"Azəristiliktəchizat" yığılmış zərəri niyə vətəndaşa ödətdirir?
Bəlli olduğu kimi, "Azəristiliktəchizat" ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. Paralel.az dia.az-a istinadla qurumun maliyyə hesabatından xəbər verir.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % artaraq 59,15 milyon manata, balans kapitalı isə 6,7 % azalaraq 130,528 milyon manata enib.
Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.
Məlum şikayətdən anlaşılan isə odur ki, "Azəristiliktəchizat" həmin 100 milyonluq zərərini vətəndaşlardan necə gəldi çıxarmaq fikrinə düşüb. "Azəristiliktəchizat" rəhbərliyi o qədər həvəsə düşüb ki, hətta şəxsi kombi vasitəsilə qızdırılan evlərə də isti su pulu borcu çıxarıb.
Bakı sakini qeyd edir ki, onlara və yaşadırları binanın bütün sakinlərinə astronomik həddə borc kağızı göndərən "Azəristiliktəchizat" rəhbərliyi bununla kifayətlənməyərək vətəndaşı növbəti soyuq aylarda donacaqları ilə hədələyir.
260 manatlıq borc kağızı alan vətəndaş bildirir ki, "Azəristiliktəchizat" yazdığı borc rəqəmini havadan götürdüyündən əsaslandıra bilmir: "Hələ ən az borc yazdıqlarından biri bizik. 400-500 manat borc kağızı alanlar da var"...
Paralel.az