"Fərqli modellərdən istifadə etməyimiz məqsədəuyğundur"
“Uşaq bağçalarına direktorların təyini zamanı Finlandiya, Cənubi Koreya və ya Sinqapur modelindən istifadə etməyimiz daha məqsədəuyğundur”.
Paralel.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulovanın uşaq bağçalarına direktorların təyin edilməsi üzrə qiymətləndirmə çərçivəsinin hazırlandığı barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir:
“Bağça müdirlərinin təyin edilməsi üçün tək bilik və bacarıq yetərli deyil. Bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır. Habelə, boşanmış, övladı vəfat etmiş şəxsləri bu vəzifəyə, ümumiyyətlə işə cəlb etmək olmaz. Uşaq bağçalarında bəzən aqressiv halların da şahidi oluruq. Onlar feyskontroldan keçirilməlidirlər. Uşaq bağçalarına müəllimləri yalnız bu prosesdən sonra cəlb etməliyik”.
Həmsöhbətimiz düşünür ki, mərkəzləşdirilmiş test üsulu və müsahibə yolu ilə işə qəbul uşaq bağçalarının kifayət qədər ixtisaslı kadrlarla təmin olunmasına şərait yaradacaq:
“Uşaq bağçalarının 2011-ci ildə Təhsil Nazirliyindən alınaraq icra hakimiyyətlərinin tabeliyinə verilməsi təcrübəsi özünü doğrultmayıb. Geridə qalan zaman göstərdi ki, uşaq bağçalarına direktor və müəllimlərin qəbulunda hər hansı bir müsahibə və şəffaflıq təmin olunmayıb.
Məktəbəqədər Təhsil Haqqında 2016-cı il qanununa görə, uşaq bağçaları və körpələr evində ancaq ali və orta ixtisaslı mütəxəssislər çalışmalıdır. Amma ölkənin 1693 bu tip müəssisəsində çalışan 28 minə yaxın işçinin 40 faizə yaxınının qanunvericilikdə nəzərdə tutulan təhsili yodur.
2021-ci ilin dekabrından uşaq bağçaları yenidən Təhsil Nazirliyinin sərəncamına verildi. Cari ilin avqustundan etibarən uşaq bağçalarına müəllimlərin qəbulu mərkəzləşdirilmiş test vasitəsi və ardınca müsahibə mərhələsilə həyata keçiriləcək.
Müsahibə mərhələsində işə qəbul olunmaq istəyənin şəxsi keyfiyyəti, psixoloji dayanıqlığı və s. yoxlanılacaq. Belə bir addım uşaq bağçalarında kifayət qədər ixtisaslı kadrların işlə təmin olunmasına gətirib çıxara bilər”.