Fazil Mustafa M.F. Axundzadənin ev muzeyində -FOTO

Fazil Mustafa M.F. Axundzadənin ev muzeyində -FOTO
 

Burası Şəkidə Mirzə Fəthəlinin ev muzeyi. Hamı Xan Sarayına, pitixanaya, karvansaraya, Şəki halvasına axışırdı. Uşaqları alıb bura gəldim. Muzeyin olduqca nəzakətli xanım əməkdaşı təəccübünü gizlətmədi: "Bura nadir hallarda kimsə gəlir. Hamı başqa görməli yerlərə gedir". Ürək acısı ilə: "Bəs siz nə deyirsiniz, bu xalq Mirzə Fəthəliyə doğru gəlsəydi bunca fəlakətlər yaşayardıqmı?" söylədim.
Mənim üçün Şəkidə bir ziyarət yeri, bir ibadət yeri varsa, o da Mirzə Fəthəlinin evidir.O burada doğulub. Biz isə bir millət olaraq onun mürəkkəbqabından doğulmuşuq. O, olmasaydı nə olardı? Biz kimliyi bəlli olmayan, şəxsiyyəti şəkillənməyən cahil bir dinçi kütlə olacaqdıq. O, gözəlim Türk dilini ədəbiyyat dilinə çevirdi, o bizə fəlsəfi düşüncəni öyrətdi. O, bizə xurafatın, cahilliyin, danabaşlığın şərəfsiz üzünü göstərdi. İlk dəfə o bizə öyrətdi ki, baş düşünmək üçündür, yarmaq üçün, pir daşına, qəbir daşına sürtmək üçün deyil. Biz "Mirzə Fəthəliyə doğru, geri" qayıtmadıqca irəliyə, tərəqqiyə doğru start götürə bilməyəcəyik. O, bizi üfunətli iranlı kimliyindən çıxarmaq üçün həyatını sərf etdi, əslində milli dövlətimizin də yolunu açan məhz Mirzə Fəthəli oldu. Azərbaycan cəmiyyəti rus işğalından sonra maarifçilik hərəkatı ilə tanış oldu. Az sayda da olsa maarifçilərimiz yetişdi. Seyyid Əzim, Zərdabi, Mirzə Cəlil, Sabir, Yusif Vəzir... Ancaq maarifçilikdən aydınlanmaya keçə bilmədiyimizə görə həmişə müasir görünən obrazımızın altında bir cəhalət və xurafat lili bulanıqlığını qoruyacaqdır. Aydınlanmaya mən Arifçilik deyirəm. Azərbaycanda üç böyük Arifçi zühur etdi: Mirzə Fəthəli, Əhməd Ağaoğlu və Hüseyn Cavid. Onlar Maarifçi deyildilər, Arifçiydilər. Onları tanımadıq. Onları öyrənmədik. Onlar düşünməyi öyrətdilər, babalarımız da, bizlər də düşünməmək üçün dirəşdik. İndi də dirəşirik.
Burası görməli yer deyil. Burası düşünməli yerdir. Və Mirzə Fəthəlinin evinin kandarında oturub düşündüm: Bu ev Azərbaycandan niyə görünmür?

Paralel.az

0.023344993591309