Ruhun şad olsun, Şahmar!

Ruhun şad olsun, Şahmar!
 

Ruhun şad olsun, Şahmar!

Azərbaycan kino, teatr tarixinə adı qızıl hərflərlə yazılan sənətkarlarımızdan biri də Şahmar Ələkbərovdur. Cəmi 48 il yaşasa da yaddaşlarda yuva qurmağı bacardı.
Teatrda ilk rolu Şeksprin "Lope de Veqa" tamaşasında oldu. "Ustalar" tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazana bilmişdi. Kinoda ilk rolu isə yazıçı, rəhmətlik Əhmədağa Qurbanovun (Muğanlı) "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılan “Dağlarda döyüş” filmi ilə başlayıb. Son çəkildiyi film isə “Yük” olub. Filmin premyerasını görməsə də, “Yük” filmi Şahmar Ələkbərovun ssenarisi əsasında baş tutmuşdu. Film Bakı milyonçu Ağa Musa Nağıyevdən bəhs edirdi...

Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi yadda qalıb. Sonra "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Bundan başqa оnlarca televiziya tamaşasında unudulmaz оbrazlar yaradıb. Bir çох filmlərin dublyajında iştirak edib. Xidmətləri bir sıra mükafatlarla dəyərləndirilib, Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb...

Şahmar Ələkbərov əslən Cəbrayıllı olsa da 1943-cü ildə Gəncədə anadan olub. 9 yaşı olanda ailəsi ilə birgə Gəncədən Bakıya köçüb. Hələ Azərbaycan İncəsənət institutunun III kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinostudiyanın nəzdində özünün yaratdığı "Kinо aktyоrluğu" studiyasına dəvət edib. Və bütün ömrü boyu aktyor, ssenarist, rejissor kimi fəaliyyət göstərib.

Bəzən bir igid bir həkim səhlənkarlığının qurbanına çevrilir. Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında diş ağrısı ilə əlaqədar stomatoloqun qəbuluna gedir, burada onun dili zədələnir. Növbəti filmin çəkilişində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Düz yeddi il əzab-əziyyət çəkir. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq vermir. 1992-ci ildə onu Hamburqa aparırlar. Orada ona heç nə deməsələr də, ailəsinə bu xəstəlik qarşısında tibbin aciz olduğunu bildirirlər. Bakıya qayıtdıqdan bir müddət sonra dil xərçəngi xəstəliyindən dünyasını dəyişir...

Sağlığında, xərçəngdən əziyyət çəkdiyi vaxtlarda qızlarının ikisinə də elçi gəlirdi. Fikrini öyrənib ikisini də nişanladı və hər ikisinə eyni gündə toy çaldırıb, köçürdü. İndi anasının adını qoyduğu qızı İzulət Belçikada yaşayır, yoldaşı diplomatdır. Ləman pediatrdı, Bakıda işləyib yaşayır. Həyat yoldaşı Kamilla xanım təqaüddədir, nəvəsinə baxır – Şahmara...

Yaşasaydı avqustun 23-də 79 yaşı tamam olacaqdı. Avqustda doğulmuşdu, avqustda da vəfat etdi. Kim bilir, onun vəfatından sonra Azərbaycan kino, teatr tarixində neçə-neçə obraz ssenari üzərində donub qaldı, canlanmadı...

Bəli, həyat çox qəribədir, böyük bir aktyor, gözəl bir insan bir naşı həkimin səhlənkarlığının qurbanı oldu...
Ruhu şad olsun!

Elman Eldaroğlu

Paralel.az

0.018543004989624