Azərbaycanlı tələbə dünyanın ən yaxşı 50 hakeri arasında yer alıb
“Major League Hacking” (MLH) - Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.
Paralel.az xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var.
ABŞ-nin Kansas Universitetində II kurs tələbəsi olan Firəngiz ən yaxşı 50 arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbiya, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri-Lanka kimi ölkələri təmsil edirlər.
Qeyd edək ki, Firəngiz Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz “HackKU-2021” və “HackKU-2022” müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda “Microsoft” şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kansas Universiteti Kompüter Mühəndisləri Assosiasiyanın prezidenti və “Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.