Baş sındırıb çarə tapmaq gərəkdir
Professor İdris Abbasov:
Bəzi sosioloq, ginekoloq, psixoloq, politoloq, hətta filfiloloq və digər -loq-“alimi-danəndələr”, “feyzi-süxənlər” peyda olublar. Sayəsində naseh kimi gündəmə gəldikləri “polkovnik-polovoy qiqant”ın dədəsinə ürəklərində rəhmət oxuya-oxuya əxlaqdan, iffətdən, səmimiyyətdən, ər-arvad münasibətlərindən alimanə tərzdə mömincəsinə bir dəm vururlar ki, gəl, görəsən. Sanki əsl həqiqəti görən gözümüz kor, eşidən qulağımız kar, söyləyən dilimiz lal olsa da, bu əttökən əllaməlik dəmdəməlikləri bizi Aydan arı, sudan duru edib Riyazü-s-Salihində yerləşdirəcək.
Ay -loqlar, -şünaslar, -çılar, -çilər, -çular, -çülər! Deyin, görək, elmi yanaşma ilə cəmiyyətdə illərdir baş verən hansı sosial və mənəvi-psixoloji neqativlərin, əxlaq böhranının ƏSL SƏBƏBİNİ araşdırıb nəticələrini aradan qaldırmağa təşəbbüs etmisiniz? Yoxsa məktəb oxumayan uşaqlar da söyür, yamanlayır, qınayır, amma çarəsini tapa bilmirlər. Əllaməlik nəyi həll edib ki?
Tərtərdə xunxarcasına işgəncə verilib öldürülmüş, zorlanıb ömürlük şikəst edilmiş və buna seyrçi qalmış bir xalqın övladı olmağımızı unutmamalı, özümüzü qınayaraq qeyrətə gəlməli, düz yol tutmalıyıq. Ya faciələri beynimizə soxub bir millət kimi nəticə çıxarmalı, ya da beləcə əxlaqdan danışıb təsəlli tapmalı, başımıza gələnləri seyrü-səmadan bilib yolsuzluğumuza davam etməliyik...
Paralel.az