Adım alim, özüm ev dustağı
Dilçi alim Mətanət Tağıyeva yazır:
Ulu Yaradana min şükür olsun ki, bugünə kimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda məndən tələb edilən plan işini onlayn yerinə yetirirəm və halal maaşımı alıram. Bu maaş və əlillik pensiyam ayda bir neçə dəfə iki-üç saat məni küçədə müşayət edən adamın zəhməthaqqını ödəməyə imkan verir. Sosial Xidmətlər Agentliyi də yaradılıb! Əfsuslar ki, həmin agentlikdə eyni zamanda görməyən və eşitməyən adamı gəzdirəcək mütəxəssis yoxdur və gözlənilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strateji səhvi bütün kateqoriyalı əngəllilərə eyni gözlə baxmaqdadır. Düzdür, zəif görənin da, lalın da, axsağın da öd kisəsi eyni üsulla əməliyyat olunur. Nədənsə məmurlar dərk eləmirlər ki, tibbi (re)abilitasiya və sosial inteqrasiya fərqli məfhumlardır. Məsələn, mənə pandus lazım deyil, arabada oturan şəxsə - jest dili, epilepsiyası olana - danışan saat.
Kimsə deyicək ki, I dərəcə gözdən əlillər yaxın qohumlarından birini qulluq edən şəxs kimi rəsmiləşdirirlər. Bəli, mənim də baxanım doğma bacım Əfsanədir. Lakin o, daha bir görməyən bacım Aygünün də rəsmi müşayətçisidir. Sağlam bacımızın şəxsi həyatı da olmalıdır axı. Ailəsi iki bacıya və mərhum xəstə valideynlərə görə dağıldı.
Yay mövsümü yarıya çatdı, biz hələ çimərlik üzü görməmişik. Son aylar Əfsanə Aygünü gözdən əlillərin binasında altı il əvvəl aldığı mənzilə pasport qeydiyyatına salmaq üçün Nərimanov rayon Polis İdarəsi, inzibati məhkəmə və ASAN Xidmət arasında şülküt olanacan gəzdirir. Hələ də xeyri yoxdur. Belə getsə, Kürdəxanıda viranə bağımıza da köçməyəcəyik.
Mənim də hər bir insan kimi sərbəst yerimək haqqım var. Yasamalda xudmani evimin qapısı maşın yoluna açılır. Bacım Aygünün yaşadığı gözdən əlillər binası həndəvərində müvafiq infrastruktur yox. Bağım hasarsız və susuz. ƏƏSMN isə eyni zamanda görməyən və eşitməyən şəxsləri canfəşanlıqla ört-basdır edir.
Daxilimdə isə elm və ali təhsilə sərf edilən illərin təəssüf hissi ilə mömin səbri çarpışır.
Paralel.az