Günahkar kimdir?
Dosent İlham Əhmədov:
Ölkəmizdə tez-tez yüksək səviyyədə ictimai nəzarətin əhəmiyyəti barədə fikirlər səslənir. ETN də son illər ictimaiyyətə mütəmadi müraciətlər edir ki, bizə ideyalar verin, təhsildə olan problemləri qaldırın.
Mütəxəssislər də bu çağırışlara uyğun olaraq, ümumi işin inkişafı, problemlərin həlli naminə, vaxt itirib, əziyyət çəkib, mövcud problemləri təhlil edir, prosesləri monitorinq edir, sonda öz təkliflərini sosial şəbəkələrdə paylaşır, müxtəlif saytlatda bu təklifləri dərc edirlər.
Son aylar bu səpkili təkliflərin xeyli hissəsi " paralel.az " saytında dərc edilib. Bu ərəfədə paralel.az saytına xaker hücumu oldu. Ola bilər ki, oxucuların çox hissəsi bunu hiss etməyib. Bu xaker hücumu nəticəsində saytda təhsilə dair son bir ayda dərc edilən bir çox tənqidi məqalələr silinib.
Maraqlısı budur ki, saytından silinən məqalələr məhz təhsilə aid idi, özü də tənqidi məqalələr idi. Deyəsən xoruzun quyruğu görünür. Görəsən bu qanuna zidd hərəkətin sifarişçisi və icraçısı kimlərdir? Hansı qurumdur belə qanunlara hörmət etməyən? (saytlara hücum ciddi qanun pozuntusudur, hətta cinayətdir).
Əgər ortalıqda hər hansı hadisə varsa və bu hadisəni törədən tərəf məlum deyilsə, onda belə bir sual qoyula bilər: bu hadisə kimin xeyrinədir? Bu hadisə kimin xeyrinədirsə, ehtimal ki, qanunsuz hərəkəti də o qurum törədib (təşkil edib).
Görünür bu məqalələri sildirən qurum illər ərzində bu məqalələrdə əks edilən, ümumi işin inkişafına yönəli tənqidi fikirlərdən nəticə çıxarmaq əvəzinə, bu iradlara sivil qaydada cavab verə bilmədiyi üçün bu qanunsuz addımı atır. Görünür bu qurumda belə iradlara cavab verə biləcək peşəkarlar yoxdur. Bu səbəbdən də cavab olaraq saytalara xaker hücumu təşkil edilir. Bir-iki məqaləyə sivil qaydada , elmi əsaslarla cavab verə bilməyən, ictimai nəzarəti boğan, problemlər içində batan qurumun təkliflərə belə cavab verməyi təəssüf doğurur. Belə dövlət qurumu xalqa, dövlətə nə verə bilər?
Paralel.az