Qurban dəyərlərinin mesajları - III yazı

Qurban dəyərlərinin mesajları - III yazı
 

 

Siracəddin Hacı:

QURBAN ibadəti ilə bağlı ikinci yazımda dedim ki, QURBAN Allaha mənəvi yaxınlığı təmsil edir, kəsilən heyvan, qurban olan – Allaha yaxınlaşan insandır. Qurani-Kərim Qurbanla birgə insanları Allaha yaxınlaşdıran dəyərləri bir-bir saymışdır:
TÖVHİD – dinin əsası Tövhid inancıdır, bütün ilahi KİTABLAR, bütün ELÇİLƏR ölçüsünü Allahın qoyduğu Tövhid inancını təbliğ etmişlər (tövhidin ölçüsünü qoymaq səlahiyyəti ancaq Allaha aiddir). Tövhid Allahla insanın münasibətini tənzimləyir, deyir ki, Allahdan başqa ilah yoxdur, qulluq edilməyə layiq tək varlıq Allahdır, ibadət, itaət, dua yalnız Onadır, Qurban ancaq Onun adına kəsilə bilər. Tövhid insan azadlığının əsasıdır. Allah buyurur ki, ey insan, Mənə təslim ol ki, səni başqa varlıqların köləliyindən xilas edim. Gerçək azadlıq Tövhid inancı ilə mümkündür. Tövhid inancının ziddi şirkdir. Şirk Allaha ortaq qoşmaqdır, Ona aid özəllikləri bir başqa varlığa vermək, Ondan başqasından yardım istəməkdir. Məsələn, məzarda yatandan şəfa, övlad, yardım istəmək, ağacı, daşı, ziyarətgahları, insanları bütləşdirmək, insan qüsursuzdur demək, ölmüş insanı yardıma çağırmaq şirk örnəkləridir. Allah buyurur ki, şirk ən böyük zülmdür, belə ki, şirk insanı kölələşdirir. Bu gün biz müsəlmanlar məzardakıların idarə etdiyi bir topluma çevrilmişik, insanlar məzardakılardan yardım istəmək üçün sıraya düzülüblər.
Nəticə: Tövhid insanı Allaha yaxınlaşdırır, şirk insanı Allahdan uzaqlaşdırır. Allaha mənəvi yaxınlığın nəticəsi azadlıq, Allahdan mənəvi uzaqlığın nəticəsi köləlikdir. Bir insanın Allah təsəvvürü heç yoxdursa, ya da yanlışdırsa, bu o deməkdir ki, köləliyin, əsarətin qapısı açılmışdır.
AXİRƏT İNANCI – bu, dinin ortaya qoyduğu ən önəmli dəyərlərdən biridir. İnsana deyir ki, həyat var, ölüm var, yenidən diriliş, hesab, cənnət və cəhənnəm var, bu dünya fanidir – ölümlüdür, əbədi həyat axirətdədir. İkidünyalı ol, ey insan, hesabını verə biləcəyin ömür yaşa. Axirət inancın olmasa, bu dünya və sənə verilmiş ömür anlamını itirər, axirət olmasa, Allahın insanı yaratmasının, KİTABLAR, ELÇİLƏR göndərməsinin, imtahan etməsinin, xeyir və şərin, əxlaqlı davranışın anlamı qalmaz, gözəl əxlaqın əsası çökər.
Nəticə: axirət inancı insanı Allaha yaxınlaşdırır, axirəti inkar insanı Allahdan uzaqlaşdırır.

SAĞLAM FİTRƏT – fitrət hər varlığın yaradılış özəlliyidir, ilahi yazılımdır, məsələn, almanı armuddan, əriyi gilasdan, o sıradan insanı başqa varlıqlardan seçən fitrətdir. Fitrəti verən Allahdır, ancaq insanın fitrəti pozmaq imkanı var. Əsli – fitrəti pozulmuş bal insanı zəhərlədiyi kimi, mayası çürümüş insan da bəlaya çevrilir. İnsanın fitrəti Tövhidə, ədalətə, imana, xeyirə, mərhəmətə kodlanıb. Yəni gözəl olanı hər kəs sevir. Pis olanı, məsələn, oğurluğu kimsə, hətta ogurlar da sevmir. Günahlar fitrəti pozan şeylərdir. Hər günah fitrətdən uzaqlaşmadır. İnsanın fitrəti pozulanda şeytanlaşmağın yolu açılır. Pozulmuş fitrətin (əslin, mayanın) bərpası mümkündür. Bunun dərmanı xalis tövbədir. Dinin, ilahi KİTABLARIN məqsədi insanın fitrətini qorumaq, pozulmuş fitrəti bərpa etməkdir, ibadətlər imanı, iman fitrəti qoruyur. Fitrətə sədaqət Allaha sədaqətdir, şükürdür, gerçək müsəlman olmaq da budur. Müsəlman ona insan olmaq neməti – fitrəti vermiş Allaha təslim olan insandır.
Nəticə: sağlam FİTRƏT insanı Allaha yaxınlaşdırır, pozulmuş fitrət insanı Allahdan uzaqlaşdırır.
ƏDALƏT – Allahın yaratdığı varlıqları təyinatlarına uyğun yerə qoymaq, hər varlığın haqqını verməkdir. Ədalətin ziddi zülmdür. Zülm bir şeyi ilahi təyinatından uzaqlaşdırmaqdır. Ədalət insanın insanla münasibətinin əsasıdır, ədalət olmasa, sevgi, barış, birgə yaşayış imkansız olar.
Nəticə: Ədalət insanı Allaha yaxınlaşdırır, zülm insanı Allahdan uzaqlaşdırır.
MƏRHƏMƏT – mərhəmət ehtiyacı olanların sıxıntısını həll etmək, hər varlığa Allahın ayəsi kimi baxmaqdır, mərhəmət insana güvən verir, güvən ümidə, ümid cəsarətə, cəsarət əlaqə qurmağa, əlaqə inkişafa səbəb olur, hər doğru əlaqə bir güc qaynağıdır. Mərhəmət qorxunu idarə etməyi öyrədir. Təsadüfi deyildir ki, 114 surəsi olan Qurani-Kərimin Tövbə surəsi istisna olmaqla bütün surələrinin başında bu ayə var: RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ! Bu mərhəmət ayəsi deyir ki, Allaha inanan insan güvəndə olar, qorxulardan qurtular, cəsarətlə hərəkət edər, sən də mərhəmətli ol, ey insan, mərhəmətli olsan, Allaha yaxın olacaqsan. Allah Rəsulu buyurur ki, mərhəmət etməyənə mərhəmət olunmaz.
Nəticə: mərhəmət insanı Alaha yaxınlaşdırır, acımasızlıq insanı Allahdan uzaqlaşdırır.
Ardı var…

Paralel.az

0.021358966827393