Oxu Teymur, qoy səsin...

Oxu Teymur, qoy səsin...
 

Bu gün sizə Teymurdan söhbət açmaq istəyirəm. Əmir Teymurdan yox ha, Azərbaycan vokal sənətinin ustadı Teymur Əmrahdan. Qayğıkeş adamdır. Necə deyərlər, ürəyi o qədər yuxadır ki, son tikəsini belə bölməyə hazırdır. Ömrü boyu heç kimlə mübahisə etməyib. 

İnsanlarla ünsiyyətdə məmnunluq və mədəni münasibətlər əsasında davranır. Hər adamda nəysə bir müsbət cəhət görə bilir. İştirakçısı olduğu rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlir. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. İntellektual və ruhi-mənəvi enerjiyə malikdir. Səliqə-səhmanı çox sevir. Hətta vasvasılıq səviyyəsində təmizkarlığa diqqətlidir, natəmizlikdən diksinir. Evinə kimsə gedərsə gördüklərindən yaxşı mənada, dəhşətə gələr...

Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən görkəmli Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə “Azəristar” layihəsinin vokal müəllimi kimi fəaliyyət göstərib. 1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqalarına həsr olunan tədbirləri sadalamaq olar.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb...

İfa etdiyi əsərləri böyük sənətkarlıqla dinləyiciyə çatdıra bilir. Bu səbəbdən də insanların sevgisini qazanıb. Mahnıları oxuyarkən dinləyiciyə müsbət enerji, məmnunluq, ilahi bir təskinlik ötürə bilir. Onu dinlədikdə insanın ruhu qəribə bir aləmə düşür, həzz alır, rahatlıq tapır. Çünki ürəkdən ifa edir, necə deyərlər, hər dəfə oxuyarkən ürəyinin yağını xərcləyir...

Deyir ki,- “Həyata gəlmişəmsə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanıramsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam.
Atam vəfat edəndən sonra anam mənə baxa bilmədi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadır...”

Onun da öz tələbələri var. İki tələbəsi- Prezident mükafatçısı Amil Həsənov və xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüb. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev və əməkdar artist Sevinc Sarıyevanın adlarını çəkmək olar...

“Artıq 51 yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsə, o insanı məhv edərəm! Sənətimi pisləsələr, lap elə fəxri adımı da əlimdən alsalar məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu dünyada olmasa da, bilirəm ki, o biri dünyada görüşəcəyik və haqq yerini tapacaq.”- söyləyir...

Bəli, haqqında söhbət etdiyim Teymur Əmrahın həqiqətən də Azərbaycan estrada sənətinin inkişafında həm bir müəllim və həm də bir ifaçı kimi özünəməxsus xidmətləri var...

Elman Eldaroğlu

Paralel.az

0.016487121582031