Qurban dəyərlərinin mesajları - II yazı

Qurban dəyərlərinin mesajları - II yazı
 

 

Siracəddin Hacı:

Müsəlmanların iki dini bayramı var. FİTİR BAYRAMI (RAMAZAN BAYRAMI da deyirlər), QURBAN BAYRAMI. Allah insanlığa hidayət rəhbəri, mənəvi xəstəliklərə şəfa, rəhmət, bərəkət olması üçün göndərdiyi Qurani-Kərimi on bir ayın sultanı Ramazan ayında, min aydan daha xeyirli Qədir gecəsində nazil etməyə başladığından müsəlmanlar bir ay oruc tutur, bu yolla ilahi nemətə şükür edirlər. Oruc tutmaq insanın fiziki yönünü zəiflədərək mənəvi yönünü gücləndirir, mədə bir ay ac qalır, ruh qidalanır, heyvani yönün təsiri azalır, ruhi gücün imkanı çoxalır, insan ilahi rəhməti Allaha təslim olduğu ölçüdə duyur, hüzura qovuşur, özünü tərbiyə edir, tövhidi, imanı, xeyiri, barışı, ədaləti, mərhəməti, qardaşlığı, birliyi çoxaldır, ümmət şüurunu yaymağa, azad və şərəfli yaşamaq uğrunda cihada yönəlir.

Ramazan ayının sonunda FİTİR BAYRAMI – FİTRƏT BAYRAMI OLUR. Qurani-Kərim və bu ilahi nemətin nazil olduğu Ramazan ayında tutulan oruc insanı fitrətinə - ilahi yaradılış özəlliyinə bağladığından bayramın adı FİTİR olur. Mesaj budur: Ey insan, fitrətinə - ilahi formatına sadiq, uyğun, bağlı olduğun ölçüdə dəyərli, azad, hüzurlusan. Səni bu fitrətə bağlayan da Qurani-Kərimdir, Onun buyurduğu imandır, əxlaqdır, Onun inşa etdiyi həyat biçimidir.

QURBAN kəsmək işi insanlıqla yaşıddır. İnsanlar tarix boyu fərqli səbəblərlə (niyə baş verdiyini anlamadıqları təbiət hadisələrindən, qeyri-adi varlıqlardan qorunmaq, şükürlərini ifadə etmək, günahlarının yükünü azaltmaq…) qurban kəsmişlər. Qurban edilən varlıqlar da fərqli olmuşdur. Bu sıraya canlı, cansız varlıqları, o sıradan inəyi, sığırı, quzunu, balığı, toyuğu, göyərçini, qumrunu, atı… daxil edə bilərik. Qaynaqlarda insanın qurban kimi kəsilməsinə də örnəklər var…

Allah hz. İbrahimlə QURBANA yeni məzmun verdi, onu fitrətinə qovuşdurdu, yanlış Qurban anlayışını ortadan qaldırdı. Son Elçi gəldi, hz. İbrahimdən sonra təhrif edilmiş QURBAN təsəvvürünü yenidən diriltdi. Belə ki, müşrik ərəblər bütlərin, şəxslərin adına qurban kəsir, deyirdilər ki, bunlar bizi Allaha yaxınlaşdırır. Allah bu qurban kəsmə biçimini yasaqladı, şirk olduğunu buyurdu. Dedi ki, Qurban ancaq Allahın adına kəsilə bilər: “De ki, şübhəsiz, mənim namazım, qurban kəsdiyim heyvanlar, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allaha aiddir – Allah üçündür…” (6/162-163)

Aləmlərə rəhmət olaraq göndərilmiş son elçi hz.Məhəmməd Qurbanla bağlı yanlış olanları düzəltdi, qurbanlar kəsdi, ömrünün sonunadək bu işi fasiləsiz yerinə yetirdi.

“Qurban” sözü “q-r-b” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlər 96 dəfə işlədilmişdir, bu mənaları var: “yaxınlaşmaq”, “təqdim etmək”, “qurban”. “Qurban” sözünün ana mənası yaxınlaşmaqdır, bu məna qurban kəsməyin hədəfini/məqsədini də göstərir: Allaha yaxınlaşmaq (“ət-təqarrub ilallah”). Qeyd edim ki, Allahın mübarək adlarından biri də əl-Qəribdir – O, çox yaxındır, yaxınlıqda sınır tanımayandır, yaxınlıqda tayı-bərabəri olmayandır. Yaxınlıq anlayışında iki məna var: a) maddi/fiziki yaxınlıq – bu maddi olan / uzunluğu, dərinliyi, genişliyi olan varlıqlar üçündür. Belə varlıqların zamanı və məkanı olur. Bu fiziki yaxınlaşma 3 yolla gerçəkləşir: a) əşyalardan biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də eyni anda bir-birinə doğru hərəkət edir; c) arxadakı öndəkindən sürətlə hərəkət edərək ona yaxınlaşır;

İkincisi, MƏNƏVİ YAXINLAŞMA. Allahın varlığı ÖZÜNDƏNDİR, var olmaq üçün bir başqa varlığa möhtac deyil, əzəlidir, əbədidir, ehtiyacsızdır, maddə deyil, tərkiblərdən ibarət deyil, hissəsi, zərrəsi, zamanı, məkanı yoxdur. Bu halda, insanın QURBAN kəsərək Allaha yaxınlaşması maddi/fiziki deyil, mənəvidir. İnsanın Allaha yaxınlaşması onun dəyər qazanmasıdır. Qurbanın da biri maddi, biri də mənəvi olmaqla iki yönü var. Maddi yönü qurbanın ətidir, onu kimlərə versəniz, sizi onlara yaxınlaşdırar. Qurbanın mənəvi yönü imandır – insan Allaha iman etdiyinə görə Onun adına qurban kəsər. Qurbanın mənəvi yönü təqvadır – Allah qarşısında məsuliyyət daşıyan, hər şeyini Ona borclu olduğunu bilən insan qurban kəsər.

QURBANIN ƏTİ SƏNİ EHTİYAC SAHİBİNƏ, İMAN VƏ TƏQVA İSƏ ALLAHA YAXINLAŞDIRAR: “Allaha qurbanların nə ətləri, nə də qanları çatar (gedər), ancaq sizdən Allaha gedən təqvanızdır” (22/37).
QURANİ-KƏRİM insanı Allaha yaxınlaşdıran yol və vasitələri bir-bir saymışdır…
Ardı var…

Paralel.az

0.017253160476685