RUSİYA AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
I YAZI
- Dünya yenidən bölüşdürülür, İsveçi, Finlandiyanı sıralarına daxil etməyə hazırlaşan NATO son toplantısına Yaponiyanın, Koreyanın, Yeni Zelandiyanın, Avstraliyanın təmsilçilərini də dəvət etdi, bu dövlətlərə yönəldi, dedi ki, gələcəkdə onlar da NATO-ya üzv olacaq, NATO dünyanın ən böyük hərbi gücünə çevriləcək, ancaq genişlənmə siyasəti burada da dayanmayacaq, NATO Rusiyanı, Çini qəfəsə salacaq.
NATO-nun yekun sənədində Rusiya ən böyük düşmən elan olundu, Çinin adı ilk dəfə bu sənədə daxil edildi;
- Dünya yenidən bölüşdürülərkən Rusiya iddia etdiyi payı siyasi-diplomatik yolla əldə etməyi bacarmadı. Rusiyanın hədəfləri bunlar idi:
a) SSRİ-ni təşkil edən dövlətlərdə ağalığını tam gerçəkləşdirmək;
b) NATO-nun genişlənmə siyasətinin qarşısını almaq;
c) sınırı olan NATO dövlətlərindən Rusiyanın güvənliyinə təhlükə saydığı silahların çıxarılmasına nail olmaq;
Hədəflərini siyasi-diplomatik yolla gerçəkləşdirə bilməyən Rusiya onlardan imtina etmədi, ikinci yolu – savaş yolunu seçdi, Ukraynanı işğal hərəkatına başladı, cəsur Ukrayna xalqının, ordusunun ciddi dirənişi ilə qarşılaşdı, nəzərdə tutduğu planı vaxtında yerinə yetirməyi bacarmadı, savaş uzandı, nəticədə, Rusiyanın hərbi, siyasi, iqtisadi, diplomatik imkanları önəmli ölçüdə azaldı, ağır itkilər davam edir, edəcək;
Avropa Birliyi Rusiyanın zəiflədiyini gördü, vəziyyəti doğru dəyərləndirdi, Rusiyanın təsir məkanı olan bölgələrdə, o sıradan Güney Qafqazda fəaliyyətini artırdı. Bu bölgəyə yerləşmək üçün addımlar atdı, atır, atacaq;
Avropa Birliyi Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirini Brüsseldə görüşdürdü, ciddi qərarlar qəbul olundu:
a) sərhədlərin müəyyən olunması ilə bağlı komissiya yaradıldı, bu komissiyanın ilk iclası keçirildi;
b) Ermənistanın Baş naziri ilk dəfə Qarabağın Azərbaycanın tərkibində olacağını bəyan etdi, Rusiyaya dedi ki, biz kiminsə qurbanlıq qoyunu deyilik;
c) Azərbaycanla Ermənistanın birbaşa danışıqlarının yolu açıldı;
- Rusiya Ukraynada işğal hərəkatı davam edərkən Güney Qafqazda ikinci cəbhənin açılmaqda olduğunu, Güney Qafqazın, o sıradan Qarabağ məsələsinin onun əlindən çıxmaq təhlükəsini gördü, hərəkətə keçdi, xeyirinə olmayan gedişatı dayandırmaq, Avropa Birliyinin fəaliyyətinin önünü kəsmək üçün addımlar atdı;
- Rusiyanın hədəfləri bunlardır:
1) Güney Qafqazda ağalığı davam etsin; 2) Türkiyə, Avropa Birliyi bu bölgəyə yerləşməsin; 3) Azərbaycanın imkanlarından istifadə edərək blokadadan çıxsın; 4) Qarabağ məsələsi Rusiyanın mənafeləri gerçəkləşənədək həll olunmasın;
- Rusiya Avropa Birliyinin Güney Qafqaz siyasətinin qarşısını almaq üçün bu addımları atdı...
Ardı var...