Şəhid ailəsindən narazılıq: “Qapılarda qalmışam”...
Gəncə sakini Nərminə Məmmədova məmurlardan şikayətçidir. Paralel.az xəbər verir ki, şikayətçinin oğlu 28 yaşlı Nicat Qasımov İkinci Qarabağ müharibəsində həlak olub. Nicat Qasımovun iki övladı hazırda 5 və 8 yaşındadır. Onun həyat yoldaşı Gülnişan Qasımova ailənin dolanışığı üçün dövlətin Özünəməşğulluq Proqramına qoşulub. Nəticədə ona tikiş maşını və dərzilik üçün əlavə ləvazimatlar verilib. Ancaq Gülnişan Qasımova dərzilik fəaliyyətinə başlamaq üçün yer tapmır. Elə Nərminə Məmmədova da xeyli müddətdir ki, buna görə Gəncə Şəhər İcra Hakimiyyətinə gedib gəlir.
Şikayətçinin sözlərinə görə, onun gəlişindən xəbər tutan baş memar qapını arxadan kilidləyir, ana da kor-peşman geri qayıdır: “Mənə elə İcra Hakimiyyətində deyiblər ki, bu işlərə şəhərin baş memarı baxır. Mən də baş memarın qəbuluna düşə bilmirəm. Köməkçisi deyir ki, gözlə, gedim baxım, otağındadır, ya yox. Sonra da qapını arxadan bağlayırlar, qalıram qapı arxasında”...
Şəhid anası sonuncu dəfə İcra Hakimiyyətinə ötən həftə gedib, ancaq yenə də qapı arxasından qayıdıb. Nərminə Məmmədova İcra Hakimiyyətinə həm də yaşadığı küçənin işıq sisteminin bərpa olunması üçün gedib-gəlir.
Onun söylədiyinə görə, 3 aydan çoxdur ki, yaşadığı Azərbaycan küçəsi zülmətə qərq olub. Küçənin işıqlandırma sistemi sıradan çıxsa da, aidiyyəti qurumlar problemi həll etmirlər. Bu səbəblə də o, İcra Hakimiyyətinin məsələyə müdaxilə etməsini istəyib: “Üç aydır ki, böyük küçənin bir hissəsi işıqsız qalıb, oğurluq, cinayət artıb. Ya qapı arxasında qalıram, ya da deyirlər ki, get, gəlib düzəldəcəklər. Hər dəfə aldadırlar”.
Nərminə Məmmədovanın başına daha bir maraqlı hadisə gəlib. Belə ki, o bu yaxınlarda Gəncədəki “Təzə bazar” deyilən bazarın açılışına dəvət olunub. Bazarın sahibi bir neçə şəhid ailəsinə qayğı məqsədilə ticarət etmələri üçün onlara bazarda yer ayrıldığını elan edib. Hətta Nərminə Məmmədovaya ümumi sahəsi 40 kvadratmetr olan yer də göstərilib. Ancaq sonradan həmin yer ona verilməyib.
Gəncə Şəhər İcra Hakimiyyətindən isə meydan tv-yə bildirilib ki, Nərminə Məmmədova bir neçə dəfə icra başçısının müavininin qəbulunda olub, ona bir neçə yer təklif olunsa da, razılaşmayıb, nəticədə seçimi özünə buraxıblar. Belə ki, təklif ediblər özü yer soraqlasın, İcra Hakimiyyəti imkanları daxilində həmin yerin şəhid ailəsinin istifadəsinə verilməsinə çalışacaq. İşıqla bağlı məsələyə gəlincə isə qurumdan bildirilib ki, qeyd olunan küçənin işıqlandırma sistemində yaranmış problemlə bağlı aidiyyəti qurumlara müraciət olunub.
Paralel.az