Qurban dəyərinin mesajları - I yazı

Qurban dəyərinin mesajları - I yazı
 

Siracəddin Hacı:

QURBAN İBADƏTİNİN mesajlarının doğru anlaşılması üçün bu dəyərlərin öyrənilməsinə, həyata daşınmasına, yaşanmasına, tətbiqinə ehtiyac var:
- ALLAH təkdir, varlığı özündəndir, ehtiyacsızdır, əbədidir, hər şeyə qadirdir, hər şeyi görür, bilir, eşidir, ibadətə, itaətə layiq tək ilahdır;
- ALLAHIN dini birdir, bu din tövhid anlayışı üzərində qurulmuşdur – La ilahə illallah – ALLAHDAN BAŞQA İLAH YOXDUR, bircə, tək bir ilah var, o da Allahdır, dinin məqsədi insana yardım etməkdir, din ölçülərini Allahın müəyyən etdiyi həyat biçimidir, Allahın dini yerli deyil, bütün insanlığa aiddir;
- ALLAHIN bütün Rəsulları – Elçiləri eyni soydandırlar, eyni dəyərləri – tövhidi, ədaləti, mərhəməti təbliğ etmişlər, öncəki sonrakını müjdələmişdir, bir Elçi o birisini inkar deyil, təsdiq edər, Allahın elçiləri onlara ibadət edilməsini istəməz, elçilik vəzifəsindən qaçmaz, öz istəkləri ilə mesaj gətirə bilməz, Allahdan gələn bir mesajı gizləməz, Allahın izin vermədiyi bir kimsəyə şəfaət etməz, qiyamətin vaxtını, qeybi, özünə, ya da bir başqasına sabah nə olacağını bilməzlər, sevdiyi, istədiyi kimsəni hidayətə qovuşdurmaq imkanları yoxdur, Allahın halal etdiyini haram, haram etdiyini halal qılmazlar, Allahın Elçiləri bir qövmə deyil, insanlığa göndərilmişlər;
- ALLAHIN insanlığa göstərdiyi örnəklər Elçilərdir;
- Sınırı cızılan – sınırını Allahın müəyyən etdiyi bircə bölgə var, o da Kəbədir, yer üzündəki bütün sınırlar – dövlət sərhədləri sünidir;
- Kəbədəki tək məqam həzrət İbrahimin məqamıdır, Elçilər bu məqamı – tövhid məqamını təmsil edirlər;
- Bütün Elçilərin Məkkə-Kəbə ilə bağı var;
- Bütün Elçilər müsəlmandırlar – Allaha təslim olmuş, Allahın mesajlarını insanlara çatdırmış, Onun buyurduğu kimi yaşamışlar;
- Elçilərin seçimi ancaq Allaha aiddir;
- Elçilərin həyatı və saleh əməlləri bizə öyrədir ki, saleh olmaq imtahanla müəyyən edilir. İmtahanı olmayan Elçi, insan yoxdur, bu dünya imtahan yeridir, imtahan olunmaq işgəncə görmək deyil, özünü kəşf etmək, böyümək, inkişaf üçün maddi, mənəvi çətinliklərdən keçmək-seçməkdir – insan hər an imtahandadır;
- Kəbə toxunulmazdır, insanlığın (müsəlmanların deyil) toplanma mərkəzidir, Kəbə Qurani-Kərimdə insanlıqla tanıdılır, əmin/təhlükəsiz bölgədir, hidayəti-doğru istiqaməti göstərir, insanlıq üçün tikilən ilk evdir, aləmlərə rəhmətdir, insanların hüzur yeridir, dünyanın göbəyi/paytaxtıdır, günlərin, yönlərin sıfır nöqtəsidir, təqvim, zaman, saat ayarı Kəbə ilə müəyyən olunmalıdır (bu gün Londonla müəyyən olunur), ilk, tək qiblədir, bütün Elçilərin qibləsidir, Allahın Elçilərinin qibləsi fərqli ola bilməz, qiblə dəyişsə, həclə bağlı bütün sistem çökər, Allah təkdir, dini birdir, Elçiləri bir soydandır, müəyyən etdiyi qiblə də birdir, bir dinin iki qibləsi olmaz;
- HƏCC ZİYARƏTİ Allahın insanlar üzərindəki haqqıdır – bir yol/imkan tapan həccə getməlidir;
- Həccin hər addımı Allah təkdir mesajı verir, insanı azadlığa çağırır;
- Həzrət İbrahim insanlığa imam/öndər seçilib;
- Allah ona Kəbənin yerini göstərib;
- O, Allahın əmri ilə Kəbəni yenidən inşa edib;
- Allah ona toxunulmaz bölgənin sınırlarını, həccin bütün ölçülərini öyrədib – Nuh tufanından sonra sınırlar itmiş, insanlar onu unutmuşdular;
- Həzrət İbrahim insanları Həccə çağırıb;
- Allah həzrət İbrahimə buyurur ki, Allahın evini/Kəbəni təmiz saxla/tut;
- Allah buyurur ki, İbrahimin dinindən (tövhid) ancaq səfehlər üz döndərər;
- Həzrət İbrahim övladlarına tövhid dininin əsaslarını vəsiyyət edib;
- Həzrət İbrahimin nəvəsi həzrət Yaqub da dinin əsasını – tövhidi övladlarına vəsiyyət edib – Allahın Elçiləri mal-mülk deyil, tövhidi vəsiyyət edər, mesaj budur, ey insanlar, siz də övladlarınıza tövhidi – Allahdan başqa ilah yoxdur ölçüsünü vəsiyyət edin;
- Həzrət İbrahim Allahın dostudur;
- Ailəsi örnək göstərilən iki ailədən biridir – mesajlarla doludur;
- Qurani-Kərimdə “İbrahim milləti” ifadəsi var, “millət” sözü Elçilərdən ancaq həzrət İbrahimə aid edilib. “Millət” sözü ilə “imla” (“yazı”) eyni kökdəndir – toxunulmaz bölgənin sınırları, həccin bütün qanunları həzrət İbrahimə öyrədildiyi üçün – öyrənmə həm də yazma işidir – “İbrahim milləti” anlayışına yer verilmişdir;
- Allaha təslimiyyətin, Ona mənəvi yaxınlığın simvolu olan Qurban ibadətinin mesajları da həzrət İbrahimin ailəsi üzərindən tanıdılmışdır;
- Həcc və Qurban ibadətini – dəyərlərini doğru tanımaq Allahı, tövhidi, imanı, Allaha təslimiyyəti, həzrət İbrahimi, ailəsini, Elçiləri, Qurani-Kərimi, ədaləti, əməyi, azadlığı, məsuliyyəti, mərhəməti, barışı, sərvəti, paylaşmağı, xeyirli, bərəkətli, səbirli insan olmağın şərtlərini, saleh əməlləri, axirəti doğru tanımaqdır;
Ardı var...

Paralel.az

0.026614904403687