"Ustadına kəm baxanın gözünə ağ gələr"
Azərbaycanda müəllimə, həm də ustad deyirlər!
Xalqımızın əsrlərcə formalaşdırdığı etik normalar və islam dini- fəlsəfi düşüncəsində bizə aşıladığı ən böyük dəyərlərdən biri müəllimlərimizə, ustadlarımıza göstərdiyimiz ehtiram hissi olub.
Müəllim. Biz çox zaman ustad demişik bu ada. Həm milli düşüncəmizin, həm də dilimizin formalaşmasında ustadlarımızdan çox dərslər almışıq. Ustad valideyn qədər əziz olub bizlərə.
Əli Əleyhisalamın zamanında söyləmiş olduğu bir kəlamını xatırladım. O deyib: "Mənə bir hərf öyrədənin köləsi olaram". Bəli, hədislərimzdə olan bu kəlamları ustadlarımızdan, böyüklərimizdən dinləyə-dinləyə böyü-müşük. Ustad barəsində deyilən, söylənilən çox məsəllər var. "Ustadına kəm baxanın gözlərinə ağ gələr" məsəli də el arasında tez-tez rast gəldiyimiz ifadələrdəndir.
Orta əsrlərdə bilik öyrənmək üçün övladını ustad yanına aparıb, ona əmanət edən valideyin uşağı verərkən simvolik olaraq "əti sənin, sümüyu mənim" deyiblər. O dövrlərdə ilahi esqin sirrinə vaqif olmaq üçün təsəvvüf məktəbində formalaşan mürid, mürşid münasibətlərində də belə olub. Mürid, yəni şagird öz mirşidinə, yəni müəlliminə tabe olub. Onlar ilahi eşqin sirrinə vaqif olmaq üçün qirx gün təkliyə, tənhalığa çəkilər, güclə işıq düşən kiçik bir hücrədə sudan başqa bir şey dadmazdılar. Mürid bu böyük mənəvi məktəbdə bir daha müəllim şərəfinin İlahi ucalığını dərk edərdi.
Bu ustad-şagird örnəklərindən biri də, Taptuq Əmrə İlə Yunus Əmrənin münasibətlərində özünü göstərib. Hər gün müəlliminə meşədən kürəyində odun daşıyan Yunus, ustadının qarşısında saatlarla diz üstə oturaraq, gözünü qırpmadan onun qiymətli kəlamlarından bəhrələnib.
Deyilənlərə görə, bir gün Taptuq Əmrə Yunus Əmrədən soruşur. Yunus, bütün müridlərim mənə çiçək topladığı halda, sən hüzuruma çıçəksiz gəlmisən? Yunus cavab verir. Şeyxim, bu gün sənin hüzuruna gələrkən bütün çiçəkləri səcdədə gördüm. Ona görə onlara qıyıb qopara bilmədim. Əfv edin məni!
Təbiəti, kainatı, bəşəriyyəti sevən türk insanı zamanında ustadı, müəllimi tərəfindən belə tərbiyə edilirdi. Onlar ustadlarını itirdikdən sonra isə onların xatirəsini belə əbədiləşdiridilər.
Men yürürüm yana-yana
Aşk boyadı məni qana
Nə akıləm, nə divanə
Gəl gör aşk neylədi məni
Axar sularım şağlarım
Dərdli cigerim daglarm
Şeyxim anıban aglarım,
gəl gör məni aşk neyledi. ...dəyən Yunus Əmrə öz müəlliminin ölümündən sonra qanli göz yaşları axıdaraq onun ayrılığı ilə heç cür barışa bilmədi.
XI əsrin dahi söz ustadı, dilçı alimi, mənşəcə azərbayçanlı olan Xətib Təbrizinin bu gün Suriya muzeylərindən birini bəzəyən əvəzsiz bir kitabi var. Bu kitabın üz qabığında Xətib Təbrizinin kürəyinin tər izləri var. Deyilənlərə görə, Xətib Təbrizi isti yay günlərində kilometrlərcə yolu sevimli müəlliminin görüşünə çatmaq üçün ağır kitabı kürəyində daşımalı olub. Və kürəyinin tər izi kitaba çıxıb. O həmin tər izidir ki, bu gün quruyaraq kitabın üzərində qalmaqdadır. Bu, sadəcə tər izi deyil, böyük alimin öz müəlliminə və onun biliyinə olan sevgisinin nişanəsidir. Əsrlər keçsə də, bu tər izi müəllim, bilik və kitab sevgisinə şahidlik etməkdəddir.
Müəllim, Allahın bəşəriyyətə nəsib etdiyi böyük nemətdir. Mustafa Kamal Atatürkün dili ilə desək "Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər".
Bu gün bu mövzuya təsadüfən toxunmadım. Qarşıdan yeni tədris ili gəlir. Bir neçə gündən sonra yeni həyəcan, yeni məsuliyyət dövrü başlayır. Bu il neçə-neçə körpə balalarımız ilk zəngin sədaları altında ilk dəfə sinif otaqlarına daxil olacaq. Bu balaca fidanların, nəhayət ailələrindən, böyüklərindən eşitdikləri müqəddəs, sirli- sehirli dünyanı xatırladan məktəblə, bu məktəbin əlində sehirli çubuq tutan pərini xatirladan müəllimələri ilə ilk görüşləri baş tutacaq.
Bunun üçün öncə xüsusi məktəbli geyimi, dərs ləvazimatı və sonda, müəllimə layiq bir dəstə çiçək lazım olacaq. Həmin gün yetişdikdə, ilk sinif müəllimləri isə şagirdlərindən həyatlarında qazana biləcəkləri ən böyük, ən dəyərli hədiyyəni alacaqlar, birincilərin bapbalaca əlləri ilə onlara doğru uzatdıqları ilk gül dəstələrini... Kiçik fidanların ilk müəllimləri ilə tanışlığı bax, belə başlayacaq.
- D. Roman "Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımır"dı. Amma, mənə belə gəlir ki, bu həm şərəfli, həm də olduqca məsuliyyətli bir işdir. Hər şey buradan başlayır. Bütün gələcək peşələrin təməli burada qoyulur. Biz övladlarımızı müəllimlərimizə əmanət edirik. Öz körpə dünyamızda sehrli pəri zənn etdiyimiz müəllimlərimizə. Azərbaycanda müəllimə, həm də ustad deyirlər!
Azərbaycan müəlliminin şərəfi həmişə, hər zaman bütün dəyərlərdən yüksəkdə durub, lakin hərdən onu incidiblər də... Öyrədib, təhsil verdiyi, millətə vəkili seçilən, yüksək vəzifə sahibi olan bəzilərinin naqis əməlləri onun bu statusu qazanmasında rolu olan müəllim inciməsin nə etsin?
Bəzən elə də olur ki, bu naqis şagird cəmiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən, statusundan yararlanaraq öz müəlliminə, ustadına həyat dərsi keçməyə qalxır. Ona şəraitini yaxşılaşdırmaq üçün iş saatlarından sonra necə əlavə pul qazanmağın yollarını öyrətməyə çalışır. Əlbətdə, belələri ustadına kəm baxanlardır. Əsl müəllim onların səviyyəsinə enməz. Əsl Azərbaycan müəllimi hər zaman öz ləyaqətini, şərəfini qoruyub, bütün çətinliklərə baxmayaraq, yenə də qoruyacaq. Müəllimi aşağılamağa cəhd edən naqislərin isə gec-tez gözünə ağ gələcək..
Bu gün müəllimləri əhalinin kasıb təbəqəsinə aid edirlər. Əslində, müəllim kasıb olmamalıdır. Əgər müəllim şagirdlərə bilik verirsə, gənc, yetişməkdə olan nəsli gələcəyə hazırlayırsa o, nəyə görə kasıb olmalıdır?
Bütün dünyada müəllimlər yaşam səviyyəsinə görə, orta təbəqəyə mənsub insanlar hesab olunurlar. Sovetlər dönəmində də müəllim yaxşı-pis orta səviyyədə dolana bilirdi. Azərbaycanda ali təhsil Boloniya sisteminə keçib. Orada konkret yazılıb ki, Boloniya sisteminə keçid edən ölkələrdə müəllimin dərs yükü 350-400 saat olmalı və müəllim 2000-3000 manat əməkhaqqı almalıdır.
Biz bu sistemə keçsək də, nədənsə orada qeyd olunan əməkhaqqı sisteminə keçə bilmirik. Ona görə də müəllim məktəbdə aldığı məvaciblə yaşaya bilməyəcəyini hiss edərək, başqa vasitələrə əl atır. Ya repetitorluqla məşğul olar, ya da işdən sonra gedib müəllim peşəsinə əsla uyğun olmayan işlərlə məşğul olmaq məcburiyyətindədir...
Hələ 2015-ci ildə dövlətimizin başçısı, cənab prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
Bu sərəncama baxmayaraq, hörmətli deputatlarımızdan biri isə təklif edir ki, müəllimlər dolana bilmirlərsə, dərsdən sonra gedib tikintidə işləsinlər. Maraqlıdır ki, bu deputat bir müddət əvvəl deputatların da maaşlarının az olmasından gileylənmişdi, deyəsən artıq hansısa tikintidə özünə əlavə qazanc yeri tapıb ki, müəllimlərə də, bunu təklif edir.
Gəlin dünyada müəllimlərin məvaciblərinin nə qədər olduğu barədə statistikaya diqqət edək.
Bu şərəfli peşəyə dəyər verən ölkələrin içərisində birinci yerdə Lüksemburq durur. Müəllimə dəyər verən bu ölkənin onlara verdiyi əməkhaqqı-stajdan asılı olaraq ildə 50-98 min avro təşkil edir.
Belçika isə ikinci yerdədir. Bu ölkədə müəllimə stajdan asılı olaraq ildə 30- 50 min avro verilir.
Fransa müəllimi - stajdan asılı olaraq ildə 18-58 min avro;
Almaniya müəllimi - stajdan asılı olaraq ildə 35-58 min avro;
Böyük Britaniya müəllimi - ildə orta hesabla 34 min avro;
Türkiyə müəllimi - ildə 12-18 min avro;
Polşa müəllimi - ildə 7-12 min avro;
Slovakiya müəllimi - ildə 7-13 min avro;
Rusiya müəllimi - ildə 7-25 min dollar;
İsrail müəllimi - ildə 15-30 min avro;
Ermənistan müəllimi - ildə 2500 dollar;
Gürcüstan müəllimi - ildə 2500 dollar.
Məncə, bunu uzun-uzadı təhlil etməyin heç bir mənası yoxdur. Çünki, xarici dövlətlərin öz ustadlarına verdikləri dəyər göz qabağındadır.
Son olaraq isə Azərbaycan müəllimlərinə qarşıdan gələn yeni tədris ilində səbr, dözüm və maddi qaygılardan uzaq bir həyat arzulayıram. Çünki, bu günün şagirdi, tələbəsi, sabah bu ölkəni idarə edəcək, onun sükanı arxasına keçəcək. Əgər gələcəyimiz olan bu şagirdlərin, tələbələrin necə tərbiyə olunduqları, necə təhsil aldıqları barədə düşünürüksə, ilk növbədə həm də onların ustadlarının rifahı barədə düşünmək lazımdır. Dərsdən sonra tikintidə çalışan ustadlar, gələcəyimizi formalaşdıra bilməzlər. Bu barədə düşünməyə dəyər, məncə.
Azərbaycan müəllimi, ey ustad, yaşa və yaşat! Unutma ki, Azərbaycan adlı məmləkət sənə əmanətdidir!