəti olduğu təqdim edirik: