27 milyon manat hara yoxa çıxıb?
Bəlli olduğu kimi, bu il fevralın 7-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin Nazirlər Kabinetinin tabeliyindən çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi barədə fərman imzalayıb. Qərarın sərnişindaşıma və taksi xidmətlərinin təkmilləşdirilməsi, bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılmasının vacibliyi ilə əlaqədar qəbul edildiyi bildirilib. Prezidentin fərmanında Bakı Nəqliyyat Agentliyinin yenidən formalaşacağı, yeni nizamnamə və əsasnamə hazırlanacağı da vurğulanıb.
Lakin BNA-da baş verən struktur dəyişikliyindən aylar keçsə də, qurumun fəaliyyəti əvvəlki formada qalmaqda davam edir. Yəni BNA əvvəllər sifarişçi olduğu, dəyəri milyon manatlarla ölçülən tenderlərdə kimi qalib edirdisə, yenə də həmin təşkilatlar qalib elan edilir.
Paralel.az qlobal.az-a istinadla xəbər verir ki, BNA cari ilin iyunun 30-da "Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) "Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satınalınması" lotu üzrə sifarişçi olduğu daha bir tenderə yekun vurub. Tenderin məbləği 5.677.250 manat, qalibi isə "Yol Xətt" MMC-dir.
Məlumata görə, "Yol Xətt" MMC Bakı Nəqliyyat Agentliyinə heç də yad olan təşkilat deyil. Belə ki, uzun illərdir BNA-nın sifarişçi olduğu smetası miyonlarla ölçülən tenderlərdə "Yol Xətt" MMC qalib elan edilməkdədir.
Bakı Nəqliyyat Agentliyi ilə "Yol Xətt" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş birliyi hətta Covid-19 pandemiyasının ən sərt dönəmlərində də davam edib.
Son iki ildə Agentliklə "Yol Xətt" MMC arasında imzalanan üç tenderin ümumi məbləği 16 milyon manatdan artıqdır.
Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi "Yol Xətt" MMC ilə 2017-ci ildə ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki, 2018-ci ilin sentyabr ayında isə "Yol Xətt" MMC ilə yol xətlərinin çəkilməsi predmeti üzrə dəyəri 6 245 674 manat olan daha iki müqavilə imzalayıb.
Agentlik ilə "Yol Xətt" MMC arasında imzalanan tenderlərdə ümumi məbləğ 27 milyon manatdan artıqdır.
BNA-nın sifarişçi olduğu 27 milyon manatlıq tenderlərdə qalib elan edilən "Yol Xətt" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan təşkilatın hüquqi ünvanı Binəqədi rayonu, 11-ci dağlıq, 3105-ci məhəllə, qanuni təmsilçisi isə Həsənov Zaur Mail oğludur.
Təkcə Bakı Nəqliyyat Agentliyi ilə 27 milyon manatlıq tender müqaviləsi imzalayan "Yol Xətt" MMC-nin fəaliyyəti haqqında informasiya verən web saytı yoxdur. Şirkət facebook səhifəsində isə sifarişə əsasən yol nişanlarının satışı və quraşdırılmasını həyata keçirdiyini elan edir. "Yol xətt" MMC həmçinin digər paylaşımlarında Dövlət Bayraq Meydanı ətrafında, Xətai rayonunun Zeytun küçəsində və Zəngilan rayonunun Ağalı kəndinin küçələrində rəngləmə işlərini apardığını qeyd edir.
Məlum olduğu kimi, Bakı şəhərinin küçələrinə çəkilən rənglərin tez silinməsi barədə mediada dəfələrlə yazılar dərc edilib. Lakin bu vaxtadək heç bir aidiyyatı qurum yollara vurulan rənglərin nə üçün tez solduğu, silindiyi barədə olan suallara aydınlıq gətirməyib. Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi, yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsi barədə iddialar yaradır. Bakı Nəqliyyat Agentliyi və "Yol Xətt" MMC ictimaiyyətə indiyədək paytaxt yollarına vurulan boyaların markası, tərkibi, keyfiyyət göstəricisi və rənglənən xətlərin ümumi hesabatını təqdim etməyib.
Paralel.az