Xalq artisti Yaqub Məmmədov haqqında on maraqlı faktı

Xalq artisti Yaqub Məmmədov haqqında on maraqlı faktı
 

"Paralel.az" böyük sənətkar, Xalq artisti Yaqub Məmmədov haqqında on maraqlı faktı təqdim edir.

Yaqub Məmmədov Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi hesab olunur. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.

Məşhur "Mənsuriyyə"nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma özü operatora göz vurub ki, çəkiliş etsinlər. Çəkilişin sonuna qədər o, Qızıl fond üçün oxuduğunu bilməyib.

Sonralar Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək söyləmişdir:

"Yaqubun "Mənsuriyyə"si əsl sənət nümunəsidir".

Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirir ki, Ağa (Seyid Şuşinski) Yaqubu dinlədikdən sonra astaca söyləmişdir: "Çətin ki, analar səndən bir də doğar, Yaqub!".

Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində özünü saxlaya bilməyərək söyləmişdir: "Şüştəri" gərək Yaqub oxuyaydı!.."

Tarzən Vamiq Abdullayev xatirələrində qeyd edir: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun ondan "mən" sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları o qədər də çox olmurdu. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi.

Kamança ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtında onlar mahal-mahal gəzib konsert verir, qazandıqları pulla ailələrini həmin dövrdə aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar.

Yaqub Məmmədov Ağcabədidə pambıq tarlasında suçu işləyərmiş. Suçu işləyə-işləyə muğam da oxuyur, işləyən adamlar əllərini soyudub onu dinləyiblər. Bir gün xəbər ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib həvəslənib gedir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onun kimi oxuyurmuş.

Mədəniyyət evinə gəlir, orda Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Səhnəyə çıxıb Xanın öz yolu ilə bir segah oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcək. Xan isə cavab verir:

"Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin".

Bakıya gələndən sonra xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə, rus dilini bilmədiyi üçün ilk illər Bakıda çox sıxılırmış. Çox sadəlöhv və avam adam olub. Bu səbəbdən də musiqi mühitində onun haqqında xeyli xoşməramlı lətifələr qoşulub.

Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta Nardaranda onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyiblər. Nardaranda sözə və qəzəliyyata çox ciddi fikir veriblər, Yaqub Məmmədov da heç vaxt sözü düz oxuya bilmir, səhvlər edirmiş. Amma buna baxmayaraq onun səsinin gözəlliyi qarşısında etdiyi səhvlərə fikir verilməyib.

Yaqub yeganə xanəndədir ki, muğamın sözlərini səhv oxuya-oxuya Bakı kəndlərində də çox sevilib. Böyük sənətkar 5 iyun 2002-ci ildə 72 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

0.021628856658936